“Həyatda hər kəs bir yola çıxır və hərənin də bir niyyəti olur. Niyyətlər müxtəlif, yollar müxtəlif... Amma bir yol da vardır ki, bu yola halal zəhmətinlə ailənə çörək qazanmaq niyyəti ilə çıxırsan. Bu yol düz, müqəddəs və şərəflidir”. Asif Bəkirli, “Düşündüklərim... Qənaətlərim... Praktikadan nəzəriyyəyə” kitabından sitat.
Bu sözlər “Fərdi hekayəmiz”in növbəti maraqlı qəhrəmanı - neft və qaz sənayesinin inkişafındakı xüsusi xidmətlərinə görə Prezident tərəfindən “Tərəqqi” medalına, o cümlədən, “Əməkdar mühəndis” fəxri adına layiq görülən SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirliyə aiddir.Qeyd etməliyik ki, saydığımız bütün bu yüksək keyfiyyətləri ilə yanaşı, Asif Bəkirli incə zövqlü, yaşayıb-hiss etdiklərini, öyrəndiklərini kəlmələrə daşıyan şair təbiətli, dürüstlüyə, sözə hər şeydən çox önəm verən bir insandır. Onun üçün haqq, həqiqət bu həyatda ən önəmli məfhumdur desək, yəqin ki, yanılmarıq.
Asif Bəkirli dünyaya gözlərini, Göyçay rayonunda, neftçi ailəsində açıb. Həqiqi hərbi ximətini başa vurduqdan sonra, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə isə hələ çox gənc yaşlarında çilingər kimi başlayıb. Ali təhsilini bitirdikdən sonra neft sənayesinə ilk addımlarını atan gənc mütəxəssis, SOCAR-da layihəçi-mühəndis olaraq, işə başlayır. Vaxt keçdikcə, o, aparıcı mühəndis, qrup rəhbəri, baş mütəxəssis, Əməyin mühafizəsi və keyfiyyətə nəzarət xidmətinin rəisi vəzifələrində çalışır. 2005-2011-ci illərdə SOCAR-da Təlim, Tədris və Sertifikatlaşdırma departamentinin rəisi olur. 2011-ci ildən bu günədək isə SOCAR-ın İnsan Resursları Departamentinin rəisi vəzifəsində çalışır. Asif müəllim Neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə SOCAR-ın Fəxri Fərmanı ilə təltif olunub.
“Belə bir böyük infrastruktura malik olan SOCAR-da insan resurslarının idarəedilməsi, həqiqətən də, çox böyük və riskli bir məsələdir. Mən həmişə bu sözü deyirəm, bu, sadə bir iş deyil: SOCAR kimi ən çox işçi götürən, insanların əmək haqlarının fərqli olduğu bir şirkətdə, belə bir sistemi yaradasan ki, heç bir tanışlıq və başqa neqativ hallar olmadan, kadr məsələlərini, həm işə qəbulu, həm də daxili tənzimlənməsini təmin edəsən”.
Fəaliyyəti dövründə Asif Bəkirli bir çox qabaqcıl xarici ölkələrdə işgüzar səfərlərdə olub, Avropa Keyfiyyət Təşkilatının (EOQ) Baş auditor Sertifikatına layiq görülüb. Beynəlxalq standartların tətbiqi və insan resurslarının idarəedilməsi ilə bağlı, mütəmadi olaraq, mətbuatda çıxışları olub və məqalələri dərc olunub. O, eyni zamanda, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri Professoru seçilib. Uzun illər birbaşa insanlarla işlədiyi üçün Asif müəllim özünü, kitabında da qeyd etdiyi kimi, “insan sərrafı” adlandırır.
“İşimizlə bağlı o qədər müxtəlif keyfiyyətlərə malik olan insanlarla ünsiyyətdə olmuş və oluruq ki, artıq insanın xarici görünüşü, iki-üç kəliməsi, hər hansı bir məsələyə bildirdiyi münasibəti, hətta oturuşundan-duruşundan belə psixoloji portretini yaratmaqda çətinlik çəkmirik. Yəni gözümüzdən tük də yayınmır. Amma bilmirəm bu yaxşı haldır, ya yox”.

“Beynəxalq idarəetmə sistemlərinin inteqrasiyası və auditi”, “İnsan resurslarının idarəedilməsi: Nəzəriyyədən Praktikaya”, “Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi” adlı bir sıra önəmli elmi kitablarla yanaşı, Asif Bəkirli həm də, “Haqq səsiyəm” bədii kitabının da müəllifi və həmmüəllifidir. Şeirlərində isə sadə və səmimi dilə üstünlük verən Asif müəllim, özünü şair olaraq təqdim etməsə də, ürəyindən keçənləri, düşüncələrini şeirə köçürməkdən zövq aldığını boynuna alır.
“...Kimsəyə birisi böhtan atanda,
Ürəyim götürmür, qəlbim götürmür.
Kimsənin hüququ tapdalananda,
Mənə əzab verir, vicdanım dözmür.
Odur ki, oluram hərdən səbirsiz,
Məni qınamayın, əzizlərim, siz.”
Doğurdan da, Asif Bəkirliyə görə, xəyanət və qeyri-səmimiliyə, yalana heç vaxt ehtiyac yoxdur. Onun fikrincə, yalançılıq qorxaqlıqdan başqa bir şey deyil. İnsan, qəlbinin çalarlarına uyğun yaşamalı və seçimlər etməlidir. Bu şüarlar hər yerdə keçərlidir. Qəlb insana həm şəxsi həyatında, həm də işində yol göstərir. Bütün bu fikirlərini Asif müəllim qısaca belə ifadə edir:
“Görüləcək işlə bağlı dəfələrlə telefon danışıqları aparılsa da, saysız görüşlər keçirilsə də, çoxlu zaman və resurslar sərf edilsə də, əgər müsbət nəticəsi yoxdursa, bunun adı, ən yaxşı halda, faydasız, bəzən də ziyan vuran zəhmətdir. İstənilən bir işə maliyyədən də önəmli olan ürəyini qoymalısan ki, müsbət nəticəsini görə biləsən. Bunun üçün isə o ürəyə sahib olmalısan”.
Həyatda sadəlik və düzgünlük tərəfdarı olan Asif Bəkirli heç vaxt heç kimi tutduğu vəzifəyə görə qiymətləndirmir. Uzun illər rəhbərlik etdiyi qurumlarda bütün işçiləri - peşəsindən asılı olmayaraq, hər birini ilk başqa insan olaraq görür və onlara qarşı davranışında, ən əsası, bu faktoru unutmur. Asif müəllimin fikrincə, işə qəbul zamanı da insanın müəyyən xarakterik keyfiyyətləri nəzərə alınsa da, onun məzhəbi, əqidəsi ikinci, hətta, üçüncü dərəcəli meyarlardır.
“Bəzən cəmiyyətimizdə belə bir fikir formalaşır ki, müxtəlif əqidə sahibləri, başqa-başqa partiya və təşkilat nümayəndələri müəyyən strukturlarda işə qəbul olunarkən, bu məsələlərə baxılır və hər hansı bir təbəqəyə üstünlük verilir. Amma SOCAR-da işə qəbulda belə məsələlərə, ümumiyyətlə, fikir verilmir. Burada yalnız möcud vakansiyanın, tələb olunan sahənin sırf qeyd etdiyim keyfiyyətlərə malik bilik, bacarıq, səriştə, bunlara önəm verilib, işə götürülür. Bu baxımdan, deyirəm ki, hər bir Azərbaycan vətəndaşı vakansiyanın tələblərinə cavab verirsə, burada heç bir vasitəsiz, heç bir maneəsiz öz gücü ilə işə qəbul ola bilər”.

Özünü hərtərəfli bir insan kimi yetişdirən Asif Bəkirli, 1989-cu ildən etibarən, ölkənin ictimai-siyasi proseslərində fəal iştirak edərək, demokratik dövlət quruculuğundakı xidmətlərinə və kütləvi informasiya vasitələri ilə fəal əməkdaşlığına görə, Azərbaycan Mətbuat Şurası tərəfindən, Diplomla təltif edilib. Eyni zamanda, o, “Qızıl Qələm” media mükafatının laureatıdır. Asif müəllim insanda ən əsas dörd keyfiyyətin birləşməsini uğurun əsası hesab edir:
“Bunlar - ağıl, dərrakə, cəsarət və savaddır. Bunlardan biri olub, o biri olmasa, uğur əldə edə bilməyəcəksən; müəyyən zaman kəsiyində etmiş olsan belə, bu və ya digər baxımdan itirəcəksən. Ona görə də, cəmiyyətdə mövcud olan hiyləgərlikdən, saxtakarlıqdan və neqativ hallardan qorunmaq, eyni zamanda da, tutduğun mövqedən düzgün istifdə etməklə dövlətinə və dövlətçiliyinə fayda vermək üçün kamilləşməlisən. Bu da, ya qanda olur, ya da ki, daima öz üzərində işləməklə əldə edilir. Əlbəttə ki, əgər bunu istəyirsənsə...”
ailem.socar.az