Xalq artisti, diktor Rafiq Hüseynov dəfn olunub.
APA-nın məlumatına görə, o, Yasamal qəbiristanlığında torpağa tapşırılıb.***
12.04
Dövlət Mahnı Teatrında Azərbaycanın xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimi keçirilib.
APA-nın məlumatına görə, vida mərasimində mərhumun ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri, nazirlər, ictimaiyyət nümayəndələri iştirak edib.
Professor İlham Rəhimli Rafiq Hüseynov haqqında xatirələrini bölüşüb, onun Azərbaycan televiziyasının inkişafındakı xidmətlərindən danışıb.
İlham Rəhimli bildirib ki, Rafiq Hüseynov 17 yaşından ömrünü televiziyaya bağlayıb: "Efirə çıxandan bir həftə sonra isə bütün Azərbaycanda məşhur oldu. O, qısa müddətdə peşəkar diktor səviyyəsinə yüksəldi. Onda qəribə cazibə, qərib işıq var idi. Qısa müddətdə Azərbaycan ziyalısının simasına çevrildi. Onda Qarabağdan gəlmə ağayanalıq vardi. İnsan onun peşəkarlığına, ustalığına heyran qalırdı. Rafiqə dəfələrlə Moskvada qalıb işləməyi təklif etmişdilər. Amma o, Azərbaycansız, Bakısız, Şuşasız yaşaya bilmirdi. Adi işıqçılıqdan sədr müavininə qədər yüksəldi. Rafiq Hüseynov Azərbaycan televiziya mədəniyyətinin, ağayanalığının bünövrəsini qoyan şəxsiyyətlərdən idi".
Xalq artisti, rejissor Ramiz Həsənoğlu Rafiq Hüseynovun xatirəsinin insanların yaddaşında daim yaşayacağına əminliyini bildirib.
Xalq artistləri Əli Məmmədov, Eldost Bayram, əməkdar artistlər Gülşən Əkbərova, Nərgiz Cəlilova, Rafiq Haşımov Rafiq Hüseynovu böyük dost, əvəzsiz televiziya xadimi kimi dəyərləndiriblər.
Qeyd olunub ki, Rafiq Hüseynov televiziya sahəsində məktəb yaradan insanlardan biri olub. Onun yetişdirdiyi tələbələr bu gün Azərbaycan teleməkanının simasına çevriliblər. Rafiq Hüseynovun açdığı cığır sonradan böyük yola çevrildi, televiziya və radioya özündən sonra böyük nəsil bəxş etdi.
Vida mərasimi başa çatdıqdan sonra Rafiq Hüseynovun cənazəsi dəfn olunmaq üçün Yasamal qəbiristanlığına aparılıb.
Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Məşhur diktor 1946-cı ildə Şuşada anadan olub.
Ağciyər xərçəngindən əziyyət çəkən xalq artisti bir neçə dəfə Türkiyədə əməliyyat olunub, kimyaterapiya müalicəsi alıb.