Noyabrın 1-də Azərbaycan Texniki Universitetində (AzTU) gənclərin milli vətənpərvər ruhda tərbiyələndirilməsi məqsədi ilə tədbir keçirilib.
Qaziler.az bildirir ki, tədbir iştirakçıları əvvəlcə AzTU-nun həyətində yerləşən universitet məzunu olmuş şəhidlərin xatirə kompleksi önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.Sonra Azərbaycan Texniki Universitetinin məzunu olmuş şəhid və Milli Qəhrəmanların xatirə muzeyinin açılışı olub.
Muzeyin açılışında AzTU-nun prorektoru İlham Pirməmmədov bildirib ki, bu universitetin məzunu olmuş 10 nəfər Milli Qəhrəman var. Onların fəaliyyətinin, döyüş yolunun, qəhrəmanlıqlarının hər zaman tələbələr üçün örnək göstərildiyini qeyd edən prorektor deyib ki, xatirə muzeyində, AzTU-nun məzunu olmuş Milli Qəhrəmanlarla yanaşı, universitetin 1990-cı illərin əvvəllərində Vətənin bütövlüyü, suverenliyi uğrunda canını fəda edən şəhid məzunları, o cümlədən ötən ilin aprel ayında Azərbaycan xalqına şanlı zəfər bəxş edən igidlərin xatirə lövhələri, onlar haqqında məlumatlar var.
Açılışda iştirak edənlər muzeyin önəminə diqqət çəkərək vurğulayıblar ki, xatirə muzeyinin məhz universitetdə, tələbələrin gediş-gəlişinin sıx olduğu bir yerdə yaradılması vətənpərvərlik hissini daha da gücləndirəcəkdir.
Muzeyin açılışından sonra iştirakçılar 1997-ci ildə əsir düşməmək üçün özlərini partladan 7 xüsusi təyinatlı kəşfiyyatçımıza həsr olunmuş “Səkkiz oğul istərəm...” filminin təqdimat mərasiminə toplaşıblar.
Azərbaycanın ilk hərbi diktoru olan Şəmistan Əlizamanlının aparıcılığı ilə keçirilən təqdimat mərasimində bildirilib ki, 1997-ci il aprel ayının 7-də səkkiz nəfərdən ibarət xüsusi təyinatlı kəşfiyyat qrupu ulu öndər Heydər Əliyevin xüsusi tapşırığı ilə düşmənin arxasına göndərilir və düşmənlə təmas xəttindən təxminən 40-50 kilometr irəliləyərək tapşırığı yerinə yetirir. Bu çox vacib bir əməliyyat idi. Lakin qrup geri qayıdarkən təsadüfən düşmən tərəfindən aşkarlanır. Kəşfiyyatçılarımız mühasirə şəraitində müxtəlif manevrlər edərək üç gün döyüşürlər.
Həmin döyüşlər gedən zaman xüsusi qurğularla düşmənin radio danışıqlarından nə baş verdiyini müəyyənləşdirmək mümkün olur. Alınan məlumatlardan bəlli olur ki, mühasirə həlqəsi daralan kəşfiyyatçılarımız ermənilərə çox ciddi zərbələr endirirlər. Düşmən həm canlı qüvvə, həm də texnika sarıdan itkilər verir. Mühasirə tam daraldıqda isə ermənilər onları təslim olmağa çağırıblar. Amma kəşfiyyatçılarımız onların bu təklifini rədd edib sona qədər döyüşüblər və qumbara ilə özlərini partladaraq şəhid olublar.
Onlardan yalnız biri, çavuş Aqil Əhmədov ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşür.
Filmdə bəhs olunan kəşfiyyatçılarımız haqqında qısa məlumat verildikdən sonra Rey Kərimoğlunun ssenarisi əsasında çəkilən rejissor Nicat Cəlilovun “Səkkiz oğul istərəm...” filmi nümayiş etdirilib. Bu layihənin rəhbəri Şəmistan Əlizamanlıdır.
Filmin nümayişindən sonra qəhrəmancasına, gözünü qırpmadan canını fəda edən həmin kəşfiyyatçıların ailə üzvlərinə “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” təşkilatı tərəfindən təsis edilmiş medallar verilib.
Şəhid kəşfiyyatçımız, leytenant Vüqar Yarəhmədovun adını daşıyan oğlu, AzTU-nun tələbəsi Vüqar Yarəhmədov çıxış edərək atası ilə fəxr etdiyini, şəhidlərin, o cümlədən atasının adının uca tutulduğu üçün dövlət başçısına, universitet rəhbərliyinə təşəkkürünü bildirib.
AzTU-nun prorektoru İsa Xəlilov çıxış edərək bildirib ki, universitetdə hərbi vətənpərvərlik ideyası hər zaman önə çəkilib. O, qeyd edib ki, kəşfiyyatçılarımızın şücaəti hətta düşməni də heyran qoyub. Ermənistan hərbi ideoloqları kəşfiyyatçılarımızın bu igidliyini öz əsgərlərinə nümunə göstərmək üçün hərbi qaydada, ehtiramla dəfn ediblər.
Çıxış edən millət vəkili Hadı Rəcəbli, QHT-lərə Dəstək Şurasının üzvü Emin Həsənli, ehtiyatda olan polkovnik Şair Ramaldanov və xüsusi təyinatlıların komandiri, polkovnik Xətai Baxışov bu əməliyyatın önəmindən danışıblar və kəşfiyyatçılarımızın nəşinin, həmçinin sağ qalan çavuş Aqil Əhmədovun düşməndən alınması ilə bağlı məlumat veriblər. Bildirilib ki, yalnız altı aydan sonra – oktyabrın 16-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin səyi nəticəsində onların cəsədləri alınır və iki gün sonra Bakıda, II Şəhidlər Xiyabanında dəfn edilir.
Sonda Şəmistan Əlizamanlının ifasında vətənpərvərlik mahnıları ilə tədbirə yekun vurulub.