“Yeni Üfüq” qazi və şəhid ailələrini ziyarət etdi - Bayraq günü münasibətilə

“Yeni Üfüq” qazi və şəhid ailələrini ziyarət etdi - Bayraq günü münasibətilə backend

9 noyabr - Dövlət Bayrağı günü münasibətilə “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi şəhid və qazi ailələri ilə görüşüb.

Birlikdən QAZİLER.AZ saytına verilən məlumata görə, bayram münasibətilə paytaxtın müxtəlif ərazilərində yaşayan şəhid və qazi ailələri ziyarət olunub, onlara bayram sovqatı hədiyyə edilib.

Həmçinin “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi sədri Sevinc Əzimbəyli və Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli “Qarabağ Qaziləri” İctimai Birliyinin bir qrup üzvü ilə görüşüb. Onlar qəhrəman qaziləri bayram münasibəti ilə təbrik ediblər.

Görüşdə C.Əzimbəyli mübarək vətən şəhidlərinin ruhuna dualar oxuyub. Tədbirdə qeyd edilib ki, Azərbaycanın qürür mənbəyi və milli kimliyi olan bayrağımız qəhrəman əsgər və zabitlərimizin şücaəti ilə tezliklə Xankəndində və Şuşada dalğalanacaq.

“Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov hər zaman qazi və şəhid ailələrinə göstərdiyi diqqətə görə “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinə öz minnətdarlığını bildirib.



Elə həmin gün təşkilatın qadın fəalları ilə Dövlət Bayrağı günü münasibətilə növbəti tədbir keçirilib.

Tədbirdə birliyin sədri S. Əzimbəyli çıxış edərək üç rəngli bayrağımızın dəyərindən söz açıb.

O, Azərbaycan bayrağının ucalığı uğrunda minlərlə ölkə vətəndaşının şəhid və qazi olduğunu diqqətə çatdırıb: “Bayraq adına şəhadətə qovuşan müqəddəs şəhidlərimizin ruhlarının sevinəcəyi gün işğal altında torpaqlarımızın azad olunduğu an olacaq. Əminəm ki, bu qələbə günü uzaqda deyil”.







Diaspora