Hərbçi rəssam Tərlan Eyvazov haqqında düşüncələrim
Tərlanla yaxın dostluğumuzun tarixçəsi on illərə gedib çıxır... Yataqxana həyatı yaşadığımız dövrlərdə tanış olmuşduq. Xarakterindəki həssaslıq, istiqanlılıq onunla sıx ünsiyyət yaratmağımızda yardımçımız oldu. Bütün bunlarla yanaşı, rəssam olduğu üçün mənə çox maraqlı insan təsiri bağışlamışdı ilk tanışlıqdan. Çəkdiyi rəsmlər də diqqətimdən yayınmırdı...... Danışdıqca ürəyində coşqun həyat eşqinin olduğunu, saf və təmiz duyğularla həyata, insanlara bağlılığını hiss edirdim. Ürəyi arzularla dolu idi, yaratmaq eşqiylə yaşayırdı. O, Vətənimizin, xalqımızın başına gətirilən faciələrdən, millətimizin keçmişindən, indisindən, gələcəyindən də söhbət açarkən lazımlı və gərəkli fikirlər söyləyirdi. Gəncliyimizin qaynar çağlarında bizi eyni amal, eyni məqsəd, ümumi maraqlar və ümumi əlamətlər, eləcə də yaradıcılıq vərdişləri doğmalaşdırmışdı. O zaman mən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini təzəcə bitirmişdim və çoxtirajlı qəzetdə müxbir kimi əmək fəaliyyətinə başlamışdım. Çox keçmədi ki, məni gənc kadr kimi irəli çəkdilər və həmin qəzetin redaktoru təyin olundum.
Tərlan Eyvazov da o zaman institutdan yenicə məzun olmuşdu. İlk tanışlığımızdan bir neçə gün sonra redaksiyamıza gəldi. Onun rəssamlıq bacarığına, bu sənətə sonsuz sevqisinə heyran oldum.
Gözlərində bir ümid işığı vardı. Gətirdyii qovluğu açıb öz rəsmlərindən bir neçəsini redaksiyamıza bağışladı. Beləcə, redaksiyamızın kollektivi ilə qaynayıb qarışdı, qəzetimizlə əməkdaşlıq etməyin təməlini qoydu. Qəzetimiz üçün təmənnasız illüstrasiyalar çəkirdi. Özü də söz verdiyi vaxtda öz səliqə - səhmanı ilə çəkdiyi rəsmlərini redaksiyamıza gətirirdi.
İllüstrasiya çəkmək də özünəməxsus yüksək sənətkarlıq tələb edir. Tərlanın çəkdiyi illüstrasiyalar elə o vaxtdan yüksək sənətkarlığı ilə seçilirdi. Həmin rəsmlərə Tərlan ürəyinin istiliyini, əllərinin hərarətini verirdi.
... Aradan illər ötdü. Yataqxana həyatı da, həmin redaksiyada işlədiyim illər də arxada qaldı. Siyasi qovğalar, Dağlıq Qarabağ faciəsi, 20 Yanvar hadisələri araya düşdü. Tərlanla zaman – zaman görüşə bilmədik. Bir müddət sonra onu zabit rütbəli paqonlarla hərbi geyimdə gördüm.
Qarabağımızın başının üstünü qara buludlar alanda, xalqımızın taleyüklü günlərində Tərlan Eyvazov evində rahat otura bilmədi, öz rahat həyat yolunu döyüş yoluna, müharibə yoluna dəyişdi. Könlündəki istək, ürəyindəki Vətən sevgisi onu əsgər paltarı geyinməyə sövq etdi. O, Qarabağımızın keşiyində dayanaraq ömrünün gənclik illərini səngərlərə verdi. Tərlan Eyvazovun əyninə əsgər paltarı geyinməsinin üstün cəhəti Əfqanıstan müharibəsinin veteranı olması, fərqli cəhəti isə rəssamlığı ilə bağlı idi...
Uzun illər əlaqələrimiz kəsilmişdi. ...İndi biz yenə də ünsiyyətimizi davam etdiririk. Yataqxana həyatından başlanan dostluğumuz xatirimizdə silinməz izlər buraxıb. Sadəliyinə, səmimiyyətinə, halallığına və ən əsası insansevərliyinə vurulduğum dostum Tərlanın dost sevgisini qazanmaq da hər adamın işi deyil. Biz bir - birimizin dostluq haqqımızı insani səmimiyyətimizlə, etibarımızla qazanmışıq. Tərlanın dostluq duyğusu, ən ali insani dəyərlərə yüksək qiymət verməsi, haqq - ədalətə ehtiram göstərməsi insanların nəzərində ona hörmət üstündən hörməq qazandırır...
Bir dəfə haqqında yazılan yazılara münasibət bildirəndə özü də dedi ki, sən məni digər yazar həmkarlarından daha yaxşı və həm də çoxdan tanıyırsan...Onun bu sözündən könlüm duyğularla büründü. Sanki ürəyimdən vüqarlı dağlar dikəldi.
Söhbət Qarabağ və Əfqanıstan müharibəsi iştirakçısı, ehtiyatda olan zabit, rəssam Tərlan Eyvazovdan gedir. O, 1960 – cı ildə Hacıqabul rayonunun Qızılburun kəndində anadan olub. 1977 – 79 – cu illərdə rəssamlıq məktəbində təhsil alıb, rəssamlıq sənətini məharətlə mənimsəyib. Sonra həqiqi hərbi xidmətə çağrılıb. Əfqanıstanda ( 1979 – 81 – ci illər) hərbi xidmətdə olub. Hərbi xidmətdən tərxis olunduqdan sonra, 1982 – 87 – ci illərdə APİ – nin (İndiki Pedaqoji Unuversiteti) bədii qrafika fakültəsində oxuyub və oranı fərqlənmə diplomu ilə bitirib. Ali təhsilini bitirdikdən sonra Qaradağ rayonunun Sahil qəsəbəsindəki 273 saylı məktəbdə müəllim işləyib. İndinin özündə isə, belə demək mümkündürsə, bir gün hərbçidir, bir gün rəssam...
Xocalı hadisəsindən sonra Əfqanıstan müharibəsi veteranlarından ibarət 776 saylı xüsusi təyinatlı hərbi hissənin yaradılmasında yaxından iştirak edib və həmin hərbi hıssənin tərkibində Qarabağda vuruşub. Əvvəl qrup komandiri, sonra isə hərbi hissə
komandirinin müavini vəzifəsində xidmət edib. Ordudan tərxis olunduqdan sonra müxtəlif sahələrdə çalışıb. Eyni zamanda o vaxtdan ictimai fəaliyyətlə də məşğul olur. Dövri mətbuatda hərbi – siyasi yönümlü məqalələrlə çıxış edir. İki müharibənin veteranı kimi televiziyalarda və KİV – lərdə çıxışları maraqla qarşılanır.
Onun xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri Qarabağı işğaldan azad etmək üçün dəfələrlə əks hücum əməliyyatlarında gərgin döyüşlərdə iştirak etmişdir. Ağdam, Füzuli, Laçın, Tərtər, Ağdərə və Zəngilan istiqamətlərində düşmənlə üzbəüz, həmçinin düşmən arxasında kəşfiyyatda və başqa əməliyyatlarda şücayətlə vuruşmuşlar
Könlümüzün məskəni Qarabağ bizim təsəllisiz dərdimizdir. Tərlanın sözü – söhbəti təsəllisiz dərdimizə bəstələnmiş bir ağıya bənzəyir. Onun istedadı bir rəssam kimi öz yaradıcılığının müxtəlif qütblərində büruzə verir. O, gözəl tablolar çəkir. Bununla yanaşı, portret janrında rəsmlər çəkmək Tərlanın rəssam yaradıcılığında ayrıca bir qolunu təşkil edir. Hərbçi dostlarının portretini çəkmək ona daha doğma olan bir hissdir. Bu baxımdan öz komandiri olmuş Milli Qəhrəman, polkovnik Eldar Ağayevin portretini yaradarkən dərin düşüncələrlə sifət cizgilərində zahiri oxşarlığı ilə yanaşı, daxili aləmindən və xarakterindən də ştrixlər verə bilmişdir. Bu portret Mili Qəhrəmanı fotodakı görünüşündən daha canlı göstərir. O, komandirinin obrazını yaradıcı düşüncələrlə qiymətli bir portretə çevirib. Əlbəttə, hər şeyi hər zaman sözlə ifadə etmək olmur. Amma sözlə ifadə edilə bilməyən elə şeylər var ki, rəssam fırçasıyla ifadə edə bilir.
Qarabağ yanğısı ilə bağlı Tərlanın bir çox rəsmləri, illüstrasiyaları var, hamısı da bir – birindən maraqlı və təsirli. Bu rəsmlər də xalçalarımız kimi ilmə - ilmə, naxış – naxış rəssamın fırçasına boyanan rənglərdən əmələ gəlib, dərin məna kəsb edir və düşündürür. Həm də Tərlanın rəsmlərindəki rəng seçimi gözə rahatlıq verir.
O soyuq səngərlərdə neçə - neçə igid oğullarımız şəhid olub. Torpağın üzü soyuq olduğu üçün qara torpaq dərdi beləcə soyudur. Amma rəssam Tərlan Eyvazov hərbin alovlarını, müharibənin dəhşətlərlə dolu acı xatirələrini rəsmlərində elə əks etdirir ki... Baxıb görürsən ki, o, müharibədə gördüyü dəhşətləri , ağrı – acıları min bir əzabla dilinə gətirsə də çəkdiyi rəsmlərdə bu məşəqqətləri daha təsirli əks etdirir.
Mən onun emalatxanasında olarkən çəkdiyi rəsmlərə böyük maraq və diqqətlə tamaşa edirdim və bu ecazkar sənət əsərlərinin cazibəsindən ayrıla bilmirdim. "Nargin adası” tablosuna baxdıqca baxdım...Bu tabloda Tərlan üçün dənizin cazibəsi də fərqlidir. Onun rəng duyumu, rəng çalarlarına yanaşması da xüsusi istedadından xəbər verir. Rəssamlıq
bacarığı bu cür yanaşmasında qabarıq təsir bağışlayır. Buludların arasından özünü göstərən Günəşin haləsindən süzülən işıq seli mavi sularda qızılı – mirvari rəngdə əks olunub. Bu tablodakı işıqla rəngin harmoniyası öz təravəti və orjinallığı ilə seçilir. Çəkdiyi mənzərə rəssam fırçasının, rəssam duyumunun qüdrəti ilə daha da aydınlaşıb, daha da büllurlaşıb... Düşünürsən ki, vaxt daraldıqca Günəş görünməz olacaq. Bu aydınlığın üzərini pənbə buludlar örtəcək. Burdan o yana Günəş də olmayacaq. Qürub Günəş işığını öz ağuşuna alacaq. Amma Tərlanın rəsmində olduğu kimi qalacaq Günəşin haləsi. Bu tablo Günəşə güzgü tutmaqla Nargin adasının faciələrini göz önünə gətirir...
Tərlan rəsmləri üzərində işləyərkən sanki öz – özü ilə danışır. Öz səmimiyyətinə, düşüncələrinə fırçası ilə rəng qatır. Çəkdiyi rəsmləri də səmimiyyətindən, saflığından xəbər verir. Onun ürəyi canı qədər sevdiyi Qarabağa möhkəm bağlarla bağlıdır. Bu, duyğu, bu hiss Qarabağ torpağı uğrunda gedən savaşları əks etdirdiyi cizgilərdə də özünü göstərir. İstər Əfqanıstan, istərsə də Qarabağ müharibəsi mövzusunda çəkdiyi rəsmlər hərbçi – rəssam Tərlan Eyvazovun dəqiq müşahidələrinin məhsuludur. Ümumiyyətlə müharibə mövzusu rəssam Tərlan Eyvazovun yaradıcılığında mühüm yer tutur. Çünki müharibə illəri Tərlanın ömrünün ayrıca bir fəslidir desəm, yanılmaram. Bunu bilmək üçün Tərlan Eyvazovun iki müharibənin odundan – alovundan keçdiyinə nəzər salmaq yetərlidir.
Tərlanın qulluq etdiyi hərbi hissədən Qarabağ uğrunda savaşlarda 107 nəfər şəhid olub. Ümumilikdə hərbi hissədən 18 nəfər Milli Qəhrəman ( 14 nəfəri ölümündən sonra) adına layiq görülüb. Bu ağrılar ürəyini illərdən bəri incitdiyindən, düz 20 il əlinə fırça almayıb, rəsm çəkməyib. Amma dostu, mərhum yazar Zakir Sadatlının sözünü yerə salmayıb, onun kitabına illüstrasiyalar çəkib. Beləliklə, bu işi də yenidən davam etdirməyə başlayıb.
Deyir:
- Rəssamlıq ləvazimatları baha olduğu üçün rəssamlar əsasən gəlir gətirən mövzularda çəkirlər. Mən isə illüstrasiyalar çəkməklə bu boşluğu doldurmağa çalışıram. Həmçinin cəbhədə qəhrəmanlıq göstrərnlərin portretlərini öz ürəyimin istəyi ilə çəkirəm.
Tərlan Eyvazov rəssamlıq fəaliyyəti ilə yanaşı fəal ictimaiyyətçidir. Azərbaycan Rəssamlar İttifaqının və Zabitlər Birliyinin idarə heyətinin üzvüdür.
... Mən dəfələrlə onun çəkdiyi rəsmlərin gözəlliyinə heyranlıqla tamaşa etmişəm. Tərlan Eyvazov özünəməxsus üslubda əsl sənət nümunələri yaradır. İki müharibədə odun – alovun içindən keçən hərbçi – rəssam Tərlan Eyvazovun çəkdiyi rəsmlərdə və
illüstrasiyalarda müharibə dəhşətlərinin iç qatlarını aydınca görmək olur. O, rəsmlərində müharibənin görünən və görünməyən tərəflərini elə ustalıqla əks etdirir ki, baxdıqca insanda xüsusi maraq yaranır.
O, 2013 – cü ilin 24 iyununda döyüşçü rəssamların ordu gününə həsr edilmiş ilk respublika sərgisini təşkil edib. Mərhum yazıçı Zakir Sadatlının "Əfqanıstan uçurumu” romanına və Rey Kərimoğlunun "Kod adı: Rey” kəşfiyyatçının xatirələri” kitabına illüstrasiyalr çəkib. Respublika səviyyəli sərgilərdə hərbi vətənpərvərlik yönümlü rəsm və həmçinin digər təsviri sənət janrlarında işləri ilə iştirak edir.
Vaxt tapanda malbertini səngərlərin önündə qurub düşüncələrə dalır. Sonra da öz duyumunu rənglərə verib rəsmə çevirir, səngərin həyacanlı anlarını, gərgin vəziyyətini daha dəqiq müşahidələrlə əks etdirir.
Beləcə, rəssam dostum bu sənətin incəliklərinə dərindən bələd olsa da, rəsm çəkməklə çörək qazanmasa da, öz qüruruna sığınıb, öz ürəyinin diqtəsi ilə rəsmlərini çəkir, yaradıcılığından qalmır, ağ kağıza və kətana rənglərlə "nəfəs verir.” Mən də göz – gözə qaldığım bu rəsmlərin nəfəsinə nəfəs qatmaq üçün görüb düşündüklərimi yazdım.
Ədalət qəzeti