“Qarabağ Qaziləri”, “Vətən Müharibəsi Əlilləri” birliklərinin, “Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov” adına İnkişaf Fondunun və “Qaziler.az”saytının baş redaktoru Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova məktubla müraciət ediblər.
Onlar bir müddət əvvəl Qarabağ əlillərinin Sumqayıt şəhərində yaranmış problemi həll etdiyi üçün başçıya minnətdarlıq ediblər.“Hörmətli Zakir müəllim!
Bildiyiniz kimi, Sumqayıt şəhər sakinləri olan bir qrup Qarabağ müharibəsi əlilləri 1999-cu ildən bəri işlətdikləri 2 saylı şəhər daxili marşrut ətrafında şəhər İcra Hakimiyyətinin apardığı islahatlar nəticəsində müharibə əlilləri ilə Sumqayıt nəqliyyat MMC arasında müəyyən anlaşılmazlıq baş vermişdir.
Sizə ünvanladığımız müraciətə göstərdiyiniz xüsusi diqqət və qayğının nəticəsi olaraq, şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Faiq Kərimov, nəqliyyat MMC –nin rəhbəri Xannı Rüstəmov və digər aidiyyətli şəxslərlə apardığımız müzakirələrdən sonra ortaq məxrəcə gəlinərək problem öz həllini tapdı. Hal-hazırda iş yerləri bərpa olunan müharibə əlilləri və şəhid ailələri öz fəaliyyətlərini davam etdirməkdədirlər.
Cənab başçı!
Məsələnin operativ formada həll olması üçün göstərdiyiniz diqqətə görə Sizə, şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Faiq Kərimova , nəqliyyat MMC-nin rəhbəri Xannı Rüstəmova və digərlərinə təşəkkür etməyi özümüzə borc bilirik.
Qarşıdan gələn Dünya Azərbaycanlılarının həmrəyliliyi və yeni il münasibətilə Siz başda olmaqla, bütün Sumqayıt şəhər ictimaiətini təbrik edirik və gələn ilin daha da uğurlu olmasını arzulayırıq”.
Məsələ ilə bağlı “Qarabağ qaziləri” birliyinin Sumqayıt rayon filialının sədri Elşən Mustafayevlə də əlaqə saxladıq. O, bir müddət əvvəl yaranmış problemin artıq həll edildiyini deyib: “Yaranmış problem artıq həll olunub. Bu işin həllində bizə dəstək olan Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova, icra hakimiyyəti başçısının 1-ci müavini Faiq Kərimova, nəqliyyat MMC – nin rəhbəri Xannı Rüstəmova və digər aidiyyatlı şəxslərə minnətdarlığımızı bildiririk. Ümid edirik ki, Zakir müəllim başda olmaqla Şəhər rəhbərliyi bundan sonra da fəaliyyətimizə dəstək verəcək, yaranacaq istənilən problemin həllində bizə yardımçı olacaqlar”.