Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur backend

QAZILER.AZ saytı xəbər verir ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.

Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib.

Sərəncama görə, həmin fakt nəzərə alınaraq hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub.

Qeyd edək ki, bayrağımızın eninin uzunluğuna nisbəti 1:2 kimidir. Bayraq üç rəngli parçadan (trikolor) ibarətdir. Bayraq bərabər enli üç üfüqi zolaqdan (yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir) ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın mavi rəngi türkçülüyü, qırmızı müasir cəmiyyət, demokratiyanı, yaşıl rəng isə İslamçılığı tərənnüm edir.

Azərbaycan Xalq Cümhuriyyətinin Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında demişdi: "Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti indiki üçrəngli və ay-ulduzlu bayrağı Azərbaycan Respublikasının Dövlət bayrağı elan edib.

2009-cu ilin noyabrında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunub və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

"Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Azərbaycan Respublikasnın Qanununda qeyd edilir:

"Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir".

Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncam imzalayıb.

2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimi keçirilib.

Bayraq Meydanının ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetrdir.

İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır.

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, Dövlət himninin mətni və ölkə xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb.

Bundan əlavə, meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Qarabağ qaziləri birliyinin və Qaziler.az saytının kollektivi xalqımızı, xüsusən də şəhid ailələrini, Qazilərimizi, veteranlarımızı Bayraq bayramı münasibəti ilə tibrik edir!


QAZİLER.AZ saytı şair Ramiz Qusarçaylının "Azərbaycan bayrağı" şeirini Ağlar Bayramın ifasında təqdim edir.




"Azərbaycan bayrağı"
Ramiz Qusarçaylı

Şənini vəsf etməyə yetər, qüdrətim yetər,
Ulduzunu,ayını göydə mələklər ötər,
Hər rəngində “ya qazi, ya şəhid” bir mən bitər,
Sən ey İstiqlalımın əbədiyyət sancağı, –
Azərbaycan bayrağı!

Yağının min hiyləsi küydən, kələkdən keçər,
Sən sancılan ucalıq min-min ürəkdən keçər,
Dağlar yerindən oynar, daşlar ələkdən keçər,
Göylərin nur yağmuru, yerlərin göy qurşağı,-
Azərbaycan bayrağı!

Sən Arazın, Samurun umuduna bələndin,
Çəni ağlar Göyçənin buluduna bələndin,
Dərbəndin dərd hıçqıran sükutuna bələndin
O tayımda Savalan, bu tayımda Şah dağı,
Azərbaycan bayrağı!

Cəngidə cövlan yerim, cövlanda can yerimsən,
Barışda gül çələngim, savaşda qan yerimsən,
Sən mənim and yerimsən, mənim iman yerimsən,
Dalğalı ləngərlərin yelpiklənən yarpağı,-
Azərbaycan bayrağı!

Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı!
Azərbaycan bayrağı!