Kamil Məhərrəmov. Cəmi iki rolunun adını çəkmək kifayətdir ki, tamaşaçı onu xatırlasın. “Yol əhvalatı” filmindəki Paşa və “Evlənmək istəyirəm”də Şamilin tapıb gətirdiyi tütəkçalan yetim Hüseyn.
Kamil Məhərrəmov “Azərbaycanfilm”də bu iki film də daxil olmaqla, 40-dan çox bədii filmə çəkilib. Yaratdığı komik personajlar bu gün də tamaşaçıların yaddaşından silinməyib, hər dəfə sevilərək baxılır. Bu personajların dilindən səslənən bir çox ifadə kinosevərlər arasında, bir növ, zərb-məsələ çevrilib.
Kamil Məhərrəmov 1941-ci il mayın 6-da Şamaxıda dünyaya gəlib. Ailəsi bir müddət sonra Bakıya köçüb və Kamil burada orta məktəbdə oxuyarkən rejissor Lütfi Məmmədbəyovun teatr dərnəyinə yazılıb. Onun hədsiz marağı Lütfi müəllimin diqqətini çəkir. Lütfi bəy ona aktyor olmağı məsləhət görür. Kamil isə ailəsinə kömək etmək üçün tezliklə bir sənətə yiyələnib işləmək istəyir.
Energetika texnikumuna qəbul olunsa da, aktyor olmaq, kinoya çəkilmək istəyi onu rahat buraxmır. İncəsənət İnstitutunun imtahanlarından uğurla keçən Kamil, təhsilini başa vurduqdan sonra Sumqayıt teatrında fəaliyyətə başlayır.
Daha ətraflı Axar TV-nin təqdim edəcəyi süjetdə:
Axar.az