“Heydər zirvəsi”nə kütləvi yürüşlər davam edir

“Heydər zirvəsi”nə kütləvi yürüşlər davam edir backend

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə kütləvi yürüşlər davam edir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, bu günlərdə Şahdağ ərazisində qeyri-sabit, qarlı-şaxtalı hava şəraitinə baxmayaraq yürüş iştirakçıları yüksək əhval-ruhiyyə ilə “Heydər zirvəsi”nə qalxaraq görkəmli siyasətçi və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini yad edir.

Qeyd edək ki, son illərdə bu aksiyaya qoşulanların sayı ötən illərlə müqayisədə dəfələrlə artaraq xoş bir ənənə halını alıb və bu kütləvi yürüş ənənəsi “Heydər zirvəsi”ni xalqın ziyarətgahına çevirib. Zirvəni ziyarət etmək istəyən vətəndaşların arzularının rahat şəkildə gerçəkləşdirilməsinə şərait yaradılıb.

Ötən 5 gün ərzində respublikanın müxtəlif bölgələrindən, nazirlik, müəssisə, idarə və təşkilatlardan 200-ə yaxın ziyarətçi Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə qalxıb və may ayının 12-dək ümumilikdə 700-ə yaxın ziyarətçinin zirvəyə yürüş edəcəyi gözlənilir.

Bildiririk ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şahdağ Milli Parkında yaradılmış Təşkilat Komitəsinin müəyyənləşdirdiyi marşruta uyğun olaraq yürüş iştirakçıları bələdçilərin müşayiəti ilə 1 may 2015-ci il tarixindən etibarən ayrı-ayrı mütəşəkkil qruplarla “Heydər zirvəsi”nə doğru yürüşə başlayıb. Yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə və təlimatlandırılmasına Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası təşkilatçılıq edir.

Xatırladaq ki, “Heydər zirvəsi”nə təşkil olunmuş və müəyyən edilmiş qrafik üzrə mütəmadi qaydada may ayının 12-dək davam edəcək kütləvi yürüşün iştirakçıları ETSN-nin müvafiq əmri ilə Şahdağ Milli Parkının ərazisinə giriş haqqından birdəfəlik azad edilib.
Diaspora