Sumqayıtda Şəhidlərin şəkilləri vurulmuş küçədəki lövhələr kimlər tərəfindənsə kəsilərək qeyri-müəyyən yerə aparılması olayı cəmiyyətdə böyük narazılıq yaradıb.
Bu narazılığa ilk sərt reaksiya verənlər Azərbaycan Bayrağı Ordenli Qarabağ döyüşçüsü, ehtiyatda olan polkovnik Xətai Baxışov və Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı olub. M.Əsgərqızı bununla bağlı Azərbaycan Prezidentinə müraciət ünvanlayıb.X.Baxışov isə QAZİLER.AZ saytının əməkdaşı ilə söhbətində bu məsəldən çox narahat olduğunu deyib: “Sumqayıtda baş verən hadisə Şəhidlərimizə qarşı böyük hörmətsizlikdir. Dərhal Şəhidlərin fotoları olan lövhələr yerinə qaytarılmalıdır. Ukraynada, İranda dövlət özü torpaq uğrunda həlak olanların şəkillərini küçələrə, meydanlara vurur. Biz də isə əksinə, vətənpərvər insanlar öz hesabına belə lövhələr hazırlayıb vurur, amma icra hakimiyyətinin nümayəndələri söküb aparır. Bu, biabırçılıqdır. Belə olmaz!”
Xatırladaq ki, Sumqayıtda Şəhidlərin şəkilləri vurulmuş lövhələr kimlər tərəfindənsə kəsilərək qeyri-müəyyən yerə aparılıb. Məsələ ilə bağlı Sumqayıt şəhər icra hakimiyyətindən deyiblər ki, şəhidlərin şəkilləri olan lövhələri küçələrdən götürülməsinə icra hakimiyyəti göstəriş verməyib.
Məsələni diqqətdə saxlayacağıq.