QAZİLER.AZ saytına “Qarabağ qaziləri” ictimai birliyinin rayonda fəaliyyət göstərən filialının sədri Abdulov İntiqam Səttar oğlundan məktub daxil olub. Həmin məktubu oxucuların diqqətinə çatdırırq:
“2006-cı il martın 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Əhməd Muxtarov Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra Hacıqabulun inkişafında dönüş başlandı. Belə ki, rayonda abadlıq, quruculuq işləri geniş vüsət aldı. İcra Başçısının təşəbbüsü və köməkliyi ilə küçələrdə, meydanlarda ağaclar əkildi, yaşıllıqların sayı artırıldı. Hacıqabul şəhərinin qəsəbə və kəndlərimizin siması dəyişildi.Kənddaxili yollar əsaslı surətdə abadlaşdırıldı. Cənab Prezidentin iştirakı ilə 2007-ci ildə Hacıqabul Usaq Tibb Mərkəzinin təməli qoyuldu və 2009-cu ilin sentyabr ayında Mərkəz istifadəyə verildi.
Bundan başqa 2009-cu ildə Atbulaq kərpic zavodu istifadəyə verildi. Bu obyektin açılışında da cənab Prezident İlham Əliyev iştirak etmişdir. 2012-ci ildə isə Muğan qəsəbəsində “Gilan Holdinq” Şirkətinə məxsus Seramik Plitə zavodunun istifadəyə verilməsi və zavodun açılış mərasimində möhtərəm Prezidentimiz İlham Əliyev cənabları iştirak etmiş, mütəxəssis və fəhlələrə dəyərli məsləhətlər, tövsiyələr vermişdir. Bütün bunlar Hacıqabul rayonunda yeni iş yerlərinin açılması ilə nəticələnmişdir. Rayon əhalisinin məşğulluğu xeyli dərəcədə yüksəlmişdir.
Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhməd Muxtarovun gərgin səyləri ilə gənclərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində xeyli işlər görülmüşdür. Torpaqlarımızın ərazi bütövlüyü, Vətənimizin istiqlaliyyət uğrunda canlarından keçən şəhid oğullarımızın məzarları kompleks şəkildə Hacıqabulun girəcəyində Dağüstü massivə köçürülmüş, onların qəbirüstü abidələri güllərlə, çiçəklərlə, yaşıllıqlarla əhatə olunmuşdur. Hal-hazırda Şəhidlər Memorial Kompleksi göz oxşayır. İndi bu müqəddəs ziyarətgah tək hacıqabullular üçün əziz döğma məkan deyil. Bakı-Qazax şosse yolu boyunca sərnişinlər bir anlığa ayaq saxlayır, Azərbaycanımızın müstəqilliyi uğrunda şəhid olan, hacıqabullu cəsur gənclərimizin xatirəsini yad edirlər. Bundan başqa Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon Şöbəsində Hacıqabul şəhidlərinə aid xüsusi guşə, foto-stend tərtib olunmuşdur. Cənab başçı Əhməd Muxtarovun təşkilatçılığı ilə rayonda Heydər Əliyev Mərkəzi qısa müddətdə tikilib istifadəyə verilmişdir. Mərkəzdə Ulu Öndərimizin həyat və fəaliyyəti geniş planda foto-stendlərdə, dahi rəhbərə həsr olunmuş kitablarda əks olunmuşdur. Heydər Əliyev Mərkəzinin ətrafı al-əlvan güllərlə, yaşıllıqlarla, su fəvvarələri ilə əhatə olunmuşdur. Yeni Azərbaycan Partiyasının Hacıqabul rayon Şöbəsində daim ümummilli liderimiz Heydər Əliyevin siyasəti, bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin xalqımızın gələcəyi naminə gördüyü işlər təbliğ olunur, bu mövzuda tədbirlər, seminarlar keçirilir, söhbətlər aparılır. İcra Başçısının köməkliyi ilə şəhid ailələrinə, Qarabağ əlillərinə vaxtaşırı qayğı göstərilir, əlamətdar günlərdə, bayramlarda bu ailələrə yardımlar verilir, müəyyən maddi köməkliklər olunur.
“Qarabağ qaziləri” ictimai birliyinin rayonda fəaliyyət göstərən filialına də rayon rəhbərliyi tərəfındən dəstək verilir, qayğı göstərilir.
Cənab Prezidentin 2010-cu ilin may ayında Hacıqabulun Meyniman kəndinə səfəri, Kür çayının daşması nəticəsində sel basmış evlərin sakinlərinə - 21 vətəndaşa yeni mənzillərin açarlarını təqdim etməsi hacıqabullulara onun hörmət və qayğısının növbəti təzahürü idi. 2015-ci ilin may ayında isə Muğan-Talış qrup su kəmərinin istifadəyə buraxılması isə Hacıqabul da daxil olmaqla, 7 rayonun sakinlərini içməli su ilə təmin etmişdir. Bu mərasimdə də cənab Prezidentimiz şəxsən iştirak etmiş, mütəxəssislərə, rayon rəhbərliyinə tapşırıq və tövsiyələr vermişdir.
Köhnəlmiş dəmiryolçular klubu cənab Əhməd Muxtarovun səyləri və təşəbbüsü ilə yenidən əsaslı surətdə təmir olunaraq, müasir üslubda yaraşıqlı, al-əlvan naxışlarla bəzədilmiş geniş Mədəniyyət evinə çevrilmişdir. Bəli, Hacıqabul rayonu, onun mərkəzi Hacıqabul şəhəri gündən-günə abadlaşır, gözəlləşir. Rayonda kənd təsərrüfatının taxılçılıq, pambıqçılıq, baramaçılıq sahələri inkişaf etdirilir. Cari ildə taxılçılıqla məşğul olan fermerler zəmilərdən 24 min tondan çox buğda, 20 min tondan çox arpa, ümumən 44 min ton taxıl məhsulu toplamışlar. Keçən il 526 hektar sahədən 1000 tondan çox pambıq təhvil verilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən digər rayonlarda olduğu kimi Hacıqabulda da əkin sahələri genişləndirilmiş, bu il 1204 hektar sahədə pambıq əkilib becərilmişdir. Pambıq kolları bara dolmuş, gələcək bol məhsuldan xəbər verir. Cari ildə rayonda 20 mindən çox tut tingləri əkilmiş və baramaçılıq yüksək templərlə inkişaf etdirilmişdir. Kümçülərimiz 300 kiloqrama yaxın barama təhvil vermişlər. Rayon iqtisadiyyatının bu cür templə inkişafında şübhəsiz rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun əməyi var. Bir ictimai təşkilat kimi Azərbaycan Respublikası Qarabağ Qaziləri Birliyinin Hacıqabul rayon Şöbəsinin kollektivi cənab Əhməd Muxtarova rayonumuzun inkişafı naminə səmərəli işində daha böyük uğurlar arzulayırıq.”