Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür

Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür backend

Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər.

Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədi ilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar.

Uzun bir dövr Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənliləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olublar. Sovet dövlətinin qadağaları qardaşın qardaşla görüşməyinə imkan vermirdi. Sovet rejiminin zəifləməyə başladığı 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı.
Qeyd edək ki, 1988-ci ilin əvvəllərində Ermənistanda yaşayan azərbaycanlılara, sözün əsl mənasında, divan tutulurdu. Qışın oğlan çağında ayaqyalın, başıaçıq meşələrə, dağlara qovulan, qar uçqunları altında qalan körpələrimizin, qız-gəlinlərimizin ah-naləsi eşidilmirdi...

...Mərkəzdəki Azərbaycana düşmən qrupların və daxildəki satqınların səyi nəticəsində azərbaycanlıların Qarabağdakı dədə-baba torpaqlarından köçürülməsi də həyata keçirildi, xalq hərəkatı içərisində təfriqə salındı. Nəticədə Azərbaycanın tarixi ərazisi olan Qarabağ itirildi. Bunun ardınca tarixi cinayət – 90-cı ilin Qanlı Yanvar qırğını baş verdi. Rus ordusunun Qorbaçovun başçılığı ilə Bakıda törətdiyi dəhşətli hadisəni bütün dünyaya bəyan etmək üçün Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi. Xarici jurnalistlərin qarşısında Heydər Əliyev SSRİ tarixində ilk dəfə olaraq o dövrki Sov.İKP Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçovu Azərbaycan xalqının qətlində ittiham etdi. Bu çıxışdan sonra isə Heydər Əliyev xalqının ağır və faciəli günlərində Vətənə dönməyi qərarlaşdırdı. Dağılmaqda olan imperiya Heydər Əliyevin şəxsiyyətinə və bu dahi insanın siyasi baxışlarına yaxşı bələd olduğu üçün onun öz doğma Vətəninə dönməsinə böyük maneələr törətməyə başladı. Amma bu dahi siyasətçi bütün maneələri dəf edərək Bakıya dönməyə müvəffəq oldu. Bu dövrdə öz çirkin əməllərini həyata keçirmək istəyənlər Heydər Əliyevin Bakıda siyasi fəaliyyətinə maneələr yaradır və onun ölkəni tərk etməsini istəyirdilər.

İyulun 22-də Heydər Əliyev doğma diyarı Naxçıvana gəldi. Həmin gün axşamüstü şəhərin baş meydanına toplaşan 80 min nəfərlik ümumxalq izdihamı onu böyük sevinclə salamladı.

Beləliklə, ömrünün bundan sonrakı dövrünü xalqı ilə birgə keçirməyi arzulayan ulu öndər Naxçıvanda yaşamağa başladı. 1990-cı ilin sentyabrında Azərbaycan SSR və Naxçıvan MSSR xalq deputatı seçildi. Elə həmin vaxtdan Heydər Əliyevin siyasi fəaliyyətə qayıdışının birinci mərhələsi başladı.
Həmin il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası məhz Heydər Əliyevin sədrliyilə öz işinə başlayaraq xalqımız üçün taleyüklü, son dərəcə əhəmiyyətli qərarlar qəbul etdi. Muxtar respublika əhalisi, həmçinin Azərbaycan xalqı tərəfindən böyük sevinc və alqışla qarşılanan bu qərarlar o zamankı respublika rəhbərliyini, necə deyərlər, şoka salmış, SSRİ məkanında böyük əks-səda yaratmışdı.

Bu qərarlara əsasən, keçmiş Sovet İttifaqı tarixində ilk dəfə məhz Naxçıvanda muxtar respublikanın adından “sovet”, ”sosialist” sözləri çıxarıldı, MR Ali Soveti həmin gündən Ali Məclis adlandırıldı, ay-ulduzlu, üçrəngli bayrağımız 70 illik fasilədən sonra ilk dəfə yenidən parlament səviyyəsində qaldırılaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul edildi.



O zaman Naxçıvan Muxtar Respublikası ağır vəziyyətdə idi, blokada şəraitində yaşayırdı. Ermənistanla 300 kilometrlik sərhəd boyu erməni silahlı qüvvələri SSRİ müdafiə nazirinin birinci müavini, ordu generalı Varennikovun başçılıq etdiyi rus qoşunları ilə birlikdə Naxçıvana qarşı işğalçılıq müharibəsi aparırdılar. Respublika rəhbəriyi və mərkəzi hakimiyyət Naxçıvanın təhlükəsizliyinə laqeyidlik göstərir, daşnakların təcavüzünə qarşı tədbirlər görmürdülər. Həmin dövrdə — 1989-cu il dekabr ayının 31-də Naxçıvan əhalisi və ziyalıları “sərhəd hərəkatı”na başladılar. Əhali Arazın o tayında yaşayan qohum-əqrabası və soydaşları ilə görüşmək məqsədilə sərhəd dayaqlarını söküb dağıtdı. Mərkəzin ən sərt tədbirlərinə baxmayaraq, naxçıvanlıların cəsarəti və dəmir iradəsi ilə 1989-cu ilin dekabr ayının 31-də bütün sərhədlər açıldı, insanlar görüşdülər. 70 il ”dəmir pərdələr" arxasında totalitar rejimdə yaşayan insanlar, nəhayət ki, bir-birinə qovuşdu, həsrətə son qoyuldu, yaxın qohumlar ünsiyyət yarada bildilər. Bu hadisə Azərbaycan milli tarixində ən böyük hadisə idi. Bu hadisələr zəminində dünya azərbaycanlıları ilə əlaqələrin genişləndirilməsi üçün Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il dekabr ayının 16-da hər il dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi haqqında qərar verdi və onun rəsmiləşdirilməsi haqqında Azərbaycan Respublikasının Ali Sovetinə qanunvericilik təşəbbüsü ilə müraciət göndərdi. Çox təəssüf ki, bu qərar Heydər Əliyevin təşəbbüsü ilə qəbul edildiyi üçün o vaxtkı rəhbərliyin xalqın taleyinə göstərdiyi biganəlik üzündən kağız üzərində qaldı. Xalqın yekdil təkidi ilə Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra onun xüsusi səyləri nəticəsində dünya azərbaycanlılarını yaxınlaşdırmaq istiqamətində yeni mərhələ başlandı.
1991-ci il sentyabrın 3-də isə Naxçıvanda Ali Məclisin növbəti sessiyası keçirilən gün binanın qarşısında toplaşan minlərlə insanın və deputatların böyük əksəriyyətinin təkidi ilə Heydər Əliyev MR Ali Məclisinin sədri seçildi. Həmin gündən siyasi fəaliyyətə qayıdışın ikinci mərhələsi başlandı.



1991-93-cü illər ərzində muxtar respublikada böyük işlər görüldü. İri təyyarələri qəbul edə bilməsi üçün Naxçıvan aeroportunun yeni uçuş zolağı inşa edildi, İrana sadələşdirilmiş keçid təşkil olundu, Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid körpüsü” salındı, muxtar respublikanın müdafiəsini və təhlükəsizliyini təmin edən “Qars müqaviləsi” təzələndi, Türkiyə və İrandan elektrik enerjisi, müxtəlif ərzaq məhsulları alındı, nizami ordu quruculuğu həyata keçirildi. Bu illər ərzində Naxçıvan düşmən əhatəsində mətinliklə dayandı, döyüşdü, yaşadı, inkişaf etdi.

Bütün bunlar isə o illərdə Naxçıvanı gözlənilən fəlakətlərdən qorumaq missiyasını yerinə yetirən qeyrətli vətəndaşın, müdrik rəhbərin titanik fəaliyyəti, böyük səyləri və şəxsi nüfuzu hesabına əldə edilirdi.

Həmin dövrdə respublikada hərc-mərclik baş alıb gedirdi, torpaqlar işğal olunurdu, təsərrüfat, sənaye dağılmışdı. Ölkə, demək olar ki, parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Belə bir şəraitdə Azərbaycanın ziyalıları Naxçıvan Ali Məclisinin sədri, dünya şöhrətli, zəngin həyat təcrübəsinə malik Heydər Əliyevə müraciət etdilər: — Ulu öndər bir siyasi partiya yaratsın və bu siyasi partiyanın rəhbərliyini öz üzərinə götürsün. Beləliklə, 1994-cü il oktyabrın 24-də Heydər Əliyev ziyalıların çağırışına, müraciətinə öz müsbət cavabını verdi. Həmin ilin 21 noyabrında Yeni Azərbaycan Partiyası blokada şəraitində olan Naxçıvan şəhərində öz təsis konfransına yığışdı...
Partiyanın ilk sənədlərində möhtərəm Heydər Əliyevin belə bir müdrik kəlamı həkk olunmuşdu: “Yeni, müstəqil Azərbaycan uğrunda!” Bunun ardınca belə bir ifadə də vardı: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır”. Yeni Azərbaycan Partiyası (YAP) tarixi zərurətdən yarandı. Ümummilli liderimiz Heydər Əliyevin başçılıq etdiyi YAP seçkilərdə böyük üstünlük qazanmaqla xalq arasında nə qədər böyük nüfuza malik olduğunu sübut etdi. Yeni qəbul edilmiş Konstitusiyada insan hüquqları ilə bağlı və demokratiyanın inkişafına stimul verən mühüm müddəalar öz əksini tapdı. Hakimiyyət bölgüsü prinsipi təsbit edildi. Ali qanunverici, ali icraedici və ali nəzarətedici hakimiyyət olmaqla demokratik idarəetmənin əsası olan üç hakimiyyət qolu yaradıldı. Bunun nəticəsidir ki, hazırda respublikamızda qırxdan çox siyası partya fəaliyyət göstərir. Cəmiyyətdə tutduğu mövqeyinə, siyasi nüfuzuna, yüksək intellektual səviyyəli kadr potensialına görə bu nəhəng partiya digər partiyalardan əsaslı surətdə fərqlənir.
Daha sonra 1993-cü ildə Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin fərmanı ilə 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı - Dünya Azərbaycanlılarının Həmrəylik günü elan olunub. O vaxtdan bütün azərbaycanlılar üçün əziz olan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü olaraq bayram edilir.



Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilbdir. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayramdır. İndi həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.
“Qaziler” saytının kollektivi bütün azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, hər bir Azərbaycan ailəsinə səadət, xoşbəxtlik, yeni uğurlar arzulayır.

Hazırladı: Əntiqə Rəşid

Qaziler.az