21 noyabr 2017-ci il tarixində Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri, Xalq Şairi Nəriman Həsənzadənin Prezident Qvardiyasında əsgərlərlə görüşü keçirildi.
Qaziler.az bildirir ki, tədbirdə Prezident Qvardiyasının komandiri general-mayor Akif Yusifov, Prezident Qvardiyasının komandir müavini mayor Faiq Abışov, Cənubi Azərbaycan şairi və “Mişov dağı” jurnalının baş redaktoru Aqşin Ağakərimli iştirak etdilər.Tədbiri giriş sözü ilə açan xalq şairi Nəriman Həsənzadə şair və yazıçıların gənclərlə, əsgərlərlə, hərbçilərlə görüşlərinin tez-tez təşkil olunmasının müsbət hal olduğunu qeyd etdi. Daha sonra o, Aprel döyüşlərində iştirak edən gənclərdən nümunə çəkərək, onların necə vətənpərvər və cəsarətli olduqlarından söhbət açdı. O, bildirdi ki, əsası Ümumilli Lider tərəfindən qoyulan ordu quruculuğu çox uzun və şərəfli yol keçib və indi də Ali Baş Komandanın keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq ordumuz günü-gündən güclənir və aprel döyüşləri buna parlaq nümunədir. Nəriman Həsənzadə son vaxtlar bu sahədə müəyyən addımlar atılmasını təqdirəlayiq hal kimi qiymətləndirərək gənclərin bu yöndə daha da formalaşması üçün bu cür görüşlərin artmasının labüd olduğunu əlavə etdi. O, həmçinin Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında da Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasətinin mühüm rolu olduğunu bildirdi. Bununla yanaşı o, iştirakçılara öz şeirlərindən səsləndirdi və ona ünvanlanan sualları cavablandırdı. Daha sonra Nəriman Həsənzadə üzünü gənclərə tutub daima onların yanında olduğunu və xeyir işlərində də iştirak edəcəyini bildirdi.
Daha sonra görüşün təşkilatçısı Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli çıxış etdi, o, Nəriman Həsənzadənin yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirdi və öz növbəsində ordu quruculuğundan, gənclərin göstərdiyi şücaətdən danışdı. Daha sonra, o, bu cür tədbirlərin keçirilməsinin gənclərə faydalı olduğunu vurğuladı: “Bu cür tədbirlərdə şairlərin və yazıçıların iştirakı gözəl ənənədir. Bu ənənə Səməd Vurğun, Bəxtiyar Vahabzadə kimi gözəl şairlərin bizlərə qoyduğu dəyərli mirasdır ki, onlar bu cür tədbirlərdə iştirak edib öz tövsiyələrini gənclərlə bölüşüb onları ruhlandırsınlar”.
Tədbirin sonunda xatirə şəkli çəkildi.