AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə Əlaqələr Şöbəsindən QAZİLER.AZ saytına verilən xəbərə görə, bu gün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş toplantı keçirildi. Toplantıda İnstitutun rəhbərliyi, şöbə və bölmə rəhbərləri, əməkdaşları iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova bildirdi ki, Azərbaycan xalqının və dövlətçiliyimizin xilaskarı olmuş Heydər Əliyev dünya miqyasında gedən hadisələrə təsir etmək gücünə malik nadir tarixi şəxsiyyətlərdən biri idi.Onun xalqımızın bu günü və gələcəyi üçün miras qoyduğu möhtəşəm irsin siyasi, elmi və mədəni aspektlərdən dərki Xalq və Dövlət kimi mövcudluğumuzun qarantıdır.
“Bu gün Azərbaycan arxeologiyasının və etnoqrafiyasının inkişafı, dünyanın qabaqcıl elm məktəbləri ilə eyni sıralarda təmsil olunması məhz Ulu Öndərin xidmətləri ilə bağlıdır. Ulu Öndərin layiqli davamçısı prezident İlham Əliyev də bu xətti uğurla davam etdirdiyinin canlı şahidiyik" – deyə Maisə Rəhimova öz çıxışında vurğulamışdır.
Tədbirdə iştirak edən Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, akademik Teymur Bünyadov, İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov, tarix elmləri doktoru, professor Abbas Seyidov, tarix üzrə fəlsəfə doktoru, professor Nərgiz Quliyeva və d. əməkdaşlar Ümummilli Liderin şərəfli və mənalı həyat yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən, dövlətimizin inkişafı və güclənməsi üçün Ulu Öndərin müəyyən etdiyi kursu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş yüksək uğurlardan söz açdılar.