Toyunda itlə fotosessiya edən azərbaycanlı gəlin: “Məni itlərin yeməsini arzulayanlar oldu” - FOTO

Toyunda itlə fotosessiya edən azərbaycanlı gəlin: “Məni itlərin yeməsini arzulayanlar oldu” - FOTO backend

Yeni 2018-ci il it ili kimi təqdim olunur.

Amma bunun itlərin özünə bir faydası yoxdur. Dükanlar yumşaq it oyuncaqları ilə dolub-daşır, hərə evinə bir it oyuncağı aparır. Belə dekorativ bir vaxtda gözəl bir xanım gəlinlikdə sahibsiz itlərlə fotosessiya edir. Qaynarinfo kulis.az-a istinadən sosial şəbəkədə və mediada fotoları ilə məşhurlaşan ictimai fəal Fəridə Nəbiyeva ilə müsahibəni təqdim edir:

- Fəridə xanım, gəlinlikdə fotosessiya etmək aksiya xatirinə idi, yoxsa, həqiqətən toyunuz idi?

- Həqiqətən toyum idi. Elə buna görə neçə gündü ölkədə deyildim, toy gəzintisinə çıxmışdıq.

- Sahibsiz itlərlə fotosessiya etmək ideyası necə yarandı?

- Adətən toy günü insanlar şəhərin ən görməli yerlərində fotosessiya edirlər. Şəhərsə həqiqətən gözəldir, amma yalnız mərkəzdə. Bu yersə bizim şəhərin tərs üzüdür.

Qanunverici bazanın olmasına baxmayaraq, heyvanlara zorakılıq davam edir. Biz də insanların diqqətini bu məsələyə çəkmək istədik. İstədik ki, hansısa qanunlar işlənsin və cəmiyyəti buna başqa cür baxmağa məcbur etsin.

- Biz deyəndə, yəni, sizin heyvansevərlər cəmiyyəti?

- Konkret təşkilat, ya bir cəmiyyət yoxdur. Biz heyvansevər insanlar, tanışlar dostlar hər bazar günü Balaxanıda sahibsiz itlərin sığınacağına gedirik. Biz həmişə sosial şəbəkədə post yazırdıq, şəkillər paylaşırdıq, amma buna fikir vermirdilər, çox az sayda insanı bu maraqlandırırdı.

Onları yemləmək minimum işdir. Əsas məsələ insanların diqqətini buna cəlb etməkdir. Çünki bu "it sığınacağı” sözün əsl mənasında itlər üçün konslagerdir. Onları orada qəddarlıqla məhv edirlər. Hər bir insan gedib mənim dediyimi yoxlaya bilər; ora gedib baxsınlar. O sığınacaq yolun kənarında yerləşir. Hər gün orada bir-iki iti maşın vurur. Orada həm körpə, həm də boğaz itlər var. Onları yemləmirlər, hətta su da vermirlər. Onlar boğuşub bir-birini məhv edir. Bu sığınacaq itləri başqa metodla öldürmək üçündür. Sadəcə mərkəzdən kənarda öldürmək üçün.

Fotosessiya ideyası tək mənim deyildi. Dostlarla düşündük ki, belə bir şey etmək olar. Bu ərəfələrdə mənim toyum idi, belə qərara gəldik ki, görəsən necə olar, gəlinlik geyinib bura gələsən, fotosessiya edəsən. Bəlkə onda insanların diqqətini buna cəlb etmək olar? Prinsipcə elə də oldu.

Mən toy günü vaxtımın bir hissəsini mərmərli parka getməyə yox, sığınacağa getməyə sərf etmək qərarına gəldim.

- Maraqlıdır, həyat yoldaşınız necə yanaşdı?

- Bunu hamı soruşur. Guya bəyi itlər yeyib... Özünüz bilirsiniz ki, toy qabağı hamı məşğul olur, hər kəs hazırlaşır. Bunu planlasaq belə, həmin gün tanış fotoqraf qızla ora getməyə güclə vaxt ayıra bildik. Həyat yoldaşım belə fikrim olduğunu bilirdi. Amma yəqin düşünürdü ki, çatdıra bilməyəcəyəm. Vaxt elə az idi ki, bəyi ora çağıra, bu fotosessiyanı onunla birgə edə bilmədim. Həyat yoldaşım da heyvansevər insandır, yoluna çıxan itlərə qayğı, diqqət göstərər, yem verər. Sadəcə o, belə ictimai aksiyalar edənlərdən deyil. Amma bütün hallarda o, həmişə addımlarımı dəstəkləyir.

- Fotolar mətbuatda, sosial şəbəkədə yayıldı, insanların münasibəti necə oldu?

- Mən elə düşünürdüm ki, neqativ münasibət olacaq. Haradasa təəccübləndim, çünki, çoxlu sayda insan bu aksiyanı dəstəklədi, bu işdə uğurlar arzuladı. Düzdü, donumu, özümü bəyəndiyini yazanlar oldu, məni itlərin yeməsini arzulayanlar da oldu. Sözsüz ki, bizim cəmiyyətdə bunlar var. Elə məhz bu cür münasibət göstərən insanlara görə, bu problem gəlib bu səviyyəyə çatıb.

- Bəs o sığınacağa gedib, konkret şəraitin yaxşılaşdırılmasına kömək edənlər oldumu?

- Bilirsiniz, əvvəllər həmin sığınacaq praktiki olaraq, hər kəs üçün açıq idi. Bir neçə il əvvəl özüm ora getmişdim: Həyətdə bir iti torla tutanda onu yaralamışdılar, qanı axırdı. Biz gedib polisə şikayət etmişdik. Polis demişdi ki gedin baxın, görün it sağdır, ya yox. Getdik o sığınacağa, gördük ki, orada mənzərə dəhşətlidir. Yerdə it cəsədləri var idi. Amma heç olmasa o zaman ora giriş var idi. Kim istəsə daxil ola bilirdi.

İndi həmin sığınacaq hər kəs üçün qapalıdır. Heç kim, hüquq müdafiəçiləri də daxil olmaqla ora girə bilməz. Yalnız darvazadan itləri yemləyə bilərsən.

- Sizin fotosessiyanız da darvazanın çölündə olmuşdu?

- Bəli. Heç kim qapını mənim üçün açmadı. Sığınacağın qapısının ağzında bu fotosessiyanı etdik. Orada divarlar alçaqdır. Dırmaşıb şəkillər çəkdik. Divarlar alçaqdır deyə, itlərin bəziləri oradan yola çıxırlar, bayaq dediyim kimi maşınların təkəri altında qalırlar.

- Sizin insanların itlərlə birgə, yanaşı yaşaya bilməsi üçün nə təklifiniz var?

- Başqasını düşünmək lazım deyil, yeni metodlar var. Qonşu ölkələrin təcrübəsindən yararlanmaq olar. Məsələn, Gürcüstan. Bu ölkələr elə də varlı ölkələr deyil. Buna az büdcə sərf olunduğunu deyirlər. Məncə, ən birinci məsələ maariflənməkdir. Necəsə bizim cəmiyyəti inandırmaq lazımdır ki, itlər bizdən nə yüksək, nə də aşağı canlılardır. Onlar da bizim kimi bu planetin başqa sakinləridirlər. İnsan bu başqa sakinləri sevə və ya sevməyə bilər. Amma öldürməyə haqqı yoxdur.

İkincisi də, qanunlar bizim tərəfimizdədir. Qanunverici baza var. Amma istəyirik ki, heyvana ziyan verən insan inzibati qaydada cəzalanmaqdan, cərimə olunmaqdan başqa, cinayət məsuliyyətinə alınsın. Çünki itlərə qarşı pis davranmaq insanlarda vəhşiləşmə yaradır, insanlar sadist hərəkətlər etməyə başlayır və bu nəinki itlər üçün, insanların özləri üçün təhlükədir, uşaqlara təhlükədir. İtə əzab verən adam sabah başqa canlıya, o cümlədən insana, özündən zəifə, yəni uşağa işgəncə verə bilər. Mən belə düşünürəm.

Qaldı o sığınacağa, istəyirəm ki, o yer bağlansın. Çünki ora sığınacaq filan deyil, konslagerdir, orada itləri məhv edirlər.

- İtlərin izolyasiyasını yolverilməz sayırsınız?

- İtləri izolyasiya etmək yox, saylarını nəzarətə götürmək olar. İtləri sterilizasiya etmək, axtalamaq və peyvənd vurmaq olar ki, onlar cəmiyyətə ziyan verməsin. Onda adamlar da it dişləməsindən ehtiyat etməzlər. Sığınacaqda isə körpə, xəstə, yeni doğmuş itləri saxlamaq olar. Təhlükəsiz olanlarısa buraxmaq olar. Onda itlər öz çoxalmaq funksiyalarını da yerinə yetirəcəklər.

- Qabaqdan it ili gəlir. İnsanlar gedib yumşaq it oyuncaqları alırlar. Amma canlı itlərə belə yad, hətta aqressiv münasibət göstərirlər. Onlara bir sözünüz varmı?

- İstəyirəm insanlar canlı məxluqun tərəfində olsunlar, oyuncağın yox. Valideynlər uşağa mağazadan oyuncaq it alıb bağışlayanda mən pis oluram. Axı küçədə sənə o qədər mərhəmət uman göz baxır və onlar uşağa ömrü boyu əsl dost ola bilərlər.

- Fəridə xanım, sizin ixtisasınız nədir?

- Bakı Dövlət Universitetinin "Xarici əlaqələr” fakültəsini bitirmişəm. İndi kosmetik brendlər üzrə mütəxəssis işləyirəm.

- Yeni ili necə qarşılayacaqsınız? İt üstə təhvil olan ildə hansısa aksiyalar düşünmüsüzmü?

- Bilirəm ki, heyvansevər dostlarımdan bəziləri yeni ili stol arxasında keçirməyəcək, yemək alıb itləri yedirtməklə qeyd edəcək. Mən də məmnuniyyətlə buna qoşulardım.
Diaspora