Dustaqların qaçmasında suçlu olan “nadzorlar”a yeni ittiham verildi

Dustaqların qaçmasında suçlu olan “nadzorlar”a yeni ittiham verildi backend

Mahmud Hacıyev: “Belə çıxır ki, dustaqların sevgililəri ilə görüş məkanı...”

Müğənni Fədayə Laçın (Məmmədova Fədayə Baris qızı) mütəşəkkil dəstənin üzvü kimi həbs olunub. Dəstədə daha 2 şəxs var. F.Laçın “Qoca” ləqəbli dustaq Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunur. Müğənni barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Fədayə Laçın barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Araşdırmalar zamanı bəlli olub ki, dustaqların qaçırılmasında F.Laçından başqa daha bir qadın da iştirak edib. Keçirilən əməliyyat tədbiri nəticəsində Ağstafa rayonu ərazisində Günay Atakişiyeva və taksi sürücüsü Məhəmməd Famil oğlu Hacıyev də tutulublar. Hər iki şəxs Cinayət Məcəlləsinin 304.2.1-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunaraq barələrində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sürücünün “Opel” markalı avtomobili və F.Laçının “Mercedes”i Penitensiar Xidmətdə saxlanılır.

Sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, baş verənlər çox ciddi şəkildə araşdırılmalı və gələcəkdə belə halların baş verməməsi üçün məqsədyönlü addımlar atılmalıdır:

“Dustaq məhkəmə zalından çıxdı, onunla görüşə qəti icazə verilmir. Qanunda birbaşa yazılır ki, ibtidai istintaq zamanı istintaq altında olan şəxslə müstəntiqin icazəsi, istintaqa nəzarət edən prokurorun razılığı ilə görüş verilə bilər. Görüş istintaq təcridxanasında, müvəqqəti saxlama yerlərində baş tutmalıdır. Məhkəmə zamanı isə görüş üçün qərar vermə səlahiyyəti prokurorla müstəntiqdən işə baxan hakimə keçir. Əgər şəxs məhkəmə zalından çıxıb etap olunursa, həmin vaxt görüşə icazə verilmir, qanunla qadağandır. Qanunun tələbi təsadüfi deyil. Etap zamanı dustağın qaçırılması, qaçması ehtimalı nəzərə alınır”.

M.Hacıyev deyir ki, Fədayə Laçının və iş üzrə həbs olunan digər qadının etirafları etap sahəsində çox ciddi qanunsuzluqların olduğunu ortaya qoyur: “Fədayə Laçının deməyi ki, mən Bakıdan dustaqların etap edildiyi vaqona minib Biləcəridə düşmüşəm, bu çox ciddi araşdırılmalı məsələdir. Digər qadın Günay Atakişiyevanın da oxşar fikirləri mətbuatda yer alıb. Deyir ki, Lənkəranda dustaqların olduğu xüsusi vaqona mindim, Biləcəridə düşdüm. Bu iki misal, ümumiyyətlə, sensasiyadır. Bu nə deməkdir? Ağır cinayətdə ittiham olunan 2 dustağın daşındığı vaqonlar belə çıxır ki, dustaqların sevgililəri ilə görüş məkanı olub? Yumşaq desək, bu, qeyri-qanuni əməllərin, özbaşınalığın hökm sürməsini təsdiqləyən məlumatdır. Çox ciddi şəkildə araşdırılmalı məsələdir. İstintaq 2 qadın və 1 sürücü, 3-4 nəzarətçi ilə məhdudlaşmamalıdır. Aşağıdan yuxarıya qədər bütün günahkarlar müəyyən olunub cəzalandırılmaldıır. Əks halda, bu sonuncu qaçış, qaçırılma olmayacaq”. Xatırladaq ki, faktla bağlı Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb. Onların barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Xüsusi təyinatlı vaqondan qaçan iki məhbusa görə saxlanılan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanova qarşı yeni ittiham irəli sürülüb. APA-nın əldə etdiyi xəbərə görə, onlar Cinayət Məcəlləsinin 311.3.2 (Rüşvət alma, təkrar törədildikdə) maddəsi ilə də təqsirli bilinirlər.
musavat.com