Qarabağın tacı ŞUŞA 23 ildir düşmən əlindədir

Qarabağın tacı ŞUŞA 23 ildir düşmən əlindədir backend

Mayın 8-də Dağlıq Qarabağda ən böyük azərbaycanlı yaşayış məntəqəsinin – Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğalının 23 ili tamam oldu. 1992-ci il mayın 8-də ermənilər Şuşanı işğal etməklə Dağlıq Qarabağa nəzarəti tamamilə ələ keçirdilər. Azərbaycanın bölgədə mühüm strateji mövqeyi əldən verməsi sonrakı itkilərə zəmin yaratdı. Şuşanın işğalı həmin dövrdə respublikadakı faktiki hakimiyyətsizliyin, ordu hissələrinin siyasi oyunlara cəlb edilməsinin aşkar nəticəsi idi. İşğal nəticəsində rayonun 20 mindən çox əhalisi didərgin düşdü.

Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.

Şuşa, sadəcə, coğrafi baxımdan, Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüququnu nümayiş etdirən əsas yaşayış məntəqəsi kimi strateji əhəmiyyət kəsb edən bir bölgə deyil. Şuşa Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin vətənidir. Bu itki ilə Azərbaycan mədəniyyətinə də ağır zərbə dəydi. İşğal nəticəsində Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi talan edilmişdi.



Azərbaycan ədəbiyyatında satirik şeirin təməlini qoyanlardan biri olan Qasım bəy Zakir (1784-1857) Şuşada doğulmuşdu.

Şuşanın yetişdirdiyi istedadlardan biri də Xurşidbanu Natəvan (1830-1897) idi. İbrahimxəlil xanın nəvəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xanın qızı Natəvan həm şairə, həm də rəssam idi.



XIX əsrin qabaqcıl şəxslərindən olan Mir Möhsün Nəvvab (1833-1918) Şuşada anadan olmuşdu. O, şair, rəssam, musiqişünas, astronom, xəttat, nəqqaş, riyaziyyatçı idi.

Şuşanın yetişdirdiyi məşhur sənətkarlardan biri də XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nəcəf bəy Vəzirovdur (1854-1926). Ədib milli dramaturgiyamızda tragediya janrının banisi, istedadlı publisist idi.

Şuşa şəhərində mədəniyyətin, xüsusilə incəsənətin inkişafında Əbdürrəhim bəy Haqverdiyevin (1870-1933) böyük xidmətləri olub. M.F.Axundovun, N.Vəzirovun ənənələrini davam etdirən Ə.Haqverdiyev mədəniyyət tariximizdə istedadlı dramaturq, nasir, rejissor və görkəmli alim kimi iz qoyub.



Şuşada doğulan və ədəbiyyatımıza böyük töhfələr verən ədiblərdən biri də görkəmli yazıçı, tarixi romanlar müəllifi Yusif Vəzir Çəmənzəminlidir (1887-1943).

Tanınmış ədəbiyyatşünas Firudin bəy Əhmədağa oğlu Köçərli (1863-1920) Şuşada anadan olub. Uzun illər Azərbaycan ədəbiyyatının tarixi ilə məşğul olmuş, "Azərbaycan türklərinin ədəbiyyatı" adlı irihəcmli əsərini yazmışdır.
XX əsrin əvvəllərində görkəmli jurnalist və yazıçı kimi məşhur olan Haşım bəy Vəzirov (1868-1916) Şuşada doğulub. 30 il ədəbi jurnalistika sahəsində fəaliyyət göstərmişdir.



Şuşanın tarixində Gövhər Ağa, Xurşidbanu Natəvan, Ağabəyim Ağa, Fatma xanım Kəminə və Leyla xanım kimi məşhur qadınlar olub. Onlarla bir sırada Həmidə xanımın da adı hörmətlə çəkilir. Həmidə xanım Cavanşir (1873-1955) İbrahim xanın nəslindən olub, Qarabağ tarixçisi Əhməd bəy Cavanşirin qızı, böyük ədib Cəlil Məmmədquluzadənin həyat yoldaşıdır. "Mirzə Cəlil haqqında xatirələrim" adlı qiymətli əsərin müəllifidir.



Azərbaycanın maarif xadimlərindən biri Bədəl bəy Bəşir oğlu Bədəlbəyov (1875-1932) Şuşada anadan olub. Respublikanın xalq artistləri Əfrasiyab Bədəlbəyli, Şəmsi Bədəlbəyli onun oğlu, Fərhad Bədəlbəyli isə nəvəsidir.

Şuşanın yetişdirdiyi şəxsiyyətlərdən biri Əhməd bəy Ağaoğlu böyük şəxsiyyət və tanınmış ideoloq (1869-1939) ömrünün 50 ilini publisistika və jurnalistikaya həsr edib.

Şuşa XVIII əsrin II yarısından musiqi mərkəzinə çevrilmiş və Azərbaycan musiqisinin yüksəlişinə səbəb olmuşdur. Öz məlahətli səsləri və böyük sənətləri ilə bütün Yaxın Şərqdə məşhur olan xanəndələrdən Hacı Hüsü, Məşədi İsi, Keştazlı Həşim, Əbdülbaği Zülalov (Bülbülcan), Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəçioğlu Məhəmməd, Segah İslam, Zabul Qasım, Malıbəyli Həmid, Musa Şuşinski, Məcid Behbudov, Mütəllim Mütəllimov və bir çox başqaları Şuşanın yetirdiyi məşhur sənətkarlardır.



Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir bəy Hacıbəyli (1885-1948) Şuşanın dünya şöhrətli yetirmələrindən birincisidir. Azərbaycan opera musiqisinin banisi kimi tanınmaqla yanaşı tarixdə istedadlı jurnalist, görkəmli dramaturq, pedaqoq, musiqişünas kimi də ad qoyub.

Şuşada xanəndəlik sənəti ilə əlaqədar olaraq gözəl tar, kamança və qarmon çalanlar da yetişmişdi. Bu musiqiçilərdən böyük tarzən Sadıqcan, Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Qurban Pirimov və başqaları ən məşhur sənətkarlardır.

Şuşa Azərbaycanın bir çox görkəmli bəstəkarlarının vətənidir. Fikrət Əmirov, Zülfüqar bəy Hacıbəyov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Əşrəf Abbasov, Zakir Bağırov, Süleyman Ələsgərov və bir çox başqaları gənclik illərini Şuşada - "Qız qayası"nda, "Üç mıx"da, "Cıdır düzü"ndə, "Çanaqqala"da keçirmişlər.

Azərbaycan musiqi sənətinin tədqiqatçısı, görkəmli musiqişünas Firudin Şuşinski də Şuşada doğulmuşdu. Şuşanın verdiyi nadir istedadlardan biri də görkəmli incəsənət xadimi Mehdi Məmmədovdur (1918-1985). O, milli dramaturgiya, incəsənət nəzəriyyəsi və estetikaya aid bir sıra əsərlərin müəllifidir.

Azərbaycan teatr sənətinin parlaq ulduzlarından olan Barat Həbib qızı Şəkinskaya 1914-cü ildə Şuşada anadan olub. Barat xanım İbrahim xanın nəslindəndir.

Şuşa görkəmli memarların, xəttatların, nəqqaşların, istedadlı rəssamların Vətəni kimi də məşhurdur. Müasir şuşalı rəssamlardan Cəlal Qaryağdını, Əmir Hacıyevi, Nadir Əbdürrəhmanovu və Toğrul Nərimanbəyovu göstərmək olar. Azərbaycan milli xalça sənətinin inkişafında, dünyaya tanıdılmasında şuşalı sənətkar Lətif Kərimovun müstəsna xidmətləri olub...

Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Ermənilər insanlığa sığışmayan vəhşiliyə də əl atdılar: Üzeyir Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini güllələdilər.

Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəylinin (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib. İşğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.

Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyi sayılan, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Qarabağın paytaxtı – Şuşa şəhəri artıq iyirmi ildir ki, təcavüzkar Ermənistan Respublikasının işğalı altındadır. Düz iyirmi ildir ki, yadlar tapdağı olan Şuşa ölüm sükutuna qərq olub. Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər. Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları muzeyləri talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan yerlər xarabazara çevrilmişdir.

Hazırladı: Sevda Elay (Əsgərova)

Mənbə: shusha.ih.gov.az və azerbaycanli.org saytlarıdır.
Diaspora