Ancaq təslim olmaq həmin 42 yaşlı 3 uşaq anasını həyata qaytarmayacaq. Qadının anası beli qırılmış halda gəlmişdi redaksiyamıza. Bundan sonra biçarə o uşaqları necə saxlasın, onları necə ovundursun? Ata Vətən uğrunda şəhid olub, ana da yol terrorunun qurbanı...Belə nümunələr bir deyil, beş deyil, on deyil. Statistika dəhşət saçır.
2017-ci ilin 9 ayında ölkədə 1334 yol-nəqliyyat hadisəsi zamanı 554 nəfər həlak olub, 1260 nəfərsə xəsarət alıb. Savaş itkilərinə bənzər rəqəmlərdir!
Piyadalara gəldikdə...Bu il piyadaların vurulması halları artaraq ümumi hadisələrin 67%-ni təşkil edib. Ancaq əvvəlki illərdə bu göstərici 50-55 % arasında dəyişib. Təkcə bu il baş vermiş 302 belə yol qəzası nəticəsində 100 nəfər ölüb, 213 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu il yanvarın 1-dən noyabrın 10-dək təkcə Bakıda 527 yol-nəqliyyat hadisəsi baş verib, 166 nəfər ölüb, 461 nəfər xəsarət alıb. Əksəriyyəti də gənclər və orta yaşlılar...
Hər bir hadisə göz yaşı, fəlakət, bir ocağın sönməsi, nəslin belinin bükülməsi deməkdir. Hələ ömürlük şikəst olanlar, onların özlərinə və doğmalarına bir ömür boyu yaşatdıqları ağrı-acılar...
Rəsmilərin sözlərinə görə, piyadalarla bağlı hadisələrin baş verməsinə səbəb isə əsasən, sürücü səhlənkarlığı və piyadaların diqqətsizliyidir. Biz özümüz də hər gün piyada keçidindən keçmək “əzabı”na qatlaşmaqdansa, ölüm təhlükəsinə can atanlarla addımbaşı rastlaşırıq. Cavab da standartdır: “tələsirəm”. Ancaq əslində işə, evə deyil, ölümə tələsirlər. Dəhşətlisi budur ki, böyüklər kiçik yaşlı uşaqları da göz görə-görə ölümün pəncəsinə atırlar. Üstəlik, piyada ölümləri paytaxtın sərhədlərini aşıb, bölgələrdə geniş yayılıb.
“2017-ci 9 ayı ərzində piyadaların vurulması ilə nəticələnən qəzalar ümumi qəzaların 48,4 faizini təşkil edir. Bu göstərici əvvəlki aylarda daha da çox olub”- DİN Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyevin sözləridir. Hadisələrin az qala yarısında piyada iştirakı var, ciddi məsələdir. Nə xəbərdir, piyadalar maşınlarla yarışamı çıxıb?! 2016-cı ildə piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 58 faizini təşkil edib. Baxmayaraq ki, keçən il 130 minə yaxın piyada saxlanılıb və məsuliyyətə cəlb edilib. Ancaq nəticə dəyişməyib, yenə ölüm çoxalıb.
Hətta bir çox piyadalar il ərzində 6-7 dəfə cərimələnir, yenə də qaydaları pozmaqda davam edirlər. Üstəlik, belələrinin xaricə çıxışı yasaqlanır. Bu cərimələr ona görə tətbiq olunub ki, ölkə insanı yol mədəniyyətini əxz eləsin, özünü oda atmasın, yolu düzgün keçsin, düşünsün ki, onu evdə gözləyənlər var...Amma nə faydası?
Təsəvvür edin, 590 mindən artıq inzibati protokol tərtib olunub ki, onlardan da 84 mini piyadalarla bağlıdır. Nə cərimə, nə ölüm qorxusu insanları çəkindirmir çox təəssüf ki. Bakıda 80-ə yaxın yeraltı və yerüstü piyada keçidi var, amma piyadalarla bağlı bir çox hadisələr məhz keçidlərin ətrafında baş verir. Bunu polis polkovniki Vaqif Əsədov deyib. Demirik ki, bütün yol qəzalarında günahkar piyadalardır. Sadəcə piyadalar ölüm riskinin daha yüksək olduğunu anlamalı və qaydalara əməl etməlidirlər.
“Neftçilər”dən “Xalqlar dostluğu”na qədər iki metro tuneli, bir yeraltı keçid, 2-3 yerdə də zolaqlı yol ötürücüsü var. Amma gedin, baxın, sevgili vətəndaşlarımız sanki vədələşibmiş kimi, yolu “darayırlar”. Eyni yerdən keçsələr, nə vardı ki. Kimin kefi hardan istəyir, ordan keçir. Sürücü mədəniyyəti də yerində deyil. Amma bu halda mən sürücüdə qəti günah görmürəm. Adam az qalır qışqırsın ki, “ayə haraya gedirsən”, “ay bacım, ay qardaşım, yol sənin deyil axı!!!
Cərimələr də bizi ölümdən çəkindirmirsə, o halda başqa tədbirlər tökmək lazımdır. Bəlkə də bütün ölkəboyu insanlara “yol keçməyin sirləri”ni öyrətmək lazımdır. Gülməli də olsa, vəziyyət bunu tələb edir. Qoy bu işdə aktyorlar, müğənnilər, ziyalılar da iştirak etsin, yalnız yol polisinin işi deyil, fəlakətlərin miqyası çox genişdir.
1988-ci ildən Qarabağda itirdiyimiz insanlardan daha çox, 30 minə yaxın vətəndaşımızı itirmişik yollarda! Deməli, biz yolu düzgün keçə bilmirik, maşını düzgün sürə bilmirik, bir-birimizə yol verməyi bacarmırıq. O halda öyrənmək nə ayıbdır, nə də gecdir..
musavat.com