FHN-də neft dağılmalarına qarşı cavab tədbirləri müzakirə olundu

FHN-də neft dağılmalarına qarşı cavab tədbirləri müzakirə olundu backend

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin təşkilatçılığı ilə seminar-müşavirə keçirilib.

FHN-dən Modern.az-a verilən məlumata görə, nazirliyin Akademiyasında baş tutan tədbir “Neft dağılmalarına qarşı cavab tədbirləri” mövzusuna həsr olunub. Tədbirdə FHN-in aidiyyəti qurumları ilə yanaşı, SOCAR-ın, “BP Azərbaycan” şirkətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Dəniz Administrasiyasının, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin, Hərbi Dəniz Qüvvələrinin, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin, Xəzər Dəniz Gəmiçiliyinin və “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-nin nümayəndələri iştirak ediblər.

Müşavirədə çıxış edən akademiyanın rəis müavini Cabir Həsənov tədbir haqda məlumat verib, iştirakçılara uğurlar arzulayıb.

FHN-in Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin rəisi Fuad Bağırov dənizdə qəza-xilasetmə və dağılmış neftin ləğvi üzrə görülmüş işlərdən, bu sahədə nazirliyin digər aidiyyəti qurumlarla sıx əməkdaşlığından danışıb.

Çıxış edən digər natiqlər qarşıda duran problemlərdən danışıb və onların aradan qaldırılmasında qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar.