Papağıma sıçrayan qan...

Papağıma sıçrayan qan... backend
“ - A bala, xoş gəlmisən gəl, nə yaxşı bizi yada salmısan? Torpağın üstündəki qışqırıqlarınız qulağımızı batırır. Nə hay-küydü orda? Sən Allah, sən oxumuş adamsan, bir məni başa sal görüm, “soyqırımı” nə olan şeydi? Bura gələn səslərin çoxundan o haray çıxır.
- Ay Məmməd əmi, mən gəlməyim.
- Gəl, gəl çəkinmə, boşla o yuxarıdakıları. Gəl, səni balalarımla tanış eləyim. Yaşıdsınız, bax bu, Elşəndir, mənim böyük oğlum, bu da Azərdir, ortancılım, saçının qıvrımı gözünə dolur. Anası ərköyün böyüdüb. Hələ üstəlik qız da sevir, odey əlindən tutub. Mənim də xəbərim yoxuydu, anası ucundan-qulağından dedi. A bala, onun yaşında biz qız sevməyi bilməzdik, elə dədəm-nənəm nə dedi, odu. Bu kopayoğlu yaman cüvəllağıdır, kimə oxşayıb, bilmirəm. O Rusiyətdəki dayısına çəkib, yəqin. Bu da balacam, dədəmdi mənim, Rüstəmdir, atamın adını qoymuşam. O dünyaya gələndə elə bildim, rəhmətlik kişi qəbirdən dirilib gəlib. Vallah ağzımda dilimdi, bu. Bu da qız balamdır, üç igidin bir mələyi. Gözmuncuğu kimi təkdir. Oy, buna qurban olum”.
Məmməd əmi əlini uzadıb balalarını bizə göstərirdi, gah oxşayırdı, gah da üzündəki qürur dolu təbəssümlə söz atırdı onlara.
- Bax, bax bu da Mustafa kişidir. Adam arvadından ayrı durammır. Onun külfəti çoxdur a bala, maşallah, çoxdan baba olub, nəvəsi-nəticəsi var. Hələ qız nəvəsini də nişanlayıb. Bəxtəvərin oğlu, bu gedişlə kötükcəsini də görəcək.
Bu da kəndimizin qızlarıdır. Maşallah, ay parçasıdırlar. Bax, bax, bu Hacının nəvəsidir. Yenicə girib on dörd yaşına. Nə bilim oğul, elə ürəyimdən keçir, onu bizim uşaqlardan birinə ad eləyim. Halal süd əmib. İndiki zamanda haradan tapacaqsan beləsini? Yaşa dolduqca həyası artır. Hörüklərinə bax, sən Allah. Hə, ev işi də gəlir əlindən. O biri də Abbasın yetimidir. Atası qoydu getdi, anası bir bunun üstündə adına ad qoşmadı. Heç bilirsən nə gözəliydi? İstəyəni çoxuydu amma qızına qurban elədi özünü. Atası başıbatmış bir urus qızına urcah oluf deyirlər, nə bilim, mən də deyənlərin yalançısıyam. İnşallah, bir halal süd əmmişə rast gələr də anasının əməyi zay olmaz.
İndi deyəcəksən ki, Məmməd dayım qocalıb, nə çox danışır. Yox a bala, səni gördüm ürəyim açıldı. Biz tərəfə yaman az gəlirsiniz, yaman...
Bizi yuxarıda axtarmayın a bala, burdayıq, torpağı yiyəsiz qoymamaq üçün bura gəldik. Elliklə, obalıqla keşikdəyik. Siz bu torpağın üstündə rahat gəzin, burası bizə əmanətdir”.
Başıma çırpılan əllərimdən qan damırdı, gördüklərimdən havalanmışdım. Bu nəydi, Məmməd əmi nə danışırdı? O nədən bəhs edirdi? Əlini uzatdığı yerdə qətliam vardı, əl ələ tutan qızla oğlanın bircə yapışıq əlləri qalmışdı, bədənləri ət parçalarından ibarətiydi. “Qıvrımı gözünə dolan” ortancılın qurşaqdan aşağısı yoxuydu. Hələ mələyim dediyi balası... Allah onun halı nəydi elə? Sus dilim, sus! Kor olan gözümə dilmanlıq eləmə!
Hacının nəvəsinin halını demirəm. Hörükləri kəsilən başından gözləri boylanırdı. Baxışları üzündə donmuşdu. Atası urusiyyətdən gəlməmişdi harayına.
Dul qadının, Abbasın yetimçəsinin ətəyi qan içindəydi...
Allah, başıma daş tök. Mən haradayam? Bu nədir belə? Məmməd əminin oğlu qopan qolunu boynuma salmışdı. Qadınlar, qızlar ətəyimdən sallanırdılar. Mustafa kişi arvadının əlindən tutub üstümə gəlirdi.
- Dillənin!
Səsim içimdə qaldı. Getdikcə üzümə yaxınlaşan baxışlar, yaxamı dartan əllər... boğuluram, Ya Rəbb, haradasan? Qanı görmürsənmi? Dizimə çıxdı axı”.
Məmməd əmi ehmalca çiynimə toxundu:
“ - A bala, di get. Get yuxarıdakılara de ki, sizin soyunuz burdadır. Qadınıyla, qızıyla, namusunuzu gizlədik torpağın altına. Siz intiqamı aldığınız gün Gün üzünə çıxacağıq. Onda üstümüzdəki qanı Günəş qurudacaq. Bizim gözlərimiz açıqdır, bala, bağlayın onu...”
Oyandım. Başımın üstündəki Günəş gecəyə məğlub olmaq üzrəydi. Yan otaqdan televizorun səsi gəlirdi:
“ - Roma papası erməni soyqırımını tanıdı...“
İçimə batan səsimi (zi) çıxarmaq üçün əlimi ürəyimə soxdum. Qanlı barmaqlarıma Abbasın yetimçəsinin yırtılmış ətəyi dolandı...
Başımdakı papağa qanı sıçramışdı!

Azadinform
Diaspora