UNEC-də Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Universitetdən QAZİLER.az-a verilən məlumata görə, tədbir iştirakçıları ümummilli liderin UNEC-də ucaldılan büstü önünə gül dəstələri qoyaraq, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsasını qoyduğunu diqqətə çatdıran UNEC-in rektoru, professor Ədalət Muradov ölkəmizin dünyada tanıdılması və beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsində ümummilli liderin əvəzsiz xidmətlərindən danışıb. Heydər Əliyev irsinin öyrənilməsinin vacibliyini bildirən rektor dahi şəxsiyyətin məğlubedilməzlik, əbədi qalib nümunəsi olduğunu vurğulayıb. Rektor ulu öndərin kadr hazırlığı siyasətinə xüsusi önəm verdiyinə diqqət çəkərək, onun bu istiqamətdəki tövsiyələrinin UNEC-in inkişaf strategiyasının əsasını təşkil etdiyini bildirib.
Millət vəkili Musa Quliyev Ulu öndərin keçdiyi həyat yoluna, xalqımız qarşısında xidmətlərinə nəzər saldıqda, Heydər Əliyevin təkcə Azərbaycanın deyil, həmçinin, dünyanın nəhəng siyasətçilərindən biri olduğunu qeyd edib. O, ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə apardığı uğurlu daxili və xarici siyasətdən bəhs edərək, dahi şəxsiyyətin müstəqillik, demokratiya, ədalətlilik, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlərın əsasını qoyduğunu bildirib. M.Quliyev, ulu öndərin rəhbərliyi ilə ölkəmizin qazandığı bütün uğurların Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini və daha da zənginləşdirildiyini diqqətə çatdırıb.
YAP Səbail rayon UNEC ilk ərazi təşkilatının sədri, prorektor Mikayıl Zeynalov ulu öndərin ordu quruculuğundakı rolundan danışıb. Görkəmli siyasi xadim Heydər Əliyevin həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısı olduğuna diqqət çəkən M.Zeynalov Azərbaycan Silahlı Qüvvələrinin bu gün NATO standartlarına cavab verən səviyyədə formalaşdığını və gündən-günə daha da möhkəmləndiyini qeyd edib.
UNEC-in kaferda müdiri, professor Əli Əlirzayev Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıb, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramlarından bəhs edib. UNEC-in Rus İqtisad Məktəbinin tələbəsi İmran Elçinoğlu ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti və onun əhəmiyyətindən danışıb.
Tədbirdə ümummilli lider Heydər Əliyevin mənalı həyatı yolu və siyasi fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub.