KİV haqqında qanuna ediləcək dəyişikliklə bu problem tam həllini tapacaq
Azərbaycanda inzibati tənbeh almış mətbu nəşr bir il ərzində jurnalist adından sui-istifadəyə təkrar yol verərsə, fəaliyyəti dayandırılacaq. Bununla bağlı "Kütləvi informasiya vasitələri haqqında” qanunun 19-cu, yəni "kütləvi informasiya vasitəsinin istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi” maddəsinə əlavələr təklif edilib.Təklif olunan layihəyə əsasən, kütləvi informasiya azadlığından və ya jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməli bir il ərzində təkrar törətdikdə, mətbu orqanın fəaliyyətinin iki ay müddətində dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılır. O da məlumdur ki, jurnalist adına iddia edən bəzi şəxslər zaman-zaman qanunda mövcud olan müəyyən boşluqlardan sui-istifadə edərək müəyyən neqativ hallara yol verirlər. Dəfələrlə belə şəxslərə müxtəlif xəbərdarlıqların edilməsinə baxmayaraq, onlar bu kimi qanunsuz əməllərdən əl çəkmirlər. Bu da haqlı olaraq daha sərt tədbirlərin görülməsi zərurətini ortaya qoyur. Ekspertlər deyirlər ki, jurnalistika daim inkişafda olan, cilalanan sahədir. Mətbuat hər bir dövlətin intellektual brendlərindən biri hesab olunur.
Media cəmiyyəti fikir istehsalı ilə təmin edir. Jurnalistika cəmiyyətdə ictimai münasibətləri yaratmaqla yanaşı, kütləvi maarifləndirmənin keyfiyyətini də müəyyənləşdirir. Çünki mətbuatın cəmiyyətə təqdim etdiyi intellektual məhsullar cəmiyyət tərəfindən mənimsənilir. Ayrı-ayrı fərdlərin düşüncələrində, davranışlarında, dünya görüşlərində yeni keyfiyyət dəyişikliyi yarada bilir. Əslində jurnalistika sahəsində öz peşəkarlığı və obyektivliyi ilə sayılıb-seçilən jurnalistlərin, media orqanlarının sayı kifayət qədərdir. Amma çox təəssüflər olsun ki, hələ də jurnalistikaya aidiyyəti olmayan, bu sahəyə xələl gətirən insanlarla rastlaşırıq. Adı "qara siyahı”ya düşən qəzetlərin sayında azalma olsa da, bəzi üzdəniraq elektron media orqanlarının sayında hələki artım müşahidə olunmaqdadır. Azərbaycandakı söz azadlığı və plüralizmdən istifadə edən bir qrup şəxslər sayt yaradaraq, jurnalistikadan qisas almaq, şəxsi mənfəət əldə etmək məqsədi ilə faydalanırlar.
Məsələ ilə ciddi şəkildə mübarizə aparmaq üçün Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyünə elektron media sahəsi ilə məşğul olan mütəxəssislər də seçilib. "Reket jurnalistika”ya qarşı bir neçə mübarizə metodları var və hazırkı mərhələdə Azərbaycan ən effektiv metod olan onların ictimai qınaq və ictimai institutlar vasitəsilə cəzalandırılmasından istifadə edir. Ötən müddət ərzində Azərbaycanda "reket jurnalistika”nın sıradan çıxarılması üçün çox böyük yol qət edilib. Lakin 1990-cı illərin əvvəllərində Azərbaycanda xaos mühiti zərərli media qurumlarının da meydana çıxmasına səbəb olub. Çox təəssüf ki, hələ də o dövrün fəsadlarından əziyyət çəkirik.
Bəzən transmilli media kimi səciyyələndirdiyimiz jurnalistikanın davranışlarında da buna bənzər neqativ elementlər hiss edilir. Hətta ən nüfuzlu media orqanları tərəfindən belə bənzər addımlar atılır. Məsələn, dövlət başçıları şantaj edilir, liderlər və ya ayrı-ayrı ölkələr haqqında böhtan xarakterli yazılar yazılır. Ancaq hazırda jurnalistikanın kriteriyalarına, etik kodekslərə cavab verməyən kiçik "xəbər saytları” üstünlük təşkil edir. Ona görə də əksər media ekspertləri sərt cəzaların tətbiqini zəruri sayırlar.
Məsələyə münasibət bildirən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Azər Həsrət dəyişikliyə müsbət prizmadan yanaşıb. Onun fikrincə, sözügedən qanunu daha da sərtləşdirmək lazımdır. Ekspert bunu bir sıra amillərlə əlaqələndirib: "Arzu edərdim ki, qanunvericiliyə daha sərt tənzimləmə gətirilsin. Çünki neçə illərdir biz "reket jurnalistlər”in mediadan sui-istifadə etmələri ilə bağlı həyəcan təbili çalırıq. Eyni zamanda, təkliflər də veririk ki, bunların qarşısını almaq üçün dövlət daha sərt addımlar atsın. Çıxışlarımda da bunu dəfələrlə demişəm.
Məsələ ondadır ki, bir sürücü hansısa ağır cəza törədəndə onu sürücülük hüququndan bəlli bir müddətə və yaxud da ömürlük məhrum edirlər. Hansısa məmur dövlət qulluğu ilə bir araya sığmayan fəaliyyətə yol verdikdə, dövlət qulluğundan uzaqlaşdırılır. Hesab edirəm ki, jurnalistika ilə bir araya sığmayan fəaliyyətə yol vermiş, jurnalistikadan sui-istifadə etmiş şəxslərin bu sahədən, bu peşədən ümumiyyətlə uzaqlaşdırılması üçün qanun qəbul edilməlidir. Çünki belələri başqa addım atmağa yer qoymurlar. İndi, əlbəttə ki, ilkin addım kimi belə tədbirlərin görülməsi, düşünürəm, məqbul variantdır. Artıq bu bir həyəcan təbili, xəbərdarlıq olacaq.
Adamlar görsək ki, buna da məhəl qoymurlar, bəlli bir müddətdən sonra yenidən bu işə qayıdıb jurnalistikadan sui-istifadə edirlər, o zaman qanunun daha da sərtləşdirilməsi üçün təkliflər olacaq. Ancaq indilikdə düşünürəm ki, bu, vaxtında atılmış addımdır və mütləq Milli Məclis bunu təsdiqləməlidir. Eyni zamanda, qanun mümkün qədər tez qüvvəyə minməli və tətbiq olunmalıdır. Hesab edirəm ki, sözügedən qanun qüvvəyə mindikdən sonra biz bu sahədə bir sıra dəyişikliklərin şahidi ola bilərik”.
Təklif olunan dəyişikliyi "Şərq”ə şərh edən "Milli.az” saytının baş redaktoru Anar İmanov bunun doğru qərar olduğunu düşünür. Onun sözlərinə görə, ümumiyyətlə, media məsələsində bu kimi işlərin görülməsi çox müsbət haldır:
"Hesab edirəm ki, nəticədə mediamız bu qərardan qazanacaq və çirkin düşüncəli qeyri-peşəkarlardan təmizlənəcək. Son zamanlar mediamızın ən böyük problemləri bu sahədə çalışan bəzi işbazlarla bağlıdır. Halbuki medianın əsas məqsədi doğru informasiya çatdırmaqdan ibarətdir. Əgər kimsə şantajla, reketliklə məşğuldursa, o zaman cəzasını çəkməlidir”.
Ancaq baş redaktor bildirib ki, hər hansı media orqanını tam bağlamaq lazım deyil: "Hansısa inzibati cəza olsun, maddi cərimə tətbiq edilsin, orqanın fəaliyyəti 1, 2 və 3 aylıq dayandırılsın, amma tam bağlanmasın. Onsuz da sadaladığım cəzalar həmin media orqanı üçün işində kifayət qədər çətinlik və problem yaradacaq. Burada həm imic itkisi, həm də reklam gəlirlərinin itkisi söhbəti var. Məncə, səhv etmiş medianın təmsilçiləri bu cəzaları alarlarsa, o zaman doğru qərarlar vermələri üçün dediyim məhrumiyyətlər kifayət edəcək”.
Mövzu ilə bağlı "Şərq”ə danışan "Ölkə.az” saytının baş redaktoru Məmməd Gülməmmədov isə deyib ki, ümumi halda mətbuatın fəaliyyətini sərtləşdirici qanun layihələrini təsdiqləmək media nümayəndəsi kimi ona ağır gəlir. Lakin baş redaktor təəssüflə qeyd edib ki, Azərbaycanda "jurnalist” adı altında neqativ fəaliyyət göstərənlər, öz şəxsi ambisiyaları üçün çalışan adamlar, müəyyən qruplar var.
Onlara qarşı bu addımın atılması labüd hala gəlib. Düşünürəm ki, bu kimi addımlar mövcud problemin qarşısını müəyyən qədər almağa kömək edəcək. Ancaq öncə ölkədə məhkəmə sistemində şəffaflıq məsələsi də öz müsbət həllini tapmalıdır. Biz dəfələrlə məhkəmə orqanlarından hakimlərin əsassız səbəblərlə xaric edilməsinin şahidi olmuşuq. Bu problemi həll etdikdən sonra digər sahələrə aid sərtləşdirici qanunlar qəbul edilməlidir. Bunu ona görə deyirəm ki, hər hansı qərarı verən məhz məhkəmə orqanlarıdır. Bəzən məhkəmə orqanları qərəzli qərarlar verirlər ki, bu da yeni təklif olunan layihənin mahiyyətini itirməsinə və başqa məcraya yönəlməsinə səbəb olacaq. Həm də bu, kimlərinsə əlində güc və təzyiq vasitəsinə çevriləcək. Əgər vurğuladığım məsələlərin qarşısı alınarsa, təklifin reallaşması müsbət nəticələr verər. Təbii ki, əgər mətbuat öz işini görərsə, ümumiyyətlə, bu kimi tədbirlərə ehtiyac qalmaz”.
"Atvxəbər.az” saytının redaktoru Əziz Əlibəyli isə bəyan edib ki, "KİV haqqında” qanuna bu cür korrektə etmək hansısa böyük və ya mütərəqqi dəyişikliyə səbəb olmayacaq:
"Məsələyə təqsirsizlik prezumpsiyası baxımından yanaşanda bir dəfə səhv baş verirsə, şans da tanınır. Nəzərdə tutulan dəyişikliyin predmeti düz-əməlli sahibi bilinməyən yüzlərlə internet resursunu və ya mətbu orqanı əhatə edəcək. Amma nəticə dəyişməyəcək. Ən yaxşısı jurnalistin fəaliyyət kodeksini pozanların mətbu orqanlarını ikinci dəfədən sonra birdəfəlik bağlamaqdır. Bunun da ki, nə söz azadlığına dəxli var, nə də azad fəaliyyətə. Yenə də qeyd edirəm, qara piarla, "reket jurnalistika” ilə məşğul olan, media adına iddia edən həddindən artıq mərkəzlər var. Məqsədləri hədə-qorxu olan, jurnalist maskası altında gizlənib şantajla maddi gəlir əldə etməyə çalışan şəxslərə hansısa əlavə vaxtın, müddətin verilməsinin nə mənası var ki?!”.
"Azadinform” informasiya agentliyinin redaktoru Elçin Bayramlı bildirib ki, hazırkı KİV qanunvericiliyi çox loyal və yumşaqdır. Bu da əks effekt verir:
"Yəni daha çox qanun pozuntusuna yol açır. KİV vasitəsilə böhtan, şantaj, təxribat xarakterli prosesin aparılmasına şərait yaradır. Hətta ümummilli mənafelərə və dövlət maraqlarına belə zidd təbliğata imkan verir. Bilirsiniz ki, mən uzun illərdir bu sahədə cəzaların sərtləşdirilməsini, məhdudiyyətin artırılmasını təklif edirəm. Çünki belə vəziyyət bugünkü xaosa gətirib çıxarıb. Məncə, irəli sürülən təkliflər də kifayət qədər effektli deyil. Bununla vəziyyət bir qədər yaxşılaşacaq, lakin problem tam həll olunmayacaq. Problemə daha fundamental yanaşmalı, KİV-də qara əməllərə görə cəzalar sərtləşdirilməlidir”.
Redaktorun sözlərinə görə, KİV çox güclü təsir vasitəsidir:
"Media cəmiyyətin şüuruna, psixologiyasına, hətta dəyərlərin formalaşmasına və ya dəyişməsinə birbaşa və güclü təsir göstərir. Bütün bu amilləri də nəzərə alaraq, mətbuata, radio və TV-yə ictimai və dövlət nəzarəti gücləndirilməlidir, mətbu qanunları və etik kodeksləri pozanlara qarşı ciddi tədbirlər görülməlidir. KİV birbaşa milli təhlükəsizlik məsələsi ilə sıx bağlı olan bir sahədir. Biz müharibə şəraitində yaşayırıq, belə ölkədə müharibə dövrünün qanunları işləməlidir”.
"Azvision.az” saytının əməkdaşı, tanınmış jurnalist Anar Kəlbiyev isə deyib ki, adıçəkilən qanuna təklif edilən əlavələr təqdirəlayiqdir:
"Sözsüz, elə saytlar ola bilər ki, bu qadağa onlara o qədər də təsir etməz. O baxımdan ki, iki aylıq qadağa neqativ istiqamətdə çalışan media qurumunu doğru yola yönəltmək üçün azdır. İnternetin belə sürətlə inkişaf etdiyi bir dövrdə, saytlar da durmadan artır. Onların arasında neqativ fəaliyyətlə məşğul olanlar az deyil. Saytların sürətlə çoxaldığı bir vaxtda qadağaların olması vacibdir. Düşünürəm ki, bu müddət xoşagəlməz fəaliyyətlə məşğul olan saytlara təsir etməzsə, gələcəkdə nəzərdə tutulan cəza daha da sərtləşdirilə bilər”.