Bu şagirdlər xüsusi şəhadətnamə alacaq - QAYDA

Bu şagirdlər xüsusi şəhadətnamə alacaq - QAYDA backend

Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Azərbaycanda Ümumi təhsil müəssisələrində ümumi orta təhsil üzrə xüsusi nümunəli şəhadətnamə almağa namizəd şagirdlərin müəyyənləşdirilməsi Qaydası təsdiqlənib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bu qayda ümumi təhsil müəssisələrində ümumi orta təhsil üzrə xüsusi nümunəli şəhadətnamə almağa namizəd şagirdlərin müəyyənləşdirilməsi prosesini tənzimləyir.

Ümumi orta təhsil səviyyəsində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənən, VIII-IX siniflərdə bütün fənlərdən illik, eləcə də buraxılış imtahanlarından “əla” qiymət alan, ümumi orta təhsil haqqında şəhadətnaməyə yazılan fənlər üzrə yekun qiymətlərin hamısı “əla” olanlar xüsusi nümunəli şəhadətnamə almağa namizəd şagirdlər hesab edilir.

Xüsusi nümunəli şəhadətnamə almağa namizəd şagird haqqında məsələyə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılır və müvafiq qərar qəbul edilir. Məzunlara ümumi orta təhsil haqqında xüsusi nümunəli şəhadətnamə verilməsi məktəb direktorunun təqdimatı ilə məktəbin tabe olduğu təhsili idarəetmə orqanının əmri ilə rəsmiləşdirilir. Ümumi orta təhsil haqqında xüsusi nümunəli şəhadətnamə məzunlara təntənəli şəraitdə təqdim edilir.

Bu Qayda buraxılış imtahanlarından azad edilən və evdə fərdi təhsilə cəlb olunmuş məzunlara şamil edilmir.
Diaspora