Sevinc Telmanqızının imza günü keçirildi

Sevinc Telmanqızının imza günü keçirildi backend

Media və siyasət camiəsi bir arada – ilginc müzakirələr, fərqli təkliflər...

Bu gün Park Bulvardakı “Ali və Nino” kitab mağazasında “Yeni Müsavat” qəzetinin əməkdaşı, yazar Sevinc Telmanqızının iki kitabının imza günü keçirildi. Musavat.cm xəbər verir ki, öncədən də elanda göstərildiyi kimi, yazar eyni gündə Avrpadakı mühacirlərin həyatından bəhs edən “Xatirələrin işgəncəyə döndüyü yer” adlı kitabını əldə edən oxuculara “Trampın və Sevincin Amerikası” kitabı da hədiyyə olundu.

Saat 15.00-ə təyin edilmiş imza gününə vaxtından əvvəl gələnlərdən biri də “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay idi. Yazarımıza bir gün öncədən xəstə olduğu üçün gələ bilməyəcəyinin anonsunu verən İradə xanım hamıdan əvvəl mağazada idi.

Az keçmədən, amma vaxtından əvvəl “Asan xidmət”in mətbuat xidmətinin rəhbəri Nadir Adilov da mağazada göründü. Kitabsevər dostlar ikibir-üçbir gəlməyə başladılar və beləcə imza günü başladı. Gələnləri S.Telmanqızı ilə yanaşı, qəzetimizin baş redaktoru Rauf Arifoğlu da qarşılayırdı. “Yeni Müsavat”ın layihələrinə həyat verən hər iki kitabdan öncə oxucuların əksəriyyəti bu yazıları qəzetimizdə və saytımızda oxumuşdu.

İlk imza alanlardan biri İradə Tuncay da elə bunu vurğulayır: “Əslində mən bu kitablardakı əksər yazıları oxumuşam. İlk çıxan gündə. Amma indi hamısını bir gündə yenidən oxuyacam”.

N.Adilov da imzalı kitabı əldə edərkən maraqlı şərh verir. Deyir ki, jurnalistlər onu zaman-zaman tənqid edir və bunu normal qəbul edir: “Sevinc xanım da məndən yazıb. Amma nə o vaxt, nə də indi ondan inciməmişəm. Jurnalistlərlə dost olmaq lazımdır. Xüsusən Sevinc xanım kimi jurnalistlə”.

“Xural” qəzetinin baş redaktru Əvəz Zeynallı ilə yazarımız fürsətdən istifadə edib, mağazadakı kitabların bahalığından danışırlar. Əvəz bəy deyir ki, bu ölkədə dünyanın ən bahalı kitabları ən ucuz qiymətlərə satımalıdır.

Bu fikrə yazar Qan Turalı da qatılır. Bir müddət öncə “Ali və Nino” mağazası ilə aralarındakı mübahisənin səbəblərini xatırladır. Yazar məhz bu səbəbdən son zamanlar kitab təqdimatını Gənc Tamaşaçılar Teatrında etdiyini yada salır.

Siyasət və media cameyəsinin bir-birindən fərqli və tanınmış simaları da kitablarını imzalatdıqca öz ürək sözlərini deyirlər. Əksəriyyətinin fikri isə bir nöqtədə cəmləşir: canlı həyat hekayələri kitabda cəmləşməli, toplu halda qalmalıdır. R.Arifoğlu siyasət və media nümayəndələri ilə bir araya gəlmişkən ölkədəki vəziyyəti müzakirə edir. Dərhal yazılacaq bir neçə mövzu çıxır ortaya. Gələn həftə hamısı həftəlik planlaşdırmada əməkdaşlara paylanacaq, məlum.

Gənc fəal Yeganə Abbasova da imza gününə qatılanlardandır. Amma məlum olur ki, onun da ad günü yazarımızın imza günü ilə eyni gündədir. Yəni, iki tarix bir arada.

Jurnalist dostlar isə hər zamankı kimi kitab təqdimatlarının ən işıqlı simalarıdır. Veteran jurnalist Rey Kərimoğlu deyir ki, daha öncə S.Telmanqızı ilə hazırladığı projelərdən də bir kitab hazırlamaq mümkündür. Scrom.net saytının rəhbəri Çingiz Özgür imza günlərini dost məclisinə bənzədir. İqtisadçı ekspert Qadir İbrahimli “Yeni Müsavat” oxucuları üçün daha geniş zalda, kofe break-li, ayrıca bir imza günü keçirilməsini təklif edir. “Yeni Müsavat”çı Elşad Paşasoy daha öncə kitab müəllifliyi təcrübəsi yaşamış biri kimi həmkarına dəstək verir. Xanım jurnalistlər – Naibə Qurbanova, Vüsalə Məmmədova, Sevinc Fədai, Namidə Bingöl, Xalidə Gəray,Elnarə Kərimova... müəllifə söyləyə biləcəkləri ən gözəl sözləri deyib, imzalı kitablarını alırlar. Hər biri yaradıcı insan olduğundan müəllifin kitaba yazdığı sözləri xüsusi təftiş edir, təkrarlar varsa, bunu zarafatla da olsa vurğulamağı özlərinə borc bilirlər.

“Xatirələrin işgəncəyə döndüyü yer” adlı avropalı mühacirlərin həyatından bəhs edən kitabı isə orada yaşayan və kitabda müsahibəsi dərc edilmiş mühacirlərin yaxınları imza gününə gələrək əldə edirlər.

Imza günü üçün iki saat ayrılsa da, tədbir 3 saat yarım davam edir. Müəllifə zəng vurub, gecikdiyini deyənlər bir qədər vaxt istəyir. Az keçmədən mağazaya da oxucu zəngi gəlir və satıcılar tədbiri bir neçə dəqiqə yolda olan oxucular üçün uzatmağı söyləyir. Cəlilabaddan gələn bir vəkil oxucu 5 kitab alır, “mən “Yeni Müsavat”ın bütün nüsxələrini saxlayıram. Cəlilabaddan dostlar bu kitabdan bir neçə ədəd almağımı xahiş etdilər” deyir.

Bu arada “Park Bulvar”a gələnlər arasında da yazarımızın kitabı ilə maraqlananlar çox olur. İnsanlar daha çx kitabın üz qabığındakı simalar arasında tanışlarını axtarır, olduğunu görəndə isə “o da Avrpaya köç edib” deyə maraqlanırdılar.
Musavat.com isə yazarımızın da timsalında imza gününə qatılan, “Yeni Müsavat” Media Qrupuna bu əlamətdar gündə dəstək olan hər kəsə təşəkkür edir.

musavat.com
Diaspora