Bakının kompüter dükanlarında pirat proqram təminatının satışı ilə mübarizə çərçivəsində reydlər keçirilib.
Qaziler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən bildirir ki, “Microsoft” proqram təminatı üzrə müəllif hüquqlarının pozulması hadisələrinin araşdırılması çərçivəsində Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bundan öncə pirat proqram təminatlı kompüterlərin yoxlanması və sınaq tədarükünün ardı olaraq Bakının kompüter dükanlarında növbəti reyd keçirib.Yoxlama zamanı Bakıda fəaliyyət göstərən ticarət nöqtələrindən birində öncədən “Microsoft” proqram təminatı quraşdırılmış və piratçılıq əlamətləri müşahidə olunan üç kompüter müsadirə olunub.
Bundan başqa, yoxlama prosesində proqramların pirat nüsxələrinin quraşdırılması üçün istifadəsi ehtimal olunan bir neçə informasiya daşıyıcısı da müsadirə edilib.
Hazırda müsadirə olunmuş əmlakın ekspertizası keçirilir və görüləcək hüquqi tədbirlərlə bağlı məsələlər həll olunur.
Növbəti reydin keçirilməsinə başlıca əsas cari ilin mart ayında kompüter bazarında aparılan yoxlamaların nəticələri olub. Belə ki, nəticələrə əsasən, yoxlama aparılan ticarət nöqtələrinin yarısında pirat proqram təminatı quraşdırılmış kompüter texnikasının açıq şəkildə satışı və işçi heyəti tərəfindən pirat proqram təminatının bilavasitə mağazada quraşdırılması halları aşkarlanıb.
Proqramların pirat nüsxələrinin yayılması ilə məşğul olan satıcılar müəllif hüquqlarının qorunması ilə bağlı qanun pozuntusuna yol verməklə yanaşı, kompüter alıcılarını vergi qanunvericiliyini pozmağa da sövq edə bilərlər. Proqram təminatı qanuni yolla əldə olunmadıqda, müəssisənin balansına daxil edilə bilməz və bununla da fiskal və vergi orqanlarının yoxlamaları zamanı əlavə risk yaranır.
Kompüter satışı üzrə ticarət nöqtələri pirat proqram təminatının kompüterlərdə quraşdırılmasının başlıca mənbələrindəndir. Kompüter satıcıları aşkar və ya gizli şəkildə müştərilərə lisenziyasız proqram təminatını quraşdıraraq “qənaət” etməyi təklif edirlər və buna görə də onlardan əlavə ödəniş alırlar. Yoxlamaların nəticələrinə əsasən 30% hallarda müştərilərə “Windows” əməliyyat sisteminin “nümayiş üçün olan versiyalar”ı təklif olunur. 40% hallarda isə satış nümayəndəsi istənilən proqram təminatının əlavə ödəniş əsasında quraşdırılmasını təklif edib.
DİN, Azərbaycan Müəllif Hüquqları Agentliyi və “Microsoft Azerbaijan” şirkəti potensial alıcıları mümkün risklərdən qorumaq və kompüter texnikası tədarükçülərinin müəllif hüquqlarına əməl edilməsi ilə bağlı intizamının artırılması məqsədi ilə kompüter piratçılığına qarşı mübarizə istiqamətində əməkdaşlığın genişləndirilməsini planlaşdırır.