I Avropa Oyunlarının məşəli Saatlıda alovlandırıldı

I Avropa Oyunlarının məşəli Saatlıda alovlandırıldı backend

Mayın 6-da birinci Avropa Oyunlarının məşəli Hacıqabul rayonundan sonra Saatlıya gətirilib. Trend-in məlumatına görə, Saatlı şəhərinin giriş qapısında Hacıqabulda yandırılan Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub.

Şəhərin Heydər Əliyev prospektində minlərlə rayon sakini yürüş iştirakçılarını böyük coşqu ilə qarşılayıb.

Avropa Oyunlarının rəmzi qapısında Saatlı rayon Əhmədbəyli kənd tam orta məktəbinin şagirdi, futbolçu Mirqiyas Qiyasov məşəli qəbul etdi.

Sonra 10 məşəlçi 2,9 kilometr məsafədə yürüşə başladı. Növbə ilə məşəli bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqışları ilə Heydər Əliyev prospekti boyunca hərəkət etməklə Ümummilli Liderin adını daşıyan meydana gəldilər. Meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları böyük sevinclə qarşıladılar.

Əlisoltanlı kənd tam orta məktəbinin müəllimi Vüqar Namazov səhnəyə qalxaraq, Avropa Oyunlarının məşəlini alovlandırdı.

Mərasimdə aprelin 26-da Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Birinci Avropa Oyunlarının çırağı sərbəst güləş üzrə Azərbaycan çempionu Namaz Cəfərov tərəfindən yandırılaraq, yarışlar başa çatana qədər saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi.

Birinci Avropa Oyunlarının məşəlindən götürülən alov buradan Sabirabad rayonuna yola salındı.
Diaspora