General-polkovnik Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü yad olunub.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazirlik əməkdaşları Fəxri xiyabana gələrək Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi ulu öndərin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoyublar.Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstəsi düzülüb.
Təntənəli mərasim Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam etdirilmişdir. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoymuşlar. Akademiyanın döyüş bayrağı təntənəli şəkildə sıra meydanına gətirilmişdir. Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dövlət himni səsləndirilmişdir.
Milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan və onun adını şərəflə daşıyan bu ali təhsil ocağının müəllim-professor heyətini, kursantları dahi şəxsiyyətin anadan olmasının ildönümü münasibətilə təbrik edib. Onlara ulu öndərin Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin qorunması irsinin öyrənilməsi və davam etdirilməsi kimi məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.
Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın qurucusu və ölkəmizin müstəqil dövlət kimi əbədi yaşamasının təminatçısı olduğunu diqqətə çatdıran nazir Eldar Mahmudov, ulu öndərin həyatının vətənin, xalqın tarixi və taleyi ilə sıx bağlı olduğunu qeyd edib. Məhz buna görə Heydər Əliyevin anadan olduğu 10 may tarixi hər il ümumxalq bayramı kimi qeyd edilir.
Nazir Eldar Mahmudov bildirmişdir ki, illər ötdükcə Heydər Əliyevin Azərbaycan naminə tarixi xidmətlərinin miqyası daha aydın görünür. Bu ölçüyəgəlməz xidmətlər sırasında Azərbaycanı məhv olmaqdan qoruması xüsusi qeyd edilməlidir. Yaxın tarixi, 1993-cü ildə baş verən hadisələri yada salmaq kifayətdir. Həmin dövrdə Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmasaydı, Azərbaycanı nələr gözlədiyi məlumdur. Bu gün ölkə həyatının elə bir sahəsi yoxdur ki, orada Ulu öndərin izləri aydın görünməsin. Onun gərgin fəaliyyəti nəticəsində ölkədə sabitliyin və davamlı inkişafın möhkəm təməlləri qoyulub.
Ümummilli lider Heydər Əliyev daim təhsilə xüsusi önəm verirdi. Onun təşəbbüsü ilə hələ SSRİ dövründə hər il yüzlərlə azərbaycanlı Moskva, Leninqrad, Kiyev kimi şəhərlərə ali təhsil almağa göndərilirdi. Hələ o zaman bu günki Azərbaycanın kadr potensialının əsasları qoyulurdu. Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması da Ulu öndərin bu istiqamətdəki çoxşaxəli fəaliyyətinin mühüm nəticələrindən biridir. Xüsusi xidmətin əsl peşəkarı kimi bu orqanların əməkdaşlarının yalnız öz ölkəsində hazırlanmasına prinsipial əhəmiyyət verirdi. Ona görə də, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası dahi peşəkarın adını daşıyır.
Ulu öndər Heydər Əliyevin başladığı milli dövlət quruculuğu prosesi hazırda uğurla davam etdirilir. Bu gün mütərəqqi dünyanın sıralarına sürətlə inteqrasiya edən Azərbaycan mühüm regional və beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Azərbaycan artıq neçə illərdir ki, iqtisadi inkişaf tempinə görə dünyanın lider ölkələri sırasındadır. Bu uğurların qazanılmasında əhəmiyyətli rolu olan Milli Təhlükəsizlik Nazirliyinin dövlətçiliyin və daxili sabitliyin möhkəmləndirilməsi sahəsində ardıcıl fəa-liyyəti bugünki dinamik inkişafa xidmət edir. Xüsusilə terror-təxribat cəhdlərinin qarşı-sının alınması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, insan alveri və mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizədə uğurlu nəticələr əldə edilmişdir. Müvafiq tədbirlərin vaxtında görülməsi xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinin aşkarlanması, qabaqlanması və ifşa edilməsi istiqamətində səmərəli nəticələrin əldə olunmasına imkan verib.
Nazir Eldar Mahmudov gələcək təhlükəsizlik zabitləri olan kursantların bu prosesdə yaxından iştirak edəcəklərini bildirərək, onların təhsildə əldə etdikləri yüksək nəticələrin fəaliyyət sahələrində mühüm əsas olacağını qeyd etmişdir. Bunun üçün Akademiyada yüksək təhsil üçün hərtərəfli və səmərəli şərait yaradılıb. Bu proses daimi xarakter daşıyır, gənclərin yad təsirlərdən qorunması, ölkədə və dünyada gedən prosesləri düzgün qiymətləndirmək bacarığına yiyələnmələri üçün ardıcıl tədbirlər görülür. Qlobal və regional xarakterli təhdidlərin artdığı şəraitdə milli təhlükəsizlik əməkdaşından getdikcə daha yüksək peşəkarlıq, bilik səviyyəsi, çeviklik və səriştə tələb edilir. Bu mənada, əməkdaşların və kursantların da üzərinə böyük məsuliyyət düşür.
Bizim başlıca məqsədimiz və vəzifəmiz işğal olunmuş torpaqlarımızın azad edilməsidir. Möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “biz nəinki işğal olunmuş Qarabağı azad edəcəyik, həm də tarixi və əzəli torpaqlarımız olan Qərbi Azərbaycana, İrəvana qayıdacağıq. Bu bizim strateji hədəfimizdir”. Ulu öndərin adını daşıyan Akadmiyanın kursantları və məzunları xüsusi fərqlənməlidirlər. Çünki biz həm arxa, həm də ön cəbhədəyik. Dərin bilik, yüksək vətənpərvərlik, fiziki və döyüş hazırlığı, peşəkarlıq, ciddi xidməti və icra intizamı – budur bizim devizimiz.
Nazir Eldar Mahmudov şəxsi heyətin ümummilli lider Heydər Əliyevin təhlükəsiz-lik orqanlarında yaratdığı peşəkarlıq fəaliyyətini şərəflə davam etdirəcəklərini və Azərbaycanın qüdrətlənməsi, milli maraqların, mənafelərin və təhlükəsizliyin etibarlı təmin olunması istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yüksək etimadını doğrultmaq üçün bundan sonra da əzmlə çalışacaqlarını bildirmişdir.
Sonra hərbi orkestrin müşayiəti ilə Akademiyanın kursantları təntənəli marşla tribunanın önündən addımlayıblar.
Təntənəli mərasim ümummili liderin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş elmi konfransla davam etdirilib. Konfransda çıxış edən Akademiyanın kafedra rəisi, iqtisad elmləri namizədi, dosent M.Ramazanov, ali kursların dinləyicisi leytenant T.Ağasiyev, kursantlar N.Niyazov və İ.Əliyev ümummilli lider Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində Azərbaycanın öz müstəqilliyini qoruyub saxlamasından, müasir dövlət quruculuğundakı rolundan, gənclərə göstərdiyi diqqət və qayğıdan danışmış, Heydər Əliyev irsinə və amallarına daim sadiq olacaqlarını, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini, vətənimizin daha da qüdrətlənməsi üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdiriblər.