“Ölkəmiz mili vətəndaş birliyinə, güclü ordu və müdafiə potensialına malikdir”
“Ərazisinin ölçüsünə, maddi və mənəvi resurslarından yararlanmasına görə Azərbaycan Cənubi Qafqazın ən potensiallı ölkəsi hesab olunur”.APA-nın məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Azərbaycan müasir dünyada” mövzusunda konfransda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, Xəzəryanı ölkələr arasında ən əhəmiyyətli geoiqtisadi və geostrateji mövqe Azərbaycana məxsusdur: "Yürüdülən düzgün iqtisadi siyasət Azərbaycanı Avrasiyanın mənəvi mərkəzinə çevirib. Ölkə beynəlxalq birliyin artan enerji ehtiyacına uyğun enerji siyasəti yürüdərək öz əhəmiyyətini artırıb. Hazırda Qazaxıstan, Türkmənistan və Azərbaycan artan enerji tələbatında ən alternativ mənbə hesab olunur. Azərbaycan Bakı-Tbilisi-Ceyhan Neft Boru Kəməri ilə bağlı strateji seçim etdi, bu, Azərbaycanın geostrateji əhəmiyyətini, nüfuzunu artırdı. Hazırda Bakı-Subsa, Bakı-Novorosiysk, BTC kimi illik gücü 70 mln ton, Bakı-Tbilisi-Ərzurum və digər qaz kəmərləri sayəsində ötürmə qabiliyyəti 30 milyard kubmetr olan şəbəkəyə malikdir. TAP və TANAP bu sahədə imkanları daha da artıracaq”.
Ə. Həsənov bildirib ki, TAP və TANAP Cənubi Qaz Dəhlizinə yeni nəfəs gətirib: "Azərbaycan öz təşəbbüsü və addımları ilə yeni enerji dəhlizinin əsasını qoydu, Cənub Qaz Dəhlizini xilas etdi".
Ölkənin nəqliyyat dəhlizi kimi oynadığı roldan danışan Ə. Həsənov bildirib ki, nəqliyyat sistemi yenidən qurulub: "Azərbaycan mili vətəndaş birliyinə, güclü ordu və müdafiə potensialına malikdir və buna söykənərək müstəqil xarici siyasət yürüdür. Heydər Əliyevin nüfuzu və idarəetmə qabiliyyəti sayəsində ilk 10 ildə Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, onu sabit inkişaf yoluna çıxarmaq mümkün olub. Nəticədə həm dövlət uğurlu neft strategiyasını reallaşdırıb, həm də iqtisadi inkişafının əsasını yaradıb. Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan mili maraqlarına söykənən, beynəlxalq aləmdə sözünü deyə bilən dövlətə çevrilib. Bu gün Azərbaycan BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatlarla əməkdaşlıq edərək qlobal siyasətdə çəkisi və rolunu artırır. Azərbaycanın maddi v insan resursları, bu sahədə yürütdüyü siyasət mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Hazırda Azərbaycanın 4,6 milyard ton təsdiqlənən, 10 milyard ton ehtimal olunan enerji ehtiyatları var”.
PA rəsmisi bildirib ki, adambaşına düşən xarici investisiyaların miqdarına görə Azərbaycan dünyanın lider ölkələrindən biridir. O deyib ki, mütəxəssislərin sözlərinə görə, Xəzər regionunun hazırkı regional hərbi-siyasi balansı Rusiyadan, geoiqtisadi və təbii enerji balansı Azərbaycan, Qazaxıstan və Türkmənistandan, nəqliyyat-kommunikasiya dəhlizi Azərbaycan, Gürcüstan, Türkiyə və Rusiyadan asılıdır: “Xəzər hövzəsinin geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mühitinin gələcək taleyində Azərbaycanın mövqeyi kifayət qədər yüksəkdir. Azərbaycanın geostrateji xarakteristikasının əsas göstəricilərindən biri onun zəngin insan resurslarına malik olması, ölkədaxili sabit ictimai-siyasi, mili-etnik və dini vəziyyətin hökm sürməsidir və bu dövlətin bu sahələr üzərində nəzarət imkanları ilə bağlıdır. Ölkənin ümumi demoqrafik göstəriciləri müsbət istiqamətdə inkişaf edir, əhalinin ümumi sayı hazırda 9 milyondan artıqdır. Artım balansı da getdikcə müsbətə doğur dəyişir. Respublika üzrə hər kvadrat kilometrə təxminən 96 sakin düşür. Tədqiqatçılar ictimai-siyasi, sosial və mənəvi resursların mili maraqların təmin edilməsinə yönəldilməsi sahəsində Cənubi Qafqaz ölkələri içərisində ən balanslı geosiyasətin və effektli siyasi idarəçilik sistemini də Azərbaycana aid edirlər”.
Ə. Həsənov qeyd edib ki, qloballaşmanın vüsət aldığı yeni mühitdə Azərbaycan dünyanın universal və qlobal iqtisadi sisteminə müvəffəqiyyətlə inteqrasiya olunur: “Azərbaycan Avropa İttifaqı, Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər transmilli iqtisadi maliyyə qurumları ilə hərtərəfli əməkdaşlıq edir. Təsadüfi deyil ki, həmin qurumların dəstəyi və təqdimatı ilə postsovet ölkələri içərisində ən çox xarici kapital da məhz Azərbaycan və Qazaxıstan iqtisadiyyatına yatırılıb. Hazırda adambaşına düşən xarici investisiyaların miqdarına görə Azərbaycan nəinki postsovet məkanının, həmçinin dünyanın lider ölkələrindən biri kimi tanınır. Hazırda Azərbaycan öz ictimai-siyasi, sosial-mənəvi vəziyyəti, yekdil mili, dini vətəndaş birliyi, cəmiyyətin vəziyyəti ilə Cənubi Qafqazın ən sabit və tolerant ölkəsi hesab olunur”.