Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.
Xidmətin 2017-ci il üçün fəaliyyət planına əsasən, 19 oktyabr 2017-ci il tarixdə Şamaxı Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilmişdir. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarə rəisinin müavini – Çağırış idarəsinin rəisi polkovnik Yusif Mirzəyev, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli, ictimaiyyət nümayəndələri, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak etmişlər. Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev belə tədbirlərin regionlarda keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, müharibə şəraitində olan Azərbaycan gənclərinin vətənpərvər ruhda yetişməsi vacibdir. Daha sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi polkovnik Yusif Mirzəyev gənclərin maarifləndirilməsi, vətənpərvər ruhda tərbiyə edilməsi baxımından belə tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ordu quruculuğunun təkmilləşdirilməsi işində böyük fəaliyyəti olduğunu bildirən Y.Mirzəyev bu gün Azərbaycan Silahlı Qüvvələrinin aparılmış işlər nəticəsində regionun ən güclü ordusu səviyyəsinə çatdığını qeyd edib. Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev ölkə gəncliyinin işğal altında olan torpaqlarımızın azad edilməsi üçün hər an hazır olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli Xidmət tərəfindən gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində həyata keçirilən işlərin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Mərasimdə şəhid ailələrinin üzvləri, veteranlar, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də çağırışaqədərki hazırlıq fənni üzrə yüksək nailiyyət göstərən şagirdlər mükafatlandırılıblar. Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlı və Şamaxı rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış etmişlər.