“Ötən gün bir yerdə olmuşuq, kefi yaxşı idi, axşam eşitdim ki, qəfildən öz iş otağında damarlarını doğrayıb”.
Bunu virtualaz.org-a Göyçay şəhərindəki 9 saylı məktəbin binasında yerləşmiş Şuşa şəhər 17 saylı məktəbin direktoru Məzahir Hüseynov deyib.Onun sözlərinə görə, direktor evinə - oğluna və həyat yoldaşına zəng edərək halının pisləşdiyini bildirib. Bundan sonra təcili yardım çağırılıb və onu xəstəxanaya yerləşdiriblər.
17 saylı məktəbin direktoru deyir ki, Akif Qəribov 18 ilə yaxındır ki, məktəb direktoru işləyir və onun hər hansı problemi olmayıb: “Yalandan yazırlar ki, pul istəyiblər. Ondan kim pul istəyə bilər ki? Rayon Təhsil Şöbəsinin müdiri ilə də çox yaxın münasibəti var, bir yerdə oturub-dururlar. Bunlar yalan söhbətlərdir, əgər pul istəsəydilər, bilərdik. Mənim bildiyimə görə, ailəsində də problem olmayıb. Hələ hansı səbəbdən intihar etmək istədiyi bilinmir, hazırda iş araşdırılır”, - deyə M. Hüseynov qeyd edib.