Diaspor Jurnalistləri Birliyi “Azərbaycanın xaricdəki əcnəbi dostları" layihəsi çərçivəsində İndoneziyada oxuyan əcnəbi tələbələrin İlk Avropa Oyunları ilə bağlı fikirlərini təqdim edir. DJB-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onlar Azərbaycanda keçiriləcək Oyunlarda təkcə Avropanı deyil, bütün qitələri Bakıda görüşdürməyi təklif ediblər.
Serbiyadan olan Milica Vukovic Azərbaycanı sevdiyini deyir. O, ölkəsindən olan idmançıların Bakıda böyük uğurlara imza atacağını da düşünür: “Mən Serbiyadanam və bütün gənclər kimi mən də mühüm idman hadisələri yaxından izləyirəm. Avropanın idman həyatında bir yenilik olacaq bu yarışma haqqında çox eşitmişəm, maraqlanmışam.Təkcə bir məqamı deyim ki, Azərbaycan kimi ölkənin belə mötəbər və məsuliyyətli yarışa ev sahibliyi etməsinin özü maraqlı hadisədir. Çünki minlərlə idmançı və tursitləri qəbul edəcək bu Qafqaz ölkəsi əvvəllər belə miqyasda yarışa ev sahibliyi etməyib. Amma rəsmilərin bəyanatından sonra və bir çox videoroliklərə baxandan sonra əminliklə demək olar ki, ölkəniz yarışlara tam hazırdır. Ümid edirəm serbiyalı idmançılar Bakıda möhtəşəm atmosferin şahidi olacaqlar və bu yaxşı təşkilatçılıq onların uğur qazanmaları üçün əlavə stimul olacaq. Serbiya siyasi bağlara görə də Azərbaycanla yaxındır. İdman sahəsində də bu Oyunlardan sonra Azərbaycana ölkəmizin daha çox maraq göstərəcəyinə əminəm. Mən Azərbaycanın tolerant bir ölkə olması haqqında da oxumuşam. Sual olunur- belə müsbət məqamlara, iqtisadi gücə malik bir ölkə üçün Avropa Oyunlarını uğurla təşkil etməyə nə mane ola bilər? Əlbəttə heç nə. Sizin ölkə belə möhtəşəm yarışlar üçün çoxdan hazır idi. Bakıya salam deyirəm.
Bakı - Avropanın tarixinə Oyunları öz dəsti-xəttinlə yaz deyirəm! Əminəm ki, Şərq koloritləri ilə zəngin olan bir ölkədə bu Oyunlar fərqli şəkildə təşkil olunub tarixə yazılacaq. Azərbaycan gənclərinə sevgi və sayğılarımı çatdırın”.
Olimpiya Oyunlarını yüksək səviyyədə keçirmiş Çindən olan tələbə Nilasari Chang Azərbaycan haqqında məlumatlı olduğunu deyərək Avropa Oyunlarının da Olimpiya Oyunları səviyyəsində keçiriləcəyinə əmin olduğunu söyləyib: “Düzdür, Asiya ölkələri burada iştirak etməyəcək. Amma təəssüf edirəm ki, Çin bu yarışmada öz idmançılarını görə bilməyəcək.
Hazırlıq işlərini videoroliklərlə izləmişik. Hər şey möhtəşəm görünür. İndidən bizə maraqlıdır ki, açılışda hansı sürprizlər olacaq və ümumiyyətlə, bu Oyunlar zamanı nə kimi yeniliklərin, uğurların şahidi olacağıq? Ölkəm adına sizə uğurlar arzu edirəm və “Bakı - Avropanı təəccübləndir” deyirəm.
Zimbabvedən Lameck Maninji də “Bakı-2015” I Avropa Oyunlarının idman tarixində yeni səhifə açacağını deyir. Onun sözlərinə görə, hər bir qitədə baş verən belə mühüm idman hadisələrinin tapşırıldığı ölkələr təsadüfən seçilmir. Azərbaycanın inkişaf etmiş, sabit, güclü ölkə olması ona bu məsuliyyətli işi öz üzərinə götürməyə əsas verib: “Mən o qədər də yaxından tanımadığım bu ölkə haqqında bundan sonra yaxından maraqlanacağam. Azərbaycan artıq Avroviziya yarışması ilə hər kəsi təəccübləndirməyi bacardı və diqqətləri öz üzərinə çəkə bildi. I Avropa Oyunlarından sonra ölkənizə bir daha marağın artacağına və çoxlarının Azərbaycanla maraqlanacağına əminəm. Təsəvvür edin ki, Oyunlardan sonra ölkəniz haqqında minlərlə insan necə maraqlanıb bura səfər edəcək. Bakıya uğurlar deyirəm”.
Qeyd edək ki, tələbələrin fikirlərini DJB-yə İndoneziyada təhsil alan azərbaycanlı tələbə Elmar İskəndərov göndərib.