Türkiyə Respublikasının İstanbul şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) 10-cu Avropa Regional İclasında iştirak edən Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbir çərçivəsində BƏT-in Baş direktoru Qay Rayderlə görüşüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a bildiriblər ki, S.Müslümov ilk növbədə Q.Rayderin tədbirin əsas müzakirə mövzusunu təşkil edən “Avropada və Mərkəzi Asiyada layiqli əməyin gələcəyi: imkanlar və çağırışlar” adlı hesabatındakı məsələlərin bütün ölkələr, o cümlədən Azərbaycan üçün aktual olduğunu bildirib. Nazir sosial inkişafın dəstəklənməsi və layiqli əmək konsepsiyasının reallaşdırılmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafına xidmət edən siyasətində də başlıca prioritetlər kimi mühüm yer tutduğunu vurğulayıb.“Ümumilikdə ölkəmizdə əmək münasibətləri, hər bir vətəndaşın layiqli iş yeri ilə təminatı, əmək bazarının iqtisadiyyatın tələblərinə uyğun inkişafının stimullaşdırılması, sosial dialoqun gücləndirilməsi, əməyin təhlükəsizliyinin təmini iqtiqamətində aparılan siyasət bütün parametrlərinə görə BƏT-in prinsip və yanaşmalarını özündə əks etdirir. Digər tərəfdən, bu sahədə aparılan işlərdə BƏT-lə əməkdaşlıq getdikcə genişlənir. Ötən ilin sentyabr ayında Azərbaycan Hökuməti ilə BƏT arasında növbəti dövr, yəni 2016-2020-ci illər üçün əməkdaşlıq prioritetlərinə dair Layiqli Əmək üzrə Ölkə Proqramının imzalanması, cari ilin iyun ayında isə Azərbaycanın BƏT-ə üzv olduğu 25 illik dövrdə ilk dəfə olaraq bu Təşkilatın Rəhbər Orqanına üzv seçilməsi əməkdaşlığın yeni inkişaf mərhələsinə daxil olduğunu göstərir”, deyə bildirən S.Müslümov Rəhbər Orqana seçkilərin obyektiv və ədalətli təşkilinə, BƏT-in siyasətinin hazırlanması prosesində ölkəmizin iştirak hüququna Təşkilat tərəfindən verilən dəstəyə görə Q.Rayderə təşəkkürünü ifadə edib.
Nazir Azərbaycanda ötən il yaradılan Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın uğurlu fəaliyyətindən bəhs edərək, BƏT tərəfindən ölkəmizin sosial tərəfdaşların tripartizm prinsipi əsasında fəal əməkdaşlığı sahəsində müsbət təcrübəsinin region ölkələri üçün tövsiyə olunmasından məmnunluğunu bildirib. S.Müslümov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 mart 2017-ci il tarixli Sərəncamı ilə ölkəmizdə yaradılan Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının ölkədə layiqli əməyin dəstəklənməsinə, bunun üçün qeyri-formal əmək münasibətlərinin aradan qaldırılmasına yönələn fəaliyyəti barədə məlumat verib, həmin Komissiyada da tripartizm prinsipinə uyğun olaraq, hökumətlə bərabər, işəgötürənlərin və işçilərin nümayəndələrinin təmsil olunduğunu qeyd edib: “Azərbaycanda həyata keçirilən kompleks antiböhran tədbirləri özəl sektorun iqtisadiyyatda genişlənməsi və qeyri-neft sektorunun dinamik inkişafı şəraitində eyni zamanda əmək resurslarının səmərəli məşğulluğunun reallaşdırılmasına yönəlib. Bu sahədə yeni istiqamət olaraq dövlət başçısının müvafiq Sərəncamı ilə ayrılmış dövlət vəsaiti hesabına həyata keçirilən özünüməşğulluq tədbirləri üzrə indiyədək artıq mindən çox insanın fərdi ailə təsərrüfatlarını qurmaları üçün mal və material formasında dəstəklənməsi təmin edilib. Yaxın günlərdə onların sayı 1400-ə yaxın olacaq. Qarşıdakı dövrdə isə işsizlikdən sığorta kapitalı hesabına kənd yerləri üzrə kiçik ailə biznesinin yaradılmasının fərdi qaydada dəstəklənməsi tədbirləri indikindən dəfələrlə geniş əhatəliliklə davam etdiriləcək. Bununla yanaşı, özünüməşğuluq proqramı çərçivəsində yaradılmış fərdi təsərüfatların genişləndirilməsinin və gələcək inkişafının, eyni zamanda kooperativ biznes layihəsi formasında özünüməşğulluğa yönələn qrup halında şəxslərin icma əsaslı təsərrüfatlarının formalaşdırılmasının dəstəklənməsi də gündəlikdə dayanan məsələlərdəndir”.
Ölkəmizdə özünüməşğulluq proqramının icrasında BƏT-in dəstəyini yükəsk dəyərləndirən S.Müslümov əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində Azərbaycanın uğurlu iş təcrübəsinin BƏT tərəfindən ən yaxşı nümunə kimi göstərilməsinin məmnunluq doğurduğunu, bunun görülən işlərin müsbət nəticəsinə obyektiv yanaşmanın ifadəsi olduğunu vurğulayıb. Görüş zamanı nazir BMT-nin 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyindən irəli gələn öhdəliklərin icrası, yoxsulluğa son qoyulması, sağlam həyat tərzinin, inklüziv və keyfiyyətli təhsilin, gender bərabərliyinin, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, səmərəli məşğulluq imkanlarının artırılması və s. sahələrdə ölkəmizdə aparılan işləri diqqətə çatdırıb. Nazir Dayanıqlı İnkişaf Məqsədlərinin 8-ci məqsədinin icrasına dair gələn il Azərbaycanda təşkil olunacaq beynəlxalq konfransda Q.Rayderin də iştirakının nəzərdə tutulduğunu bildirib.
Q.Rayder ilk növbədə ölkəmizin BƏT-in Rəhbər Orqanında təmsil olunmaq hüququ qazanmasına görə Azərbaycan Hökumətinə təbrikini ifadə edib. O, Azərbaycanın bu orqanda fəal iştirak edərək dünyada əmək və məşğulluq sahəsində mühüm məsələlərin həlli ilə bağlı Təşkilatın gördüyü işlərə öz töhfəsini verəcəyinə əminliyini bildirib. Q.Rayder vurğulayıb ki, ötən dövrdə Azərbaycanın BƏT prinsip və təşəbbüslərinə sadiqliyi, eləcə də sosial tərəfdaşlarla birgə BƏT-in “Əməyin gələcəyi” təşəbbüsünə dəstək verməsi, ümumən sosial inkişafın dəstəklənməsi və layiqli əmək konsepsiyasının reallaşdırılması yönündə ölkədə aparılan siyasət razılıq doğurur. Bu amil əməkdaşlığın daim genişləndirilməsi və BƏT tərəfindən müvafiq sahədə fəaliyyətlərin dəstəklənməsinin davam etdirilməsi üçün vacib əsas rolunu oynayır.
BƏT-in Baş direktoru respublikamızda sosial dialoqun gücləndirilməsi, 2016-2020-ci illər üçün əməkdaşlıq prioritetlərinə dair Layiqli Əmək üzrə Ölkə Proqramının icrası yönündə görülən işləri maraqla izlədiklərini, əhalinin özünüməşğulluğunun təmin edilməsi sahəsində ölkədə formalaşan müsbət iş təcrübəsinin gələcəkdə uğurla davam edəcəyinə ümidvar olduğunu bildirib. Q.Rayder gələn il ölkəmizə nəzərdə tutulan ilk səfərinə də toxunub, Azərbaycana səfərinin, o cümlədən paytaxt Bakını görməyin onun üçün maraqlı olacağını vurğulayıb.
Görüşdə Azərbaycanla BƏT arasında gələcək əməkdaşlıq məsələləri, Dayanıqlı İnkişaf Məqsədlərinin 8-ci məqsədinin icrasına dair 2018-ci ildə Azərbaycanda təşkil olunacaq beynəlxalq konfransla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində S.Müslümov BƏT-in İtaliyanın Turin şəhərindəki Beynəlxalq Təlim Mərkəzinin direktoru Yanqou Liu ilə görüşüb. Görüş zamanı BƏT-ə üzv ölkələrdə müvafiq sahələrdə çalışan əməkdaşların beynəlxalq əmək standartlarının tətbiqi ilə bağlı bilik və peşəkarlıq səviyyələrinin artırılması, onlara qabaqcıl dünya təcrübəsinin öyrədilməsi sahəsində Mərkəzdə görülən işlərdən bəhs olunub, Mərkəzlə gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.