Türkiyə ərazisində toyuqlar arasında yüksək patogenli quş qripinin yayılması ilə əlaqədar Azərbaycanın Baş Dövlət Baytarlıq müfəttişi xanım Sialə Rüstəmova 5 may 2015-ci il tarixində 27/S-03 saylı sərəncam imzalayıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Trend-ə verilən məlumata görə, sərəncamda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) rəsmi məlumatına əsasən Türkiyə ərazisində toyuqlar arasında yüksək patogenli quş qripi (H5N1) xəstəliyinin müəyyən edildiyi bildirilir. Eləcə də Azərbaycan ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədilə bu sərəncamın verilməsi diqqətə çatdırılır.Azərbaycanın Baş Dövlət Baytarlıq müfəttişi bu sərəncamla Türkiyənin Balikəsir bölgəsində toyuqlar arasında yüksək patogenli quş qripi (H5N1) xəstəliyinin yayılmasını nəzərə alaraq, 2015-ci il may ayının 5-i tarixindən Türkiyənin Balikəsir və ona yaxın olan Kütahya, Bursa, İzmit, Bandırma, Çanaqqala, Berqama, Akhisar və Manisa bölgələrindən diri quş, quş məhsullarının, eləcə də damazlıq yumurtaların idxalının müvəqqəti dayandırılmasına göstəriş verib.
Eyni zamanda, Sərəncamda Dövlət Xidmətinin Epidemioloji nəzarət və profilaktika sektorunun müdiri K.Əsədova Türkiyədə quşlar arasında yayılmış yüksək patogenli quş qripi (H5N1) xəstəliyi ilə bağlı ölkəmizin bu xəstəlikdən qorunması üçün bütün zəruri tədbirlər görməsi tapşırılır. Həmçinin Dövlət Xidmətinin Baytarlıq nəzarəti sektorunun müdiri T.Atazadəyə bu sərəncamdan irəli gələn məsələləri həll etməsi və sərəncamı aidiyyəti dövlət qurumlarına və iş adamlarına çatdırılmasının təmin etməsinə göstəriş verilib.