“Hazırda qüvvədə olan “Silahlı Qüvvələr haqqında” qanun 1991-ci ilin oktyabr ayının 9-da qəbul edilib. Bu, həcmcə kiçik bir qanundur. O dövr üçün Silahlı Qüvvələrin hüquqi statusunu tənzimləmək baxımından lazımlı qanun idi. Nəzərə alaq ki, biz 1995-ci ildə Azərbaycanın ilk Konstitusiyasını qəbul etdik. İlk konstitusiyanın qəbul edildikdən sonra çoxlu sayda hərbi qanunvercilik aktları qəbul etmişik”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı parlamentin vitse-spikeri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Ziyafət Əsgərov dedi.O xatırladıb ki, ötən il sentyabr ayının 26-da Konstitusiyaya əlavə və dəyişiklik edilməsi ilə bağlı referendum keçirilib: “Konstitusiyanın təsbit olunmuş 9-cu maddəsinin mətnində dəyişiklik edilib. Hal-hazırda qüvvədə olan qanunda söhbət Silahlı Qüvvələrdən getsə də, əslində söhbət ordunun statusundan gedirdi. Diqqət etsəniz quru qoşunları, hava hücumundan müdafiə qoşunları və dəniz qoşunlarından söhbət gedirdi. Yeni qanun layihəsində isə Silahlı Qüvvələr ordu və digər silahlı birləşmələrdən ibarətdir. Bu yeniliyi etdiyimizə görə, qüvvədə olan qanun konsepsiyası dəyişir, yeni qanun meydana gəlməsinə ehtiyac yaranırdı. Yeni qanun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, əsas vəzifələri, idarəolunması və hərbi quruculuq məsələlərini nəzərdə tutur. Qanun layihəsi 5 fəsildən ibarətdir. Bu qanun layihəsində ilk dəfə olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, ordunun anlayışı verilir. Digər qoşun birləşmələrinin anlayışı verilir. Bu qanun layihəsi hazırlanarkən 2010-cu ilin 8 iyun tarixli Milli Məclisin qərarı ilə təsdiq edilmiş Hərbi doktrinası və cənab Prezidentin fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhlükəsizlik konsepsiyasının müddəaları əsas götürülüb. Hər üç normativ sənəd bir məqsədə xidmət edir. Bu qanun layihəsi çərçivə qanunu olduğu üçün gələcəkdə bu qanunda çıxış edərək digər qanunlarımız da hazırlanacaq”.
Deputat Qüdrət Həsənquliyev bildirdi ki, Milli Məclis Silahlı Qüvvələrə nəzarət etməlidir. Milli Məclisin dövlət büdcəsinin icrasına nəzarət etdiyini xatırladan deputat qeyd etdi ki, hər il büdcədən Silahlı Qüvvələr üçün vəsait ayrılır: “Hesab edirəm ki, Milli Məclis Silahlı Qüvvələrə nəzarət etməlidir. Heç bir halda Silahlı Qüvvələr parlament nəzarətindən kənarda saxlanıla bilməz”.
Q. Həsənquliyev qanun layihəsində Silahlı Qüvvələrin hərbi qulluqçularının hərbi xidmət vəzifələrinin icrası maddəsinə yeni maddənin əlavə edilməsini təklif edib.
“Qanunda birmənalı şəkildə qeyd olunur ki, Silahlı Qüvvələrin hərbi qulluqçuları hərbi xidmət vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrin hərbi nizamnamələrinin tələblərini, komandir və rəislərin qəbul etdiyi qərarları, əmr və sərəncamlarını icra edirlər. Konstitusiyanın 54-cü maddəsinin II hissəsinə görə dövlətə qarşı qiyam və ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək hər bir Azərbaycan vətəndaşının hüququdur. Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri də Azərbaycan vətəndaşlarıdır. Buna görə də, dövlətə qarşı qiyam və yaxud dövlət çevrilişi cəhdi zamanı əsgər və zabitləri Konstitusiyaya zidd əmr və sərəncamları icra etməməlidir. Bununla bağlı qanuna müddəanın salınmasını təklif edirəm. Bu müddəa “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” öz əksini tapmalıdır”, - deyə Q. Həsənquliyev vurğuladı.
Deputat Vahid Əhmədov Silahlı Qüvvələrə maliyyə nəzarətinin həyata keçirilməsi zərurətindən danışdı. Eyni zamanda hərbi obyektlərin özəlləşdirilməsinin yolverilməzliyinin xüsusi vurğulanmasını vacib hesab etdi.
Deputat Fəzail Ağamalı ölkə başçısının ordu rəhbərliyinə yeni şəxsi təyin etməsindən sonra baş verən irəliləyişlərdən danışdı.
Deputatlar Tahir Kərimli, Sahib Alıyev, Zahid Oruc, Siyavuş Novruzov və digərləri də çıxış etdilər.
Birinci vitse-spiker Ziyafət Əsgərov dedi ki, qanun layihəsi hazırlanarkən Konstitusiya, Hərbi Doktrina və Milli Təhlükəsizlik Konsepsiyası əsas götürülüb.
Qanun layihəsi ilk oxunuşda qəbul edildi. Spiker ikinci oxunuşun 15 dekabrdakı iclasda olacağını bildirdi.