"Əlillər evdə, ya da pansionatda gizlənməli deyil” - Ehtimad Əsədov

"Əlillər evdə, ya da pansionatda gizlənməli deyil” - Ehtimad Əsədov backend

Bir əlil ki, istədiyi yerə demirəm, səhhəti ilə bağlı ya aptekə, ya da hansısa klinikaya sərbəst şəkildə getmək imkanından məhrumdur, o özünü cəmiyyətin bərabərhüquqlu üzvü hesab edə bilərmi?

Fiziki qüsurlu insanların problemləri həllini tapmayınca, onların cəmiyyətə inteqrasiyası mümkün olmayacaq. Milli Məclisin Əmək və Sosial Siyasət komitəsində keçirilən iclasda əlillərin işsizlik, həmçinin hərəkət məhdudluğu problemi qabardılıb. Millət vəkili Aytən Mustafayeva sərt danışıb və bildirib ki, əlillərin böyük qismi işləmək istəyir, amma onlara iş verən yoxdur: "Biz şərait yaratmırıq, sonra da əhalinin ələ baxımlılığından danışırıq.

Axı biz iş gördükmü, onların məşğulluğu istiqamətində? İş görüb iş yerləri açdıqmı, sonradan da ələ baxımlılıqdan danışaq?”. Xanım deputat fiziki qüsurlu insanların işlə təmin olunması, onların təhsil almaları, müxtəlif peşələrə yiyələnmələri üçün şərait yaradılmasını vacib sayıb.

A.Mustafayeva deyib ki, əlillərin cəmiyyətə inteqrasiyası üçün xüsusi proqramlar icra olunmalıdır. Bunlardan biri də fiziki qüsurlu, hərəkət məhdudiyyəti olan insanların gediş-gəliş məsələsidir: "Biz özümüz nümunə olmalıyıq. Bu gün Milli Məclisin binasında əlillər üçün pilləkən, lift yoxdur. Biz nədən danışırıq?!”.

Komitənin iclasında iştirak edən Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə bütün dövlət orqanlarına məktub göndərərək yeni tikililərdə əlillərə sərbəst hərəkət imkanlarının yaradılmalı olduğunu bildiriblər. Bu məqsədlə də "Əlillərin sosial təminatı haqqında” qanun yenidən işlənərək hökumətə təqdim olunub.
Nazir rəhbərlik etdiyi nazirliyi örnək göstərərək deyib ki, "bizim nazirliyin binasında panduslar qoyulub”.

"Müəssisə və idarələr qapılarını bərk-bərk bağlayıb”


"Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov Milli Məclisdə qaldırılan məsələnin həqiqətən də aktual olduğunu dedi:


- Təşəkkür edirik ki, bu məsələ gündəmə gətirilib. Fiziki qüsurlu insanlar, təbii ki, işləmək istəyir. Çünki təqaüdləri çox aşağıdır. Hər hansı bir işdə çalışmaqla ailə büdcələrini artırmaq, dolanışıqlarını yaxşılaşdırmaq istəyirlər. Fiziki qüsurlu insanların çalışa biləcəkləri işlər çoxdur. Oturaq işlər var, hansı ki, əlilliyi olan insanlar əziyyət çəkmədən bu işlərdə çalışa bilər.

"Kvota haqqında” qanuna görə də müəssisələrdə işçi yerinin 25-dən biri əlil üçün nəzərdə tutulur. Yəni, müəssisədə hər 25 nəfərdən bir əlilliyi olan insan işləyə bilər. Bu, dövlət tərəfindən qəbul edilmiş qanundur. Amma qanuna əməl edilirmi? Xeyr. Əlillərin işlə təminatına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müfəttişləri nəzarət etməlidir. Əlillərin problemləri ilə məşğul olan ictimai təşkilatlar da nazirliyin müfəttişləri ilə birgə işləməlidir. Amma elə vəziyyət yaranıb ki, idarə və müəssisələr, şirkətlər havadarlarına arxalanaraq nazirliyin müfəttişlərinə vəzifələrini icra etməyə imkan vermir. Nə əmək müqaviləsi, nə də kvota ilə bağlı müfəttişləri qəbul etmirlər.

Qapılarını bağlı saxlayırlar. İdarə, müəssisə rəhbərləri ilə görüşmək mümkün deyil. Bizim bu yaxınlarda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla səmimi görüşümüz oldu. Təklif etdik ki, ictimai təşkilat olaraq nazirliyin müfəttişlərinə məhz kvotaya əməl olunması məsələsində kömək etməyə hazırıq, birgə fəaliyyət göstərək, əlilliyi olan insanların işlə təminatı probleminin həllinə dəstək verək. Hazırda bu məsələ üzərində iş gedir. Çalışacağıq ictimai təşkilat kimi nazirliyin müfəttişləri ilə birgə işləyək, əlillərə məxsus iş yerlərinin onlara təhvil verilməsinə nail olaq.

"Əlil arabasına məhkum insan aptekə də gedə bilmir”

E.Əsədov əlilliyi olan insanların sərbəst hərəkət etmək problemini "sovetdənqalma” adlandırdı:

- Bu problem həmişə olub, sovet vaxtında da belə idi, indi də, demək olar, eyni ilə qalır. Bir-iki istisna hal, ümumilikdə problemin həlli sayıla bilməz. Baxın, son illərdə nə qədər yeni binalar, müasir ofislər, xəstəxanalar, özəl klinikalar, piyada keçidləri, alış-veriş mərkəzləri, marketlər tikilib. Demək olar bunların çoxunda nə əlil arabasının hərəkəti üçün, nə də qoltuq ağacı ilə hərəkət edən bir insan üçün şərait var. Əlillər heç aptekə dərman almağa da gedə bilmir. Məcburdur, dərman almağı kimdənsə xahiş etsin.

Çünki özü təkbaşına, sərbəst şəkildə aptekə daxil ola bilməz. Beynəlxalq qurumlar belə vəziyyəti əlilliyi olan insanların diskriminasiyası, cəmiyyətdən dışlanmaları hesab edir. Haqlıdırlar. Bir əlil ki, istədiyi yerə demirəm, səhhəti ilə bağlı ya aptekə, ya da hansısa klinikaya sərbəst şəkildə getmək imkanından məhrumdur, o özünü cəmiyyətin bərabərhüquqlu üzvü hesab edə bilərmi? Təbii ki, xeyr. Əlillər evdə, ya da pansionatda gizlənməli deyil. Elə şərait yaradılmalıdır ki, əlilliyi olan insanlar da ictimai yerlərdə rahat hərəkət edə bilsinlər və özlərini cəmiyyətin bir üzvü kimi hiss etsinlər, görsünlər.

Məlahət Rzayeva
sherg.az