Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il 11 avqust tarixli Fərmanına əsasən, cari ilin 1 yanvarından Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilir. Cari ilin ilk rübündə qeyd olunan hərbi qulluqçulardan 43 nəfərinin 47 nəfər ailə üzvünə Prezident təqaüdü təyin olunub. Aylıq 200 manat məbləğində müəyyən olunan Prezident təqaüdü Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinə (valideynlərinə və dul arvadına) təyin edilir. Təqaüd onların sayına bərabər bölünməklə ödənilir.
Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 360 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Qaydaya görə, həmin təqaüdün təyin olunması üçün vətəndaşlar ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinə (DSTX) və ya DSTX-nin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət etməlidirlər.Təqaüdün alınması üçün tələb olunan sənədlərin siyahısı ƏƏSMN-nin rəsmi saytının (mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümünün “Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün tələb edilən sənədlər” alt-bölümündə yerləşdirilib.