Departament rəisi Türk dünyasının nüfuzlu elm ocağının fəxri professor adına layiq görülüb

Departament rəisi Türk dünyasının nüfuzlu elm ocağının fəxri professor adına layiq görülüb backend

Türk dünyasında və türk toplumlarının yaşadıqları ölkələrdə türk dilini, mədəniyyətini, tarixini və ədəbiyyatını öyrənmək, araşdırmaq və yaymaq məqsədilə yaradılmış və yarandığı ilk gündən indiyədək dünyanın 30-dan artıq ölkəsinin nüfuzlu universitetləri, tədqiqat institutları, akademiyaları, elmi mərkəzləri, fondları və digər qurumları ilə qarşılıqlı əlaqələr yaratmış beynəlxalq elmi təşkilat olan Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Rəyasət Heyətinin 29 sentyabr 2017-ci il tarixli Qərarı ilə SOCAR-ın Baş Ofisinin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri Professoru seçilmişdir.

Qaziler.az bildirir ki, Asif Bəkirli 1964-cü ildə Göyçay rayonunun Alıkənd kəndində neftçi ailəsində anadan olmuşdur. Bakı şəhər 220 nömrəli və Göyçay şəhər 9 nömrəli orta ümümtəhsil məktəblərində təhsil almışdır. 1981-ci ildən əmək fəaliyyətinə çilingər kimi başlamış, 1982-1984-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1984-1989-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakultəsində təhsil almış və oranı “inşaat mühəndisi” ixtisası üzrə bitirmişdir.
Ali təhsilini aldıqdan sonra 1989-cu ildən etibarən ölkənin ictimai-siyasi proseslərində fəal iştirak etməklə yanaşı, gənc mütəxəssis kimi neft sənayesində layihəçi-mühəndisdən başlayaraq ardıcıl olaraq, aparıcı mühəndis, qrup rəhbəri, baş mütəxəssis, şöbə rəisi, Əməyin mühafizəsi və keyfiyyətə nəzarət xidmətinin rəisi kimi çalışmışdır.
2005–2011–ci illərdə Təlim Tədris Sertifikatlaşdırma departamentinin direktoru işləmiş, 2011-ci ildən etibarən SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin rəisi kimi çalışır.
Avropa Keyfiyyət Təşkilatının (EQQ) ISO 9000 keyfiyyət, OHSAS 18001 Əməyin Mühafizəsi Təhlükəsizliyi, ISO 14000 Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Auditor sertifikatlarına malikdir. Bir sıra bədii və elmi kitabların məsləhətçisi, həmmüəllifi və müəllifidir. Bu kitablardan Azərbaycanda ilk dəfə çapdan çıxmış “ISO 9000/OHSAS 18001/ISO 14000 Beynəlxalq İdarəetmə Standartları”, “OHSAS/TS 18001:2008 Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi (son versiyanın izahlı şərhi)” və “Beynəlxalq İdarəetmə Sistemlərinin İnteqrasiyası və Auditi (sənədləşdirmə nümunələri)” eləcə də “İnsan resurslarının idarə edilməsi: nəzəriyyədən praktikaya”, “Düşündüklərim... Qənaətlərim... Praktikadan Nəzəriyyəyə” adlı kitabları misal göstərmək olar. Bundan başqa 2003-cü ildə çap olunmuş "Haqq səsiyəm" adlı şerlər kitabının da müəllifidir.
AMEA-nın İqtisadiyyat İnstitutunda Fəlsəfə doktoru üzrə “İdarəetmənin Keyfiyyətinin Yüksəldilməsi İstiqamətləri” mövzusunda elmi araşdırmalar aparır.
Azərbaycan KİVİHİ RH-nin qərarı ilə "Qızıl Qələm" media mükafatı laureatı, Azərbaycan Mətbuat Şurasının "Demokratik dövlət quruculuğundakı xidmətlərinə və kütləvi informasiya vasitələri ilə fəal əməkdaşlığına görə" diplomu ilə eləcə də "XXI əsrin tanınmış ziyalısı" beynəlxalq diplomu ilə və Neft və qaz sənayesinin inkişafındakı xüsusi xidmətlərinə görə "Fəxri Fərman" ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında” 2014-cü il 19 sentyabr tarixli 734 nömrəli Sərəncamı ilə Azərbaycan neftçilərinin peşə bayramı və “Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə ölkənin neft sənayesinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının neft sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə Asif Şahnəzər oğlu Bəkirliyə "Əməkdar mühəndis" fəxri adı verilmişdir.
Diaspora