Tanınmış jurnalist, QHT sədri Mehriban Əliyevaya müraciət etdi: “Sizdən kömək istəyirəm!”

Tanınmış jurnalist, QHT sədri Mehriban Əliyevaya müraciət etdi: “Sizdən kömək istəyirəm!” backend

Jurnalist, Əsgər Ailələrinə Dəstək İctimai birliyinin sədri Mətanət Əsgərqızı VTB bank tərəfindən qarşılaşdığı ədalətsizliklə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya müraciət edib. QAZİLER.AZ saytı həmin müraciəti təqdim edir.

Hörmətli və dəyərli Mehriban xanım!
Sizə bir qadın müraciət edir. 30 illlik jurnalistlik fəaliyyəti olan, Əsgər Ailələrinə Dəstək İctimai birliyinin sədri Mətanət Əsgərqızı. Özümlə bağlı kiçik tanışlıq vermək istəyirəm: Bakı Dövlət Universitetini bitirmişəm. Dəyərli ziyalımız, babanız Nəsir İmanquliyev müəllimim olub. Həmin illərdə , Şərqşünaslıq fakültəsində dərs deytən xanım ananız hər zaman biz tələbələrin xeyirxah mələyi idi. Kimin nə problemi olardı ONA müraciət edərdi.

Dəyərli Mehriban xanım, mən 30 ildir "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-da işləyirəm. 25 ildir sırf hərbi jurnalist kimi fəaliyyət göstərirəm. Azərbaycanın ilk hərbi televiziya jurnalistlərindən biriyəm. Yüz dəfələrlə ön xətdən, səngərdən, zamanında çadır şəhərciklərindən verilişlər hazırlamışam. Diabet xəstəliyini də məhz səngərdə snayperin açdığı atəş zamanı təsadüfən sağ qalaraq qazanmışam. İllərdir Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədriyəm. Bu fəaliyyətimlə dövlətimin, ulu öndər Heydər Əliyevin, sizlərin cənab Prezident İlham Əliyevin, Sizin, birinci vitse-prezident xanım Mehriban Əliyevanın gördüyü işlərin təbliğatı ilə məşğul olmuşam. Sizlərin fəaliyyəti Azərbaycan Dövlətinin möhkəmlənməsinə, inkişafına yönəlib. İllərdir hər seçkidə Azərbaycan Respublikasının vətəndaşı kimi ailəmlə sizlərə dəstək olduq. İnşallah 2018-ci il seçki ilində də bu missiyanı davam etdirəcəyik.

Dəyərli Mehriban xanım, həyat yoldaşım və qardaşım Qarabağ döyüşlərində iştirak ediblər. 1993-cü ildə həyat yoldaşımı itirdim. Qardaşım isə Füzuli uğrunda döyüşlərdə kontuziya alaraq uzun illər xəstəlikdən sonra həyatını itirdi. Öhdəmdə üç azyaşlı qız övladı və xəstə anam qaldı. Çox çətinliklərlə onları böyütdüm. İndi bir neçə ağır xəstəliklərdən əziyyət çəkirəm. Sizə isə bir bank məsələsi ilə bağlı müraciət edirəm. 2014-cü ildə xəstəliyimdən əziyyət çəkdiyimə, çox sərbəst hərəkət edə bilmədiyimə, vətəndaş cəmiyyəti fəaliyyətimə görə minik maşını almaq qərarına gəldim.

VTB bankdan kredit götürərək 2014-cü ilin dekabrında KİA satış mərkəzindən aylıq 284 manat ödənişlə minik maşını aldım. Cəmi bir ay ödənişdən sonra məlum oldu ki, maşın mənə dollar krediti ilə satılıb. Həmin zaman 1 dollar 78 qəpik idi. Qəribəsi də odur ki, ölkənin milli valyutası manat olduğu halda dollarla kredit verən banklara yaşıl işıq yandıraraq Azərbaycan insanına bu pislikləri edənlər öz məmurlarımızdır. Təki cibləri dolsun.

Ölkənin iqtisadiyyatına və banklarına cavabdeh olan şəxslər də vətəndaşları əmin edirdilər ki, ölkədə devalvasiya ilə bağlı heç bir narahatlıq yoxdur. Lakin həmin məmurlar yalan danışırdılar. 2015-ci ilin fevral və dekabr aylarında devalvasiyalar baş verdi. İnsanların hüquqları pozuldu. Bunu edən bir dəstə məmur idi ki, nəvə və nəticələrinin gələcəyi üçün milyonlar toplayırdılar. Əvəzində isə minlərlə insanın həyatı sözün əsl mənasında cəhənnəmə döndü. Çünki vətəndaşın mənafeyini qoruyacaq Konstitusiya Məhkəməsi də bankların mənafeyindən çıxış etdi. İnsanların bircə ümidi qaldı, o da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev idi. Amma və lakin müraciətlərimiz cənab İlham Əliyevə çatmadı. Əvəzində isə yəqin məruzə olundu ki, günah vətəndaşlardadır. Kim xahiş edirdi ki, gedib kredit götürsünlər. Bəli, bizdən heç kim bunu xahiş etmədi. Biz Azərbaycan Respublikasının vətəndaşı olaraq öz konstitusion hüquqlarımızdan istifadə etdik. Sadəcə inanmırdıq ki, dövlət başçısının vəzifələrə təyin etdiyi məmurlar arasında cənab İlham Əliyevə dönük, xalqına qarşı cinayət işlətmək yolunda olanlar var. Bankların əsirinə çevrilmiş vətəndaşların bir çoxu intihar yolunu tutdu. Digərlərinin isə əmlakı əlindən alındı. Evsiz qalanlar da var. Ən qorxulusu isə odur ki, insanların dövlətə olan inamı sarsıldı. Bir daha deyirəm, güvənimiz sıfıra endi. Hər sərəncam imzalananda vətəndaşlarımız ümid edirlər ki, cənab İlham Əliyev bank krediti ilə bağlı vətəndaşın da xeyrinə bir qərar verər. Hələ ki, gözləyirik...

Hər zaman bizi bir məsələ düşündürür, necə ola bilir ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan MR-da devalvasiyalar zamanı bank borcu olanlardan ödənişlər 1 manat 05 qəpiklə götürüldü??? Bizlərə isə heç bir güzəşt olunmur. İnsanların belə vəziyyətindən isə görün kimlər istifadə etməyə başladılar: banklar, vəkillər, məhkəmə hakimləri, məhkəmə icraçıları və Dövlət Yol Polisi. Bunları başıma gəlib ona görə deyirəm. Adamı futbol topuna döndərirlər.

Dəyərli Mehriban xanım, biz vətəndaş olaraq aldadılmışıq. Maşının ilkin ödənişinin 50%-ni ödəmişəm. Mənə verilən dollar krediti 21% əvəzinə 39,5 % -lə hesablanır. İki il ödəniş etmişəm. Hələ də banka borcluyam. Maşınımı qorxa-qorxa sürürəm. Niyə??? Çünki qeyd etdiyim kimi övladlarına və nəvələrinə varidat toplayan məmurların balaları nəvələri 150-200 minlik maşın sürə bilər. Amma 30 ilin jurnalisti bir kreditlə maşın ala bilməz?

Dəyərli Mehriban xanım, mən yeri gəlmişkən bir haşiyəyə çıxaraq Sizə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirmək istəyirəm. Əsgər Ailələrinə Dəstək İctimai Birliyi bir neçə şəhid ailəsinin bank borcunu və mənzil məsələsini ictimailəşdirdi. Bu məsələlər dərhal reaksiya verdiniz. Dəyərli xanım , hər zaman var olun.

Hörmətli Mehriban xanım, bankla bağlı şikayətimə Nəsimi Rayon Məhkəməsində baxılanda VTB Bankın əməkdaşı deyirdi ki, bir maraqlanın hansı bankla bağlı vətəndaşın xeyrinə hakimlər qərar çıxarıblar. Görəcəksiz ki, heç birinin. Çünki dövlətdən tapşırıq var ki, bankların xeyrinə qərarlar çıxarılsın. Uduzan biz vətəndaşlar oluruq. Bəli, artıq vətəndaşların güvəni dövlətimizə qarşı sarsılıb. Bizlər həyatın ümidinə buraxılmışıq. İndi VTB Bank məni Nərimanov məhkəməsinə verib ki, maşınıma həbs qoyularaq satışa çıxarılsın. Qeyd etdiyim kimi, xəstəliklərimlə bağlı mənim hərəkət etməyim məhduddur.

İctimai fəaliyyətimi araşdırsanız əmin olarsınız ki, hər zaman dövlətimə, vətənimə, Sizlərə sadiq olmuşam.

Dəyərli Mehriban xanım, indi özümlə bağlı Sizdən kömək istəyirəm. 19 dekabr tarixində Nərimanov Rayon Məhkəməsində VTB Bankın şikayətinə baxılacaq. Nəsimi Rayon Məhkəməsində haqlı olduğum halda qarşı tərəfin xeyrinə məsələ həllini tapdı. Bilirəm ki, Nərimanov Rayon Məhkəməsində də məni eyni aqibət gözləyir. Nəhayət, bankların, məhkəmələrin fironluğuna son qoyulsun.

Hörmətlə,
Əsgər Ailələrinə Dəstək İB-nın sədri Mətanət Əsgərqızı Cəfərova