Uşaq əməyinin istismarı ilə bağlı seminar keçirilib

Uşaq əməyinin istismarı ilə bağlı seminar keçirilib backend

On beş yaşına çatmamış şəxslərlə əmək müqaviləsi bağlanıla bilməz və belə müqavilələrin rəsmiləşdirilməsi qeyri-mümkündür

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, Əmək müqaviləsi yalnız on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər və bu yaş həddinə çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb olunur. Bu fikir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin “Uşaq əməyinin istismarı ilə bağlı nəzarət funksiyaları olan orqanların birgə fəaliyyətinin əhəmiyyəti” mövzusunda Bakının Nərimanov rayonunda təşkil etdiyi seminarda vurğulanıb.
Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Xidmətin 2 saylı region (Bakının Nərimanov rayonu) üzrə Dövlət Əmək Müfəttişliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının, Nərimanov rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər bölməsinin, ayrı-ayrı təhsil müəssisələrinin və işəgötürənlərin, aidiyyəti QHT-lərin nümayəndələri və b. iştirak edib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi uşaq əməyinə münasibətdə mütərəqqi, humanist yanaşmaları əks etdirir və Məcəllə ölkədə uşaqların onların həyat və sağlamlığına, mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələrini qadağan edir. 2014-cü ilin iyul ayından tətbiq olunan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin üstünlüklərindən biri də odur ki, sistem 15 yaşdan aşağı olan şəxslərlə hər hansı əmək müqaviləsinin qeydiyyatdan keçirilməsinə və rəsmiləşdirilməsinə imkan vermir. Yəni sistem belə müqavilələri avtomatik müəyyən edir və onlarla bağlı bildirişləri heç bir halda qeydiyyat üçün qəbul etmir.
Tədbirdə vurğulanıb ki, 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin, yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Yaşı 18-dən az olan şəxslər isə əmək şəraiti ağır, zərərli iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, eləcə də onların əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərə biləcək iş yerlərində işlərə cəlb edilə bilməzlər. Seminar zamanı yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, onlar üçün qanunvericilikdə nəzərdə tutulan təminatlar, işəgötürənlər tərəfindən bu təminatlara əməl olunmasının məcburi olduğu diqqətə çatdırılıb.
Uşaq əməyinin istismarı hallarına qarşı mübarizə sahəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin aidiyyəti qurumlarla birgə fəaliyyətindən, bu sahədə ardıcıl şəkildə aparılan təbliğat-maarifləndirmə işlərindən də bəhs olunub. Bildirilib ki, görülən işlərin müsbət nəticəsi kimi, ölkəmizdə uşaq əməyinin istismarı hallarının sayı minimuma enib.
Seminar zamanı mövzu ilə bağlı ətraflı müzakirələr aparılıb, iştirakçıların aidiyyəti üzrə sualları cavablandırılıb.
Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu ilin ötən dövründə Bakıda və respublikamızın müxtəlif bölgələrində əmək münasibətləri sahəsində uşaq hüquqları ilə bağlı maarifləndirmə məqsədilə 6 seminar keçirilib.
Diaspora