Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada Yəhudi Muzeyinin ənənəvi illik təntənəli qala şam yeməyində iştirak edib.
Moskvada Osventsim konslagerində saxlananların azad olunmasının 70 illiyinə həsr olunmuş 2 tədbir baş tutub. Onlardan birincisi Yəhudi Tolerantlıq Muzeyi və Mərkəzində Yan Vanrit və Yeqor Zaikin şəxsi sərgilərini birləşdirən "İnsan və faciə" layihəsi ilə açılıb. Növbəti tədbir isə "Metropol" otelində keçirilən Yəhudi Muzeyinin təntənəli qala şam yeməyi olub.Rusiyalı aktrisa Kseniya Rappoportun aparıcılıq etdiyi gecədə muzey və fondun Qəyyumluq Şurasının üzvləri Viktor Vekselberq, Diana Qindin və Leonard Blavatnik, eləcə də fəxri qonaqlar çıxış ediblər. Yəhudi Tolerantlıq Muzeyi və Mərkəzinin baş direktoru Aleksandr Boroda Roman Abramoviçə "İlin xeyriyyəçisi - 2014" fəxri fərmanını təqdim edib. Son olaraq tədbirin xüsusi qonağı, Moskvaya həyat yoldaşı Benjamen Milpye ilə qatılan Natali Portman çıxış edib. Aktrisa zaldakılara burada iştirak etmək şərəfinə görə təşəkkür edib və qeyd edib ki, hazırda tolerantlıq ideyaları heç vaxt olmadığı qədər aktualdır.
Rəsmi hissədən sonra qonaqlar Yevqeniy Marqulis, Vadim Eylenkriq və Aleksandr Filippenkonun çıxışlarından zövq alıblar. Gecənin proqramında pianist Yekaterina Skanavi və onun gənc qızı Aleksandra Stıçkinanın ifasında klassik əsərlər də səslənib. Tədbir çərçivəsində toplanan bütün vəsait muzeyin endaumentinə yönəldilib.