İki ölkənin sağlamlıq imkanları məhdud gəncləri arasında boccia idman növü üzrə yoldaşlıq görüşü olub

İki ölkənin sağlamlıq imkanları məhdud gəncləri arasında boccia idman növü üzrə  yoldaşlıq görüşü olub backend

Bakıda Azərbaycan və Türkiyənin sağlamlıq imkanları məhdud gənclərdən ibarət milli komandaları arasında boccia idman növü üzrə 4 kateqoriya üzrə yoldaşlıq görüşü təşkil olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, AKF-nin prezidenti, millət vəkili Adil Əliyev və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin əlilliyi olan şəxslərlə bağlı tapşırıqlarına uyğun olaraq, bu təbəqədən olan insanların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına yönələn tədbirlərin miqyasının getdikcə genişləndirildiyini vurğulayıb. Fəal idman siyasəti sayəsində ölkəmizdə paralimpiya hərəkatının da geniş vüsət aldığını qeyd edən nazir idmanla məşğul olmağın əlilliyi olan şəxslərin reabilitasiya və inteqrasiya imkanlarının artırılmasında xüsusi əhəmiyyətini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə aparılan işlərin ardıcıl olaraq dəstəkləndiyini diqqətə çatdırıb.

S.Müslümov bildirib ki, hələ 1984-cü ildən paralimpiya oyunlarına daxil edilən və Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə son illərdə ölkəmizdə geniş yayılan boccia idman növü də bu baxımdan mühüm önəm kəsb edir. Bu idman növü həm fiziki, həm də zehni inkişafa kömək etdiyindən əlilliyi olan şəxslər arasında boccia üzrə mütəmadi yarışların təşkili çox faydalıdır. Boccia idman növü ilə məşğul olan şəxslərin qalmaları, lazımi xidmətlə təmin olunmaları və məşqlər etmələri üçün Nazirliyin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində hər bir şərait yaradılıb.
Nazir diqqətə çatdırıb ki, artıq ölkəmizdə həm sağlamlıq imkanları məhdud gənclər, həm də uşaqlar arasında boccia üzrə komandalar da formalaşıb və onlar boccia üzrə müxtəlif yarışlarda, o cümlədən beynəlxalq turnirlərdə uğurla çıxış edirlər. Hazırda Azərbaycanda 5 kateqoriya üzrə 100 nəfərdən çox əlil arabası istifadəçisi bu idman növü ilə məşğuldur.

S.Müslümov vurğulayıb ki, müvafiq proqram çərçivəsində Azərbaycandan olan sağlamlıq imkanları məhdud gənclərin Türkiyədə və Türkiyədən olan sağlamlıq imkanları məhdud gənclərin Azərbaycanda müvafiq reabilitasiya mərkəzlərinin işi ilə əyani tanışlığı, peşə reabilitasiyası tədbirlərində qarşılıqlı iştirakı üçün də şərait yaradılır. Bu məqsədlə Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən gənclərin qrup halında qardaş ölkəyə, oradan da müvafiq gənclərin qrup halında ölkəmizə səfərləri təşkil edilir. Təbii ki, bu da həmin gənclərin reabilitasiya və inteqrasiya imkanlarının artırılmasına xidmət edir. Hazırda iki ölkənin milli komandaları arasında boccia idman növü üzrə təşkil olunan yoldaşlıq yarışı da bu baxımdan çox əhəmiyyətlidir.

Nazir hər iki komandaya uğurlar arzulayıb.

Digər çıxış edənlər də əlil idmançıların cəmiyyətə inteqrasiyası sahəsində həyata keçirilən belə tədbirləri yüksək dəyərləndiriblər.
Sonra tədbir iştirakçıları yarışları izləyiblər.
Diaspora