Mayın 5-də Azərbaycan Xalça Muzeyində “İstedadlı Əlillər” İctimai Birliyinin üzvü olan II və III qrup əlillərin əl işlərindən ibarət satış-sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Röya Tağıyeva çıxış edərək belə sərgilərə həmişə dəstək verməyə hazır olduqlarını söyləyib. Bildirib ki, bu sərginin keçirilməsində əsas məqsəd fiziki məhdudiyyətli insanlara həm maddi, həm də mənəvi dəstək olmaqdır.“İstedadlı Əlillər” İB-nin sədri Cavad Qasımov qurum haqqında məlumat verib. Bildirib ki, İB fəaliyyət göstərdiyi il yarım müddətdə müxtəlif səpkili tədbirlər təşkil edib. İndiyədək fiziki məhdudiyyətli şəxslərin əl işlərindən ibarət 20 satış-sərgi keçirilib. Musiqi sahəsində istedadı olan əlillər üçün də şərait yaradıldığını söyləyən sədr, birliyin iştirakı ilə dəfələrlə hərbi hissələrdə vətənpərvərlik mövzusunda bayram konsertləri və bir sıra silsilə tədbirlər təşkil olunuğunu vurğulayıb.
Sonra sərgiyə baxış olub. Satış-sərgidə 6-55 yaş arası əlil insanların 200-ə yaxın əl işi nümayiş etdirilir. Bunlar taxtadan oymalar, xovlu və xovsuz xalçalar, yağlı boya ilə işlənən sadə və rəngli rəsmlər, toxuculuq nümunələri, müxtəlif bəzək əşyaları və digər əl işlərindən ibarətdir.
Tədbirdə əl işlərinə görə fərqlənən əlillərə İctimai Birlik tərəfindən fəxri fərmanlar verilib.
Satış-sərgi iki gün davam edəcək.