Hacının intiharı: rəsmlərdə hansı kodlar vardı? - Foto

Hacının intiharı: rəsmlərdə hansı kodlar vardı? - Foto backend

Ötən gün Azərbaycanın bir nömrəli qanqsteri, sabiq polis polkovniki Hacı Məmmədovun Penitensiar Xidmətin vərəm üzrə ixtisaslaşdırılmış müəssisəsində özünü öldürməsi bir daha onun şifrələdiyi rəsmləri gündəmə gətirdi.

Qaziler.az Axar.az-a istinadən xatırladır ki, H.Məmmədovun vaxtilə çəkdiyi və mediada uzun müddət müzakirə olunan tablolar 4 ədəddir. Tablolar İşgəncələrə qarşı Azərbaycan Komitəsinin keçmiş sədri, mərhum Elçin Behbudova hədiyyə edilmişdi və E.Behbudov da onları mediaya təqdim etmişdi.

Həmin tablolar bunlardır:

1. Zəncirdə olan şir. Şirin zənciri bir qadının əlindədir. Ətrafda 5 ağ göyərçin uçuşur.

2. Əlində silah olan cavan oğlan. Arxada məşhur “Biq Ben” saatı, “Cip" maşını və yerə sərilmiş kişi meyiti. Oğlanın üzündə təbəssüm, əli ilə “viktoriya” (qələbə) anlamını verən V işarəsi və ya “2” göstərir.

3. Daşa söykənmiş sarışın qadın. Daşın üstündə İsa peyğəmbərin şəkli həkk olunub. Arxa fonda ağ at, köç edən 3 durna, atın yanında isə kişi silueti, kölgə təsvir olunub.

4. Şlyapalı kişi, arxada ağaclar və “202” nömrəli “Cip” və yerdə kişi meyiti.

E.Behbudov həmin zaman açıqlamasında H.Məmmədovun bu tabloların hər birinin parolu, şifrəsi olduğunu desə də, onları açıqlamamışdı. Daha doğrusu, E.Behbudov Hacı Məmmədovun bu şifrələri ona vermədiyini bildirmişdi.

Qeyd edək ki, 10 LC 202 dövlət nömrə nişanlı “Leksus” Hacı Məmmədovun özünə məxsus olub. Hacı Məmmədov sonuncu cinayəti zamanı - Beynəlxalq Bankın sabir prezidenti, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın oğurlanmasında da bu avtomobildən istifadə edibmiş.

Tablolar ciddi müzakirəyə predmetinə çevrilsə və mütəxəssislər onları analiz etsələr də, bu rəsmlərin konkret hansı məzmun daşıdığını izah etməkdə çətinlik çəkiblər. Görünür, H.Məmmədovun rəssam kimi qeyri-peşəkarlığı tablolarda gizlədiyi şifrələri və kodları özündən başqa heç kəsin izah edə bilməyəcəyi sirrə çevirdi.

Xatırladaq ki, Hacı Məmmədovun özünü asaraq öldürməsi ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

Onun ölümü ilə bağlı hələlik yeganə ehtimal xərçəng xəstəsi olması idi. Onun intihar edəcəyini də bu rəsmlərdə şifrələdiyi ehtimallar sırasındadır.
Diaspora