Xalq artisti Canəli Əkbərov və Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi arasında gedən qalmaqal səngimir.
Canəli Əkbərovun musavat.com-a açıqlamasında “Mən orda dərs deyəndə Siyavuş Kərimi məzun olmuşdu. Sonra isə özlərinə mafiya düzəldib, konservatoriyanı iki yerə böldülər” deməsi isə müəyyən müzakirələrə yol açıb. Çünki zamanında Milli Konservatoriyanın Bakı Musiqi Akademiyasından ayrılma səbəbi bir çoxları üçün hələ də aydın deyil.Qeyd edək ki, 1922-ci ildə yaradılan Azərbaycan Milli Konservatoriyası təxminən 80 ilə yaxın dövrdə ölkədə yeganə konservatoriya olub. Yalnız həmin ildə görkəmli bəstəkar Müslüm Maqomayev konservatoriyada fəaliyyət göstərən “Şərq musiqisi” fakültəsini ayıraraq ona müstəqil status vermək məqsədi ilə “Şərq Konservatoriyası”nın yaradılması haqqında əmr və göstəriş vermişdi. Adıçəkilən Konservatoriyaya rəhbərlik Üzeyr Hacıbəyliyə tapşırılır. Lakin Narkomprosun Kollegiyasının qərarı ilə Azərbaycan Dövlət Türk Musiqi Texnikumu yaradılır və onu Musiqi Texnikumu və ya Şərq Konservatoriyası adlandırırlar.
Milli Konservatoriyanın Bakı Musiqi Akademyasından ayrılması isə 2000-ci ildə baş verib. Prezidentin sərəncamı ilə həmin ildə Azərbaycan Milli Konservatoriyası təsis edildi. Sərəncama əsasən musiqi ocağının rektoru vəzifəsi Siyavuş Kərimiyə həvalə edildi. Hazırda adıçəkilən konservatoriyanın tərkibinə Bakı Musiqi Kolleci və Respublika İncəsənət Gimnaziyası daxildir.
Canəli Əkbərovun ittihamına gəldikdə isə, rektor Siyavuş Kərimi musavat.com-a danışaraq məsələyə bu cür mövqe bildirdi: “Nə danışırsız? Konservatoriyanın ayrılması dövlətin proqramıdır. Bu məsələni mənimlə bağlamayın, xahiş edirəm”.
Musavat.com