Bunun üçün ölkə vətəndaşlarına hər cür şərait yaradılır və bu layihələr təkmilləşdirilməkdə davam edir. Azərbaycanda pensiya təyinatının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən “Mərkəzi Çağrı Sistemi” vasitəsilə həyata keçirilməsi, habelə “Asan Xidmət” mərkəzlərində əmək pensiyalarının təyinatı xidmətinin təşkili işi daha da genişləndirilib. Sosial sığorta müavinətlərinin ödənilməsi elektron xidmətlər vasitəsilə reallaşdırılıb. “Elektron hökumət” portalının statistikasına əsasən Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasındadır.
2015-ci ilin birinci rübü ərzində Fondun həm öz saytı, həm də elektron hökumət portalı” və “elektron ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 530 minə yaxın istifadə qeydə alınıb. “Sosial sığorta haqlarının ödənişi və hesabatlılığı sahəsində avtomatlaşdırılma nəticəsində Azərbaycan “Doing Business 2015” hesabatında 32 pillə irəliləyib. Artıq “elektron hökumət” vasitəsilə vətəndaş gələcəkdə alacağı pensiya kapitalına indidən nəzarət edə bilir.Məlumdur ki, Azərbaycanda əmək pensiyaları ödənilmiş məcburi dövlət sosial-sığorta haqlarına əsəsən təyin olunur. Son illər ölkəmizdə çalışan əhalini əhatə edən pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış müasir sığorta-pensiya sistemi formalaşdırılıb ki, bu da davamlı inkişafla yanaşı həmdə ölkədə pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların tətbiq edilməsidir. Tətbiq olunan bu cür tendensiyalardan biri də fərdi uçotdur. Nədir fərdi uçotun önəmi? Müvafiq qanunvericiliyə əsasən fərdi uçot əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. Yəni sığortasının həyata keçirilməsi, əmək pensiyalarının məcburi dövlət sosial sığorta haqlarının məbləğinin hesablanması üçün informasiya bazasıdır. Vətəndaşlara dövlət sosial sığorta haqları barədə məlumatların fərdi şəxsi hesablarında əks olunmasına nəzarət etmək üçün yaradılmış şəraitdir. Bu isə o deməkdir ki, işləyən nər bir şəxs gələcəkdə alacağı pensiya məbləğinin formalaşmasında özü iştirak edə, gedişatı izləyə bilir. Hər vətəndaş özü aylıq gəlirindən məcburi dövlət sosial sığorta haqlarının vaxtında köçürülməsinə özü nəzarət edir, yəni bu imkan ona yaradılıb. 2006-cı il 01 yanvar tarixindən tətbiq olunan “Əmək pensiyaları haqqında” ölkə qanunvericiliyinə əsasən əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır. Bu isə pensiya məbləğinin sosial sığorta haqlarının ödənilməsindən birbaşa asılı edir. Ödənilmiş sosial sığorta haqlarının fərdi uçotunun aparılması məqsədilə Dövlət Sosial Müdafiə Fondu hər bir sığortaolunanı fərdi uçot sistemində uçota alaraq onun üçün unikal sosial-sığorta nömrəsi olan fərdi şəxsi hesab açır. Həmin hesabda sığortaolunanların gələcək pensiya təyinatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatlar toplanır və sığortaolunanın DSMF-da uçota alındığını və onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən hüquqi sənəd - sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilir. Sosial sığorta işçinin qazancının dəyərinin bir hissəsidir və sosial risqlərdən sığortalanma məqsədilə fondlaşdırılır. İşçinin əməyinin dəyəri təkcə əmək haqqı kimi verilən məbləğlə deyil, işçi qüvvəsinin təkrar istehsalı üçün lazım olan bütün xərclərlə (o cümlədən xəstəlik, əlillik, qocalma, ailə başçısını itirmə hallarında təminatla) ölçülür. Ona görə də istər beynəlxalq təcrübədə, istərsə də ölkəmizdə əməkhaqqı ilə birlikdə məhsulun maya dəyərinə aid edilir. Burada ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulmaqla, vətəndaşın pensiya hüquqları həmin uçotun məlumatları əsasında müəyyənləşdirilir.
Sığortaolunanların fərdi uçot sisteminin qurulması prosesində fərdi uçota alınanların sayı cari ilin birinci rübündə 2,2 faiz artaraq 01 aprel 2015-ci il tarixə 3 041,8 min nəfərə çatıb. Bununla yanaşı sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların qəbulu davam etdirilir.
Ölkəmizdə sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına uyğun əməkhaqqı fondu, bundan formalaşan sosial-sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulub ki, bu şəraitdə sosial sığortaya cəlb olunan əməkhaqqlarının artımı pensiya artımlarını da şərtləndirir. Belə olan şəraitdə əmək haqqı üstəlik kimi qəbul olunan sosial sığorta haqlarının azaldılması, əməyin ümumi dəyərinin azaldılması anlamına gəlməklə fərdi hesablarda toplanan vəsaitlərin də azalmasına səbəb olaraq gələcək pensiya təminatına mənfi təsir göstərir. MDB və Baltikyanı ölkələr içərisində sosial sığorta dərəcəsinin ümumi tarifinə görə Azərbaycan ən aşağı dərəcə tətbiq edən ölkədir. Son 20 ildə sosial sığorta dərəcələri Avstriyada 1,25 faiz, Böyük Britaniyada 2 faiz, Almaniyada 4,2 faiz, İtaliyada 8,2 faiz, Kanadada 4 faiz, ABŞ-da 1,6 faiz, Yaponiyada 1 faiz, Rusiyada isə 8 faiz qaldırılıb. Dövlət Sosial Müdafiə Fondunun rəsmilərinin fikrincə, sosial sığortanın iqtisadi mahiyyəti sosial sığorta normativinin strukturunda işəgötürənlə işçi arasındakı nisbətin dəyişdirilməsində də nəzərə alınmalı, işçinin payının artırılması adekvat əmək haqqı ödənişlərinin artımı ilə qarşılanmalıdır.
Respublikamızda vətəndaşların pensiya təminatının təkmilləşdirilməsi tədbirləri “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq davam etdirilir. Proqramın əsas məqsədi pensiya sığorta prinsiplərinin gücləndirilməsi və yığım komponentinin tətbiqi, pensiya islahatlarının dərinləşdirilməsi, yeni sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunması, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsidir. Dövlət Proqramına əsasən, müasir standartlara uyğun avtomatlaşdırılmış pensiya təyinatına keçid bu gün uğurla həyata keçirilməkdədir. MDB məkanında ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına Azərbaycanda başlanılmışdır. Dövlət Sosial Müdafiə Fondundu bildirir ki, pensiya təyinatının avtomatlaşdırılması kimi mühüm prosesə başlanılması sığorta-pensiya sistemində aparılan davamlı islahatların məntiqi nəticəsidir. Bu sıraya pensiya qanunvericiliyinə edilən ardıcıl dəyişikliklərlə pensiya təyinatı alqoritminin sadələşdirilməsi, ödənilən sosial sığorta haqlarının fərdi uçotu, sığorta-pensiya sistemində Avropa standartlarına uyğun müasir avtomatlaşdırılmış infrastrukturun qurulması, DSMF-nin serverlərində unikal elektron məlumat bazalarının yaradılması kimi kompleks tədbirlər daxildir. İstənilən vətəndaş bura daxil olaraq öz fərdi hesabı barədə məlumat ala, eləcə də pensiya kalkulyatoru vasitəsilə pensiyasını hesablaya bilir.
Dövlət Sosial Müdafiə Fondu tərəfindən sosial sığorta, fərdi uçot, əmək pensiyalarının təyinatı şərtlərilə bağlı qanunvericiliyə ciddi dəyişikliklərin edilməsi haqqında da layihə hazırlanır. Dəyişikliklərdən biri sosial sığorta haqlarının fərdi hesablarda uçotu qaydalarının əsaslı şəkildə yenilənməsini nəzərdə tutur. Fondun sədri Elman Mehdiyev bu barədə: “Yəni, hazırkı 50%-lik hissəsinin deyil, 100 faizlik - tam məbləğinin fərdi hesablarda təyin olunaraq pensiya məbləğlərinə yönəldilməsini ifadə edəcək. Bunun nəticəsində yuxarı əməkhaqlarından yuxarı sosial sığorta haqları ödəyənlər daha yüksək pensiya təminatına malik olacaqlar.
Bu günə qədər ödənilən sosial sığorta haqları da yarı faizlik hesablarda qeydiyyata alınmasına baxmayaraq, dəyişiklikdən sonra yeni qaydalara transfer olunacaq. Pensiyaların hesablanması alqoritmi də əsaslı şəkildə dəyişəcək. Bü gün ölkədə pensiyaların iki pilləli - baza və sığorta hissəsindən ibarət maliyyələşdirilməsi prosesi aparılır. Baza hissəsinin restruktrizasiyası nəticəsində pensiyalar vahid tərkibdə, yəni yalnız sığorta hissəsindən ibarət olaraq hesablanacaq. Bu sığorta hissəsi də sosial sığorta kapitallarının 100 faizlik uçotuna əsaslanacaq.
DSMF bu istiqamətdə həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də genişmiqyaslı texniki işlərin reallaşdırılması ilə bağlı bütün hazırlıq işlərini, demək olar ki, yekunlaşdırıb”.
Sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə qanunvericiliyin hazırlanması sahəsində Dövlət Sosial Müdafiə Fondu və Avropa İttifaqının birgə layihəsinin Rəhbər Komitəsinin iclası keçirilib. Fondun İctimaiyyətlə əlaqələr sektoru bildirir ki, iclasda layihənin fəaliyyətə başlamasından ötən dövr ərzində görülən işlər və növbəti mərhələdə qarşıda duran vəzifələr müzakirə olunub. Xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də fərdi uçot sisteminin tətbiqi ilə bağlıdır. Ölkəmizdə sığorta-pensiya sistemində fərdi uçotun tətbiqi mühüm əhəmiyyət kəsb edir. Çünki işləyən şəxsin gələcək dövlət pensiya təminatı onun sığorta stajından və fərdi şəxsi hesabında toplanmış məcburi dövlət sosial sığorta haqlarının miqdarından birbaşa asılıdır. Ötən dövr ərzində dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqi və inkişafı məqsədi ilə mühüm vəzifələr yerinə yetirilib, bu sahədə normativ hüquqi baza yaradılıb, zəruri infrastruktur qurulub, 2 milyon 800 min nəfərdən çox şəxsə fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanılıb. Eyni zamanda sığortaolunanlara dair illik hesabatların qəbulu və müvafiq məlumatların fərdi şəxsi hesablarda əks etdirilməsi, sığortaolunanların bu məlumatları maneəsiz əldə edə bilməsi və öz pensiya kapitalına, həm də işəgötürəninin onun üçün əmək haqqına uyğun sosial sığorta haqqı köçürdüyünə nəzarət etmək imkanının təmin edilməsi üçün mühüm işlər həyata keçirilib.
Rəsmiyyə RZALI,
“Azərnəşr”in redaktoru
Yazı DSMF “Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır” mövzusunda keçirdiyiyazı müsabiqəsinə təqdim etmək üçündür.