Şəhid anası: “Çox sağ olsunlar, mənə ikinci oğul itkisi yaşamağa imkan vermədilər, oğlumu mənə qaytardılar”
Qaziler.az saytı xəbər verir ki, 20 Yanvar şəhidləri İlham və Fərizənin ailə üzvü - İlham Allahverdiyevin böyük qardaşı Elxan Allahverdiyev Baku Medikal Plaza klinikasında ürəyindən əməliyyat olunub.Əməkdaşımızla söhbətində ağır bir əməliyyatı keçirdiyini deyən E.Allahverdiyev onu əməliyyat edən türkiyəli cərrah, professor Kaya Süzerden, klinikanın şöbə müdiri, kardioloq Üzeyir Rəhimovdan və bütün tibb personalınadan ağızdolusu danışaraq, hər birindən razı qaldığını söylədi: “Ağır bir əməliyyat keçirdim. Şükür, gördüyünüz kimi indi yaxşıyam. Məni əməliyyat edən Kaya Süzere, kardioloq Üzeyir Rəhimova və bütün hər kəsə çox çox minnətdarlığımı bildirirəm. Çox əziyyətimi çəkirlər. Tibb bacıları da hər an gəlir, maraqlanır, bir sözlə, diqqət və qayğılarını üzərimizdən əskik etmirlər, çox nurlu insanlardır. Buranın çox peşəkar personalı var. Bir daha hər birinə dərin minnətdarlığımı bildirirəm ”.
E.Allahverdiyevin anası Ofelya Allahverdiyeva oğlunun səhhətindən narahat olduğunu və onu sağlığına qovuşduran şəxslərə də təşəkkür etdi: “Elxanın səhhətindən çox narahat idim. O, xəstələnəndən bu günə yuxum ərşə çəkilib. Allaha şükürlər olsun ki, əməliyyat uğurlu keçdi, indi yaxşıdır. Mən ölkə başçısı, cənab prezident İlham Əliyevə minnətdaram. Çünki o, bir rəhbər kimi diqqət və qayğısını vətəndaşlarının üzərindən əskik etmir. Onun işgüzarlığı sayəsində ölkənin hər bir tərəfində, hər bir sahədə inkişaf gedir. Elə tibb sahəsində də böyük işlər görülüb, müasir xəstəxanalar tikilərək istifadəyə verilib. Elxanın əməliyyat olunduğu klinika bu dediklərimin bariz nümunəsidir. Çox sağ olsunlar, mənə ikinci oğul itkisi yaşatmağa imkan vermədilər, oğlumu mənə qaytardılar. Mən də bir ana kimi xəstəxananın rəhbərliyinə, oğlumu sağlığına qovuşduran bütün həkimlərə, tibb bacılarına çox sağ olun deyirəm. Həkimlərə arzum budur ki, Allah onların hər zaman üzlərini gülər etsin, girdikləri bütün əməliyyatlardan sevinclə çıxsınlar. Hər bir ailəyə, qapı arxasında gözləyən xəstə yaxınlarını xoş xəbərlərlə sevindirsinlər”.
Qaziler.az saytının kollektivi E.Allahverdiyevə şəfa diləyir, tezliklə sağalıb ailəsinə qovuşmağı arzulayır!
Rəhim