“Qarabağ” layihəsinə başlanılıb

“Qarabağ” layihəsinə başlanılıb backend

ADA Universiteti və Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında bağlanmış memorandum əsasında “Qarabağ” sosial-humanitar layihəsinin başlanmasına dair tədbir keçirilib. ADA universitetində baş tutan tədbirdə universitetinin müəllim tələbə heyəti, BAMF əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADA-nın prorektoru Fariz İsmayılzadə bu ilin iyun ayında BAMF-ın təşkilatçılığı ilə ADA universiteti tələbə və müəllim heyətinin müharibədən zərərçəkmiş regionlara səfərinin əhəmiyyətini vurğulayıb. O, səfər çərçivəsində universitetin xarici müəllim və tələbə heyətinin Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Tərtər rayonunun Şıxarx və Həsənqaya kəndlərindəki infrastrukturla, güllələnmiş məzarlıqlarla, təmas xəttinə yaxın yerlərdə məskunlaşan insanların həyat tərzi ilə tanışlığını bu regionlarda sosial-humanitar fəaliyyətlərin gerçəkləşdirilməsi baxımından vacib olduğunu qeyd edib.



Çıxış edən BAMF prezidenti Umud Mirzəyev ADA ilə müharibədən zərərçəkmiş regionlara səfərin digər universitetlərin də bu kimi təşəbbüslərə qoşulması baxımından zəruriliyini bildirib. Umud Mirzəyev müharibədən zərəçəkmiş regionlarla tanış olan xarici müəllim və tələbə heyətinin müharibənin törətdiyi faciələr, dağıdılmış infrastruktur, güllələnmiş məzarlıqlara dair esselərinin, həyat hekayələrinin sosial şəbəkələrdə, internet mediada işıqlandırmasının vacib olduğunu qeyd edib. Daha sonra səfərlə bağlı BAMF tərəfindən hazırlanmış videomaterial ADA-nın müəllim və tələbə heyətinə nümayiş etdirilib.

BAMF-ın əməkdaşı Anastasiya Lavrinanın, müharibədən zərərçəkmiş ərazilərdə mövcud imkanlar və infrastruktur, sosial humanitar sahədə layihələrinin icrası və tərəfdaşlıq perspektivlərinə dair təqdimatı olub.

Çıxış üçün söz alan ADA universitetinin müəllim, tələbə heyəti və BAMF-ın əməkdaşları, müharibədənzərərçəkmiş regionlarda məskunlaşmış aztəminatlı insanlara yönəlik fəaliyyətlərin gerçəkləşdirilməsinə dair təkliflər səsləndiriblər. Sonda təmas xəttinə yaxın yerlərdə yerləşən kəndlərin su və kəhriz probleminin aradan qaldırılması üçün birgə xeyriyyə tədbirlərinin, müharibədən zərərçəkən bölgələrdə sosial biznesin inkişafına, təhsil və idmana dəstək proqramlarının gerçəkləşdirilməsi üçün “Qarabağ” layihəsinin başlanılmasına qərar verilib.


Diaspora