“Qarabağ Qaziləri”, “Vətən Müharibəsi Əlilləri” ictimai birliklərinin, “Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına” İnkişaf Fondunun və “Qaziler.az” saytının rəhbərləri Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevə müraciət ünvanlayıblar.
Onlar Şəhid Balmaqambetov Aleksandr Qarifulla oğlunun ailə üzvülərinin hüquqlarının əcaib formada pozulmasından narahatdırlar.Şəhid ailəsinin qanuni mülkiyyətini göz görə-görə dağıtmaqla hədələyirlər. İNTEKS MMC tikinti şirkətinin əməkdaşları onların yaşadığı binanı sökərək yerində hündürmərtəbəli bina tikmək niyyətində olduqlarını bildirməklə şəhid ailəsinin evini almaq istəyirlər. Lakin, onların təklifi şəhid ailəsini qane etmədiyi üçün, razılaşma mümkün olmayıb. Buna görə də şirkət nümayəndələri ailəni təhqir edir, evlərini başlarına uçurmaqla hədələyirlər.
Vəziyyət o həddə gəlib çatıb ki, heç razılaşma olmadan, müqavilə imzalanmadan ərazidə yaşayan sakinlərin işığını kəsib qaranlığa qərq ediblər. Şəhidin anası qalıb qaranlıq mənzildə! Bu hansı qanuna, hansı ədalətə sığır?!
Hətta bu gün Nərimanov rayon icra hakimiyyətinin başçısının müavini Şahmar İbadovun (Xatırladaq ki, bu adamın oğlu Elmar İbadov bir müddət əvvəl dədəsinin “halal” maaşı ilə aldığı 200 minlik lüks avtomobillə bir nəfər vurub öldürüb və hazırda azadlıqda gəzir.) imzası ilə sakinlərin mənzillərinin, qapısına, divarına “BİLDİRİŞ”də vurublar. Həmin bildirişdə sakinlər açıq-aşkar hədələnir!
Çox maraqlıdır! Nəyə görə rayon icra hakimiyyəti başçısı vətəndaşların yox, insanların haqqına girən “iş adamlarının” mövqeyini güdür? Bunların marağı nədir?
Bütün bu qanunsuzluqlarla bağlı yuxarıda adı çəkilən təşkilat rəhbərləri yaranmış problemi görüşüb müzakirə etmək üçün Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevə müraciət ediblər. Müraciətdə deyilir:
“Hörmətli Abdin müəllim!
Nəzərinizə çatdırmaq istəyirik ki, Balmaqambetov Aleksandr Qarifulla oğlu könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xüsusi təyinatlı olaraq döyüşmüşdür. O, döyüşdüyü müddətdə xüsusi fədakarlıq göstərmiş və şəxsi şücaəti ilə seçilmişdir. 1994-cü ilin yanvar ayının 17-də Ağdərə uğrunda gedən döyüşlərdən birində qəhrəmancasına şəhid olan Aleksandrın həyat yoldaşı Balmaqambetov Zinayida Vasili qızı üç oğlu ilə Nərimanov rayonu Nemət Quliyev küç, ev 12, mənzil 20 A ünvanında yaşayırlar.
Qeyd etmək istəyirik ki, vətən şəhidinin 3(üç) oğlunu təkbaşına qəhrəmancasına böyüdən Zinayida xanım son vaxtlar ciddi surətdə narahat edilməkdədir. Belə ki, tikinti şirkəti olan İNTEKS MMC –nin əməkdaşları onların yaşadığı binanı sökərək yerində hündürmərtəbəli bina tikmək niyyətində olduqlarını bildirməklə şəhid ailəsinin evini almaq istəyirlər. Lakin, onların təklifi şəhid ailəsini qane etmədiyi üçün, razılaşmadan imtina edirlər. Belə olan təqdirdə İNTEKS firmasının əməkdaşları ilə şəhid ailəsinin arasında anlaşılmazlıqdan törəyən qarşıdurma yaranır ki, bunun da nəticəsində şəhid ailəsinin üzvlərinə narahatçılıq törədilir.
Xüsusilə də qeyd etmək istəyirik ki, bu məsələ ilə bağlı problem Qarabağ müharibəsi əlilləri və şəhid ailələri arasında ciddi nigarançılığa və narazılığa səbəb olmuşdur.
Cənab başçı!
Xahiş edirik, İNTEKS MMC-nin rəhbərliyinə şəhid ailəsinin müstəsna vətəndaş olmasını, onlarla davranan zaman xüsusi həssaslıq tələb olunduğunu və ümumiyyətlə Azərbaycan Respublikasının Konstitusiyasının 13.1. və 29-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyətin toxunulmaz olduğunu və dövlət tərəfindən müdafiə olunduğunu izah olunması üçün lazımi tədbir görəsiniz.
Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “ İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz., “Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir., Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüquqlarını təsdiqləyən sitatların sayını artırmaq olar. Bir sözlə qeyd etmək istəyirik ki, mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir ki, bu da Azərbaycan Respublikasının Konstitusiyasının yuxarıda göstərdiyimiz müvafiq ( 13.1., 29.) maddələrində öz əksini tapmışdır. Son olaraq tikinti şirkətlərinin istinad etdiyi Nazirlər Kabinetinin 25.02.2016 tarixli 86 saylı qərarının 1.2. və 1.3. maddələri ilə vətəndaşa tanınan hüquqları xatırlatmaq istəyirik. Bu maddələr bütün mübahisəli vəziyyətlərdə mülkiyyət sahibinə üstünlük verməkdədir. Çünki , Konstitusiyamızın 10-cu fəsli 147-ci maddəsinin aşağıdakı bəndləri:
I. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.
II. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.
III. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır. - deməklə son nöqtəni qoymuşdur.
Bu məsələ ilə bağlı uyğun biləcəyiniz təqdirdə təmsilçi İctimai Birlik rəhbərləri olaraq, Sizinlə görüşməyə hazır olduğumuzu bildirmək istəyirik”.
QAZİLER.AZ