240 binanın birinci mərtəbəsində yaşayanlar ağciyər xəstəliklərinə tutulub
Zirzəmisi su ilə dolmuş binaların məsuliyyətini “Azərsu” daşıyırRespublika Gigiyena və Epidemiologiya Mərkəzi paytaxt binalarındakı kritik duruma dair açıqlama verib. İlin yekunlarına həsr olunmuş tədbirdə Mərkəzin şöbə müdiri Ziyəddin Kazımov paytaxtda 240-a yaxın binanın zirzəmisinin su ilə dolu olduğunu deyib.
Şöbə müdiri qeyd edib ki, paytaxtdakı binaların sulu zirzəmi problemi var və bununla bağlı müvafiq dövlət qurumlarına ünvanlar qeyd edilməklə məktublar göndərilib: "Həmin ərazilərdə mühəndis-texniki işlərin aparılmasının vacibliyini diqqətlərinə çatdırmışıq. Buna baxmayaraq bu gün də sulu zirzəmi problemi həll olunmayıb”.
Şöbə müdiri sulu zirzəmilərin həmin binaların birinci mərtəbələrində yaşayan sakinlərin sağlıq durumuna mənfi təsir göstərdiyini də vurğulayıb. Z.Kazımov deyib ki, sulu zirzəmilər alt mərtəbələrdə yaşayan sakinlərdə tənəffüs sistemi, o cümlədən ağciyər xəstəliklərinin yaranmasına səbəb olur. Zirzəmilərə suyun yığılma səbəbləri isə kommunikasiya xətlərindəki nasazlıqlar, qrunt suları və digər qarışıq suların toplanmasıdır.
Mövcud problemlə bağlı "Şərq”ə danışan Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli qeyd etdi ki, əgər rəsmi qaydada 240 bina deyilirsə, reallıqda say bəlkə də 300-dən çoxdur:
- 240 bina bilirsiz nə deməkdi?! Bu, az qala, bütün şəhərdir. Bəlkə də 300-ə yaxın binadır. Problem varsa, əlbəttə, həll edilməlidir. Ələlxüsus da, bir halda ki, sulu zirzəmilər sakinlərin sağlamlığını təhdid edir. Problemi həll etmək vəzifəsi isə müvafiq icra orqanlarının üzərinə düşür. Hazırda şəhərdəki yaşayış binaları ayrı-ayrı strukturların balansındadır. Elə bina var Bakı şəhər İcra Hakimiyyətinin balansındadır, eləsi var, özəl şirkətindir, bəziləri Fövqəladə Hallar Nazirliyi, bəzisi Əmlak Komitəsinin balansındadır. Zirzəmisi su ilə dolmuş bina hansı strukturun balansındadırsa, problemi də o həll etməlidir. Bunun üçün də ilk növbədə "Azərsu”ya müraciət edilməlidir.
Çünki ölkədə su ilə bağlı nə məsələ varsa, "Azərsu” ASC məsuliyyət daşıyır. RGEM bildirir ki, suyun zirzəmilərə dolmasının bir səbəbi kommunikasiya xətlərinin nasazlığıdır. Bu halda təbii ki, su xətlərinin təmiri, su borularının yenilənməsi lazımdır. Bu iş də "Azərsu”nun öhdəsinə düşür. Bununla yanaşı, mənzil-istismar sahələri, mənzil kommunal təsərrüfatı birlikləri binalardakı vəziyyəti bilməlidirlər. Belə hesab edirəm ki, sulu zirzəmisi olan binalar deyiləndə, əsasən sovet illərində tikilmişlərdən söhbət gedir. Xüsusən də "xruşşovka”lar. Mikrorayonlardakı 7, 9 mərtəbəli binalar da bu sıradadır. Zirzəmilərə həm də qrunt suları yığılır. Çünki ümumilikdə Abşeron yarımadası gil təbəqəsindən ibarətdir. Su gil təbəqəsinin üzərinə çıxır. Bunun yolu da suların müntəzəm olaraq çəkilib əsas kanalizasiya xəttinə yönləndirilməsidir. Su yığıldıqca, nasoslar vasitəsilə çəkilməlidir. Nasaz su xətləri də yenilənməlidir. Daha burada çətin riyazi hesablama yoxdur ki, həll edə bilməsinlər.
V.Tofiqli sakinlərin də bu məsələlərdə aktiv olmasını vacib sayır:
- Bilirsiz, bizdə vətəndaş cəmiyyəti arzuolunan səviyyədə deyil. Yuxarı mərtəbələrdə yaşayanlar sevinir ki, nə yaxşı birinci mərtəbədə yaşamıram. Elektrik kəsiləndə "Bakıelektrikşəbəkə”yə 50 dəfə zəng edirlər. Amma zirzəmi su ilə dolubsa, ancaq birinci mərtəbədə yaşayan əziyyət çəkir. Yuxarı mərtəbədəkilərin vecinə də olmur. Amma düşünmürlər ki, sulu zirzəmi ümumilikdə bütün bina sakinləri üçün təhlükədir. Çünki ətrafa antisanitariya saçır.