“50-dən yuxarı ölkə tərəfindən I Avropa Oyunlarının canlı yayımlanması, o cümlədən kifayət qədər turist axını bu oyunlara olan marağın göstəricisidir”.
Bunu Axar.az-a açıqlamasında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri (ATGTİ) Şahin İsmayılov söyləyib.O, Avropa oyunlarının ölkəmiz üçün müsbət təsirlərindən söz açaraq ATGTİ-nin bu sahədə gördüyü işləri də dilə gətirib:
“Avropa oyunlarının Azərbaycan üçün olduqca böyük əhəmiyyəti var. Bu əhəmiyyəti bir neçə cəhətdən - həm iqtisadi rentabelliyi, həm Azərbaycan mədəniyyətinin və reallıqlarının tarixinin təbliğatı, həm ölkəyə kifayət qədər böyük axın, həm də infrastrukturun yaranması baxımından dəyərləndirmək olar. Təbii ki, bilavasitə olaraq 50-dən yuxarı ölkə tərəfindən bu oyunların canlı yayımlanması, o cümlədən kifayət qədər turist axınının gəlməsi bu oyunlara olan marağın göstəricisidir. Avropa Oyunlarına gənclər təşkilatları, ümumiyyətlə, ictimai qurumların da töhfə verməsi vacib faktordur.
Çünki onlar öz könüllüləri və ya işçiləri vasitəsilə bu oyunlara töhfə verə bilərlər. O ki qaldı bizim təşkilata, təbii ki, biz Avropa Oyunlarının təbliğatı və könüllülərin yığılması baxımından bir neçə böyük layihə həyata keçirmişik. Təqribən 150 min tələbəni əhatə edən bir sorğu keçirdik və həmin sorğu nəticəsində Avropa Oyunlarına könüllü olmaq istəyən gənclərin siyahısını Bakı-2015 Əməliyyat Komitəsinə təqdim etdik. Eyni zamanda, Avropa Oyunlarında könüllü kimi iştirak edəcək gənclərə könüllülük pasportlarının verilməsi də İttifaq tərəfindən həyata keçiriləcək.
Universitetlərdə könüllülərin yarana biləcək problemlərin həll olunması baxımından yaranmış qruplarda İttifaqın Tələbə Gənclər Təşkilatları öz rolunu oynayır. Eyni zamanda, bütün üzvlərimiz, Tələbə Gənclər Təşkilatları vasitəsilə Avropa oyunlarının təbliğatına, regionda yerləşən təhsil müəssisələri vasitəsilə oyunların təqdimatına, bütün ali təhsil müsəssisələrində demək olar ki, Avropa Oyunlarının təqdimatında İttifaq tərəfindən həyata keçirilir.
Bu bizim vətəndaşlıq borcumuzdur. Fərq etməz, bizim təşkilat, ya digər təşkilat olsun. Hər bir təşkilat, hər bir Azərbaycan vətəndaşı Avropa Oyunlarının təbliğatında öz missiyasını, vətəndaşlıq borcunu yerinə yetirsin”.